Gələn həftə həndbol üzrə 29-cu ölkə çempionatı başlayır

Noyabrın 12-də həndbol üzrə 29-cu Azərbaycan çempionatına start verilir. Allsport.az saytı xəbər verir ki, yarış paytaxtın “AHF arena”da keçiriləcək. Aprelin 30-dək davam edəcək çempionatda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda qüvvəsini sınayacaq.

“Dairəvi” sistem ilə keçirilən turnir 4 dövrədən ibarətdir. AHF tərəfindən təyin olunan hakimlər kollegiyasının idarə etdiyi yarışlarda yeni qaydalar tətbiq olunacaq. Əsasnaməyə uyğun olaraq, komandaya qələbəyə görə üç xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək. Qalib komanda iki, məğlub isə bir xal qazanacaq.

Çempionatda ilk üç yeri tutan həndbolçular nazirliyin diplomları və Azərbaycan Həndbol Federasiyasının medalları ilə təltif olunacaq. Həmçinin qaliblərə federasiya tərəfindən qiymətli hədiyyələr veriləcək. Kişilər arasında 28, qadınlar arasında isə 20 tur oynanılacaq.

Çempionat ölkəmizdə həndbolun populyarlaşması və inkişaf etdirilməsi, idman təşkilatlarında təlim–məşq işinin təkmilləşdirilməsi, məşqçilərin və mütəxəssislərin peşəkarlığının, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək ən güclü və perspektivli idmançıların aşkarlanması məqsədini daşıyır.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish