Göyçayda yeni güləş zalı

Bölgələrdə yeni güləş zallarının istifadəyə verilməsi intensiv hal alıb. Allsport.az saytı xəbər verir ki, bu idman növünün son illər populyarlıq qazandığı rayonlardan biri də Göyçaydır. Şəhərin yunan-Roma güləşi zalı istifadəyə verilib.

Açılış mərasimində Azərbaycan güləş federasiyasının (AGF) baş katibi Nəsimi Musayev, Göyçay UGİM-in direktoru Namət Şirinov, I-S dərəcəli hakim Asif Şirəliyev, I dərəcəli hakim Natiq Hacıyev, Mərkəzi Aran regional gənclər və idman idarəsinin nümayəndələri və başqa şəxslər iştirak edib.

Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən bu güləş mərkəzində əməkdar məşqçilər Namət Şirinovla Kamran Baxışov, həmçinin məşqçilər Əkbər Məmmədli və Cəlal Miriyevin rəhbərliyi altında 70 yeniyetmə və gənc yunan-Roma güləşi ilə məşğul olur. AGF tərəfindən avadanlıqlarla təmin edilmiş güləş zalında məşqlər ödənişsizdir.

Bölgələrdə güləş infrastrukturunun yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdiriləcək.

Həmin kateqoriyadan