VİDEO
Güləş federasiyasından 63 min manat pul olan seyfi oğurlayanlar tutuldu

Güləş federasiyasına məxsus idarədən oğurluq edən şəxslər saxlanılıblar. Allsport.az xəbər verir ki, dekabrın 1-də Nərimanov rayonunda yerləşən AGF-ə məxsus məkandan oğurluq edilib. Ofisə daxil olmuş naməlum şəxslər federasiyanın mühasibat otağından içərisində 63 min manat pul olan dəmir seyfi oğurlayıblar. Hadisə ilə bağlı polisə məlumat daxil olan kimi araşdırmalara başlanılıb.

Bakı şəhər baş polis idarəsi, Nərimanov rayon polis idarəsi və 18-ci polis şöbəsinin əməkdaşlarının birgə həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən şəxslər – paytaxt sakini Kamran Mütəllimov, Vüqar Əsgərov və Salyan rayon sakini İmran Zeynalov qısa zamandan müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, şübhəlilərdən biri Kamran Mütəllimov əvvəllər həmin federasiyada işlədiyindən seyfin haradan saxlanıldığı barədə məlumatlı olub. O, işdən çıxandan sonra bu barədə tanışları Vüqar Əsgərov və İmran Zeynalova məlumat verib və birlikdə həmin seyfi oğurlamaq qərarına gəliblər.

Qeyd edək ki, hadisə vaxtı onlar İmran Zeynalova məxsus avtomobillə ofisin yaxınlığına gəliblər və seyfi oğurlayandan sonra, sındıraraq pulu aralarında bölüblər. Saxlanılan zaman dəstə üzvlərindən oğurladıqları pulun bir hissəsi aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Nərimanov rayon polis idarəsində cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish