Güləşçilər dünya çempionatına paytaxtda hazırlaşır

Güləş üzrə seçmə komandalar sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda dünya çempionatına hazırlaşır. Allsport.az saytı xəbər verir ki, “sərbəstlər” avqustun 21-dən təlim-məşqə start verib.

Əsasən taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesində Çin, Estoniya, Gürcüstan, İsveçrə, İtaliya və Albaniya yığma komandaları da iştirak edir. Qarşıdakı günlərdə isə Fransa millisi bu toplanışa qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında olimpiya güləş mərkəzində keçirilən məşqlər sentyabrın 11-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə millimiz bu gündən təlim-məşq toplanışına start verilib. Çinin müvafiq komandasıyla birgə baş tutan hazırlıq prosesi sentyabrın 7-də yekunlaşacaq. Bu yığmamız da baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi altında DÇ-yə eyni bazada hazırlaşır.

Qadınlardan ibarət millimiz bu gün paytaxtda son məşqini keçib. Belə ki, komandamız mundiala daha yaxşı hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. İstanbulun Sarıyer bölgəsində yerli komandayla birgə təşkil olunacaq təlim-məşq toplanışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi ilə Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) iştirak edəcək. 29 avqustda start götürəcək TMT sentyabrın 10-dək davam edəcək. Komandamız Belqrada İstanbuldan yollanacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish