- Baxış sayı: 41
- 09 Oktyabr 2024 11:59
- Baxış sayı: 81
- Oktyabr 10, 2024
- 0
Azərbaycan güləşi son 10 ildə demək olar, yeni dirçəliş, yaranış dövrünü yaşayır. Böyük uğurlar qanadında pəhləvanlarımız idman tarixində qələbələri təzələyirlər. Milli komandalarımızın iştirak etdiyi bütün mötəbər yarışlarda yeni səhifələrin açılmasında, sözsüz, klub və cəmiyyətlərdə çalışan məşqçilərin əməyi əvəzlunmazdır. Bahadırlar yurdu Azərbaycanda həmişə boy-buxunlu yeniyetmələr olub. Amma iş bununla bitmir. Onlara güləşin incəliklərini öyrədən müəllimlərə ehtiyacı var. Dədə-babadan el şənliklərində hər hansı yekəpər qurşaq tutub məharətini göstərməyəndə, fiziki gücünü yalnız təsərufatda sərf edəndə, yerli sakinlər qınayaraq «Taqsır özündə olub, gərək gedəydi güləşin dalınca» deyirlər. Qəribədir ki, indinin özündə də güləş barədə belə düşününlər az deyil: bir halda ki, cüssəlidir, əzələlidir, Allah qeyri-adi güc-qüvvət verib – niyə də pəhləvanlıq dalınca getməsin? Bunlar idmanın bu növü üçün həqiqətən ilkin şərtdir, əlverişli zəmindir. Lakin yeganə, bəlkə heç həlledici də şərt deyil. Ölkədə keçirilən yarışları gözünüz önünə gətirin: cüssə, boy-buxun, əzələ sarıdan rəqibindən çox-çox gözəgəlimli görünən neçə güləşçi «cılız» rəqibi qarşısında aciz qalır; halbuki çoxları məhz onların, özü də qısa vaxtda, təmiz qələbə çalacağını şübhə etmirdi. Elə digər respublika, qitə və dünya miqyaslı yarışlarda da belə nümunələr kifayət qədər olur. Bəs nəyə görə?
Ona görə ki, güləş (və digər fərdi döyüş) növündə sırf fiziki göstəricilərlə bərabər maraq, həvəs, təhsil, təlim-məşq, fərdi psixoloji hazırlıq səviyyəsi və durumu, hətta məlum andakı ovqat kimi amillər də mühüm və bir çox halda, həlledici rol oynayır. Özəlliklə, ümumi və peşə yönümlü savad və bilgiləri, keçilən məşq və təlimləri, iradi və psixoloji səviyyəsini burada heç nə əvəz edə bilməz. Bunlar güləşçidən, idmançıdan da artıq, məşqçi üçün vacibdir. Ölkə, dünya güləşi, məşhur yaradıcı idmançıların tətbiq etdikləri yeni və qədim fəndləri barədə geniş biliyi olmayan məşqçi öz yetirmələrinə əməli faydalı nə öyrədə və güləşçi də bunlarsız nə öyrənə və necə məşhur idmançı ola bilər ki? Deməli, məsələnin qeyd etdiyim şərtlərindlən əlavə, yaş tərəfi də var. Bizim dövrümüzdə bu cəhət daha önəmlidir. Ona görə məktəb də, ailə də uşağın mümkün qədər erkən bədən tərbiyəsi və idmana cəlb edilməsinə çalışmalıdır.
İnsaf naminə deyək ki, sovet rejimi bu baxımdan çox iş görmüş, çox şeyə nail olmuşdu. Uşağın məktəb həyatıının lap ilk günündən tədris edilən bədən tərbiyəsi dərsləri, sinifdən və məktəbdənkənar idman məşğələləri, hələ bunlardan da qabaq – uşaq tərbiyə müəssələrində belə məşğələlərə geniş, icbari yer verilməsi – Sovet idmanının dünya arenalarındakı möhtəşəm zəfərlərinin ilkin, çox vacib zəmini idi. Bununla bərabər, ibtidai və orta məktəblərdə belə dərs və məşğələlərə bir çox halda ikinci-üçüncü və kim bilir, daha neçənci dərəcəli yer və əhəmiyyət verilməsi nə qədər potensial idmançıların, o cümlədən, adlı-sanlı pəhləvanlarımızın gerçək imkanları üstündən xətt çəkmişdi. Şükürlər ki, yüzillər boyu arzusunda-həsrətində olduğumuz milli istiqlalımız dövründə, xüsusən də son onillilkdə sözü gedən vəziyyət və münasibətin kökündən dəyişməsi yönündə böyük işlər görülmüş, köklü addımlar atılmışdı. Başqa cür, bu gün dünyanın ən qabaqcıl güləş və idman ölkələrindən biri kimi tanınan nisbətən kiçik Azərbaycan kimi məmləkət belə qısa vaxtda bu qədər böyük irəliləyişə necə nail ola bilərdi! Axı, hələ 15-20 il əvvəlki məlum vəziyyəti demirik, sovetlərin meydan suladığı 80-ci illərdə belə, bugünkü uğurlarımız kimin ağlına gələrdi? Bu haqda kifayət qədər deyilib-yazıldığından, mən o barədə təfsilata varmayacağam.
Azərbaycanda güləş təkmil-toplum halında öz təşəkkülünü 2-ci dünya müharibəsindən sonra tapıb. «QosTurud» idman klubunun təşəbbüskarlarından və orada məşğələlərin iştirakçılarından olan əməkdar idman ustası Rza Baxşəliyev Azərbaycanda güləşin banilərindən sayılır.
1950-ci illərin əvvəllərində respublikamızda güləşin müxtəlif növləri inkişafda idi. İndiyə kimi «Beşmərtəbə» adı ilə məşhur olan ərazidə güləşə maraq daha böyükdü. Kriminogen baxımdan mürəkkəb sayılan bu ərazidə o vaxt Azərbaycan güləş məktəbinin banisi Rza Baxşəliyevin atalıq və müəllimlik qayğısı nəticəsində Rəşid Məmmədbəyov, Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, Sabir Hüseynov, Miri Vahabov (Miri müəllim sonradan idman gimnastikasını seçib və bu sahədə böyük uğurlar qazanıb) kimi xalça ustaları yetişib. Neçə-neçə gənc cinayət aləminin pəncəsindən məhz Rza müəllimin onları idmana cəlb etməsi qayəsində qurtulub.
SSRİ dönəmində Daxili İşlər Nazirliyində «Dinamo», Müdafiə Nazirliyinin nəzdində MOİK, «Temp», «Lokomotiv», Güləş İdman Məktəbi və Mərkəzi Bədən Tərbiyəsi Evi bu sahənin inkişafına böyük tövhə verib. «Neftçi», «Zenit», «Spartak», «Məhsul» klub-cəmiyyətləri, o cümlədən, Respublika İdman (indiki Gənclər və İdman Nazirliyi) və Təhsil Komitələrində (Təhsil Nazirliyi) fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbləri də adlı-sanlı pəhləvanlarımızın yetişməsində rol oynayıblar.
Həmin dövrün bir müsbət məqamı da klub və cəmiyyətlərin daxili, sonra öz arasında keçirilən yarışları idi. Bu sınaqda fərqlənən idmançılar milli komandaların məşqçilərini diqqətini çəkir və onlar yığmaya dəvət alırdılar. İstedadlı güləşçilərə xüsusi müəllimlər ayrılırdı, həmin öyrədənlər şəxsi məşqçi sayılırdı. Əvvəlki layihə yazılarımda bahadırlarımızın həm sovet, həm də müstəqililk dönəmində uğurlarından geniş bəhs etdiyimdən, buna təkrar qayıtmaq istəmirəm, əsas diqqəti tədris ocaqlarına yönəldirəm.
SSRİ dağıldından sonra, yuxarıda adlarını çəkdiyim əksər klublar ya bağlandı, ya da keçmiş qüdrətini itirdilər və zaman-zaman yeniləri meydana gəldi. Hazırda paytaxtda 11 sırf güləşçi klubu iş başındadır: «Cəngi», «Həyat», «Xəzri», «Bakı», «Hövsan», «Müşfiqabad», «Nardaran», «Pirallahı», «Xosrov Cəfərov», «Qaradağ», «Azəri». Bu klublar əsasən aşağı yaş qruplarında güləşçi yetişdirməklə məşğuldurlar. Məlumat üçün bildirim ki, adlarını qeyd etdiyim klublarda məşğələlər tam pulsuz keçirilir, orada çalışan mütəxəssislər AGF-dən maaş alırlar. Federasiya icarədə və idman avadanlıqlarının alınmasında da yardım edir. Bundan savayı, «Cavanşir», «Olimp», «Sərhədçi» və «Atasport» da Bakıda faydalı iş əmsallığı var. Adını son çəkdiyim klubda əsasən legionçular cəmlənib.
Gənclər və idman naziri Azad Rəhimovun tapşırığına görə, regionlarda fəaliyyət göstərən olimpiya idman komplekslərində olimpiya idman növləri pulsuz öyrədilir. Bu da kütləviliyə təkan verir.
«Neftçi İdman Klubu» İctimai Birliyi, «Gömrükçü» və Respublika Olimpiya İdman Liseyinin rayon bölmələrində uşaq, yeniyetmə və gənclərimiz güləşin sirlərinə yiyələnirlər. Milli komandanın bazası paytaxtda yerləşir. Otüstü hokkey üzrə yığmanın meydançası ilə qonşu olan Olimpiya Güləş Mərkəzində mükəmməl şərait yaradılıb. Orada hər 3 növ üzrə geniş təlim-məşq guşəsi var: döşəklər 4-6-4 dəst paylanıb. Trenajor zalı ayrı böyük otaqdadır. Bərpa, tibb və digər lazımi məntəqələr də bu bazada yerləşir. Yeniyetmə və gənclər üzrə milli komandalar isə Tofiq Bəhramov adına Respublika stadionunun güləş zalında toplaşırlar.
Bütün bunlarla bərabər, gəlin etiraf edək, idman və təhsil sahəsində, xüsusən sonuncuda hələ həllini gözləyən yetərincə problem və əngəllər qalmaqdadır. Bunların aradan qaldırılması üçün məktəblərdə, təhsil sistemində bədən tərbiyəsi və idmanın tədrisi-təlimi sahəsində əsaslı islahatlar getməli, orta təhsil bədən tərbiyəsi müəllimlərinin hazırlanmasında çox iş görülməlidir. Təhsilin idman, o cümlədən güləş üçün əhəmiyyəti barədə çox danışmaq olar. Hər şeydən əvvəl, yuxarıda qeyd etdiyimiz kimi, geniş bilgi və dünyagörünüşünə malik, Azərbaycan, qitə və dünya güləş tarixini yaxşı mənimsəyən müəllim və məşqçilərə, həmçinin hakimlərə ehtiyac böyükdür. Uzağa getməyək, Mariya Stadnikin axırıncı olimpiya oyunlarında, Avropa və dünya çempionatlarında qazandığı uğurlar, xeyli dərəcədə, onun məhz qədim Azərbaycan və Şərq güləş fəndlərini uğurla mənimsəməsi hesabınadır. Deməli, bu cəhətə də diqqət artırılmalıdır.
Lakin bütün bunlar ciddi problemlər sayılsa da, onu da unutmayaq ki, Azərbaycan güləşi son on ildə demək olar, yeni dirçəliş, yaranış dövrünü yaşayır. Özlüyündə aydındır ki, belə çatışmazlıqlar hələlik, bir növ, təbiidir. Ümid edək, yaxın perspektiv bunların aradan qaldırılması dövrü olacaq və hər 3 növdə müxtəlif yaş qrupları üzrə yığma komandalarda yerli bahadırlar çoxluq təşkil edəcək.
Kamran HACI
“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”