MÜSABİQƏ
Gümüşü qızıla çevrilən bahadır və ya özünü təsdiq edən yeganə bayraqdar!

Rəvayətlər, yoxsa həqiqətlər?

Olimpiya hərəkatının şah əsəri, onun zirvəsi və xidmət etdiyi əsas amalların təzahürü olimpiya oyunlarıdır. Əzəmət və möhtəşəmliyinə görə dünyanın 7 möcüzəsindən bu günə gəlib çatmış yeganə nümunəsi – Misir ehramları ilə həyatda çətin ki, nəyisə müqayisə etmək olsun. Amma onlar, sadəcə, tarixin quru daş yaddaşı, yadigarıdır. Dövrün ab-havasını, onun hərəkət və inkişaf xəttini bütün çalarları, cizgiləri, rəngləri ilə bizə çatdıra biləcək canlı hadisələrdən söz düşərsə, yəqin ki, olimpiya oyunları ilə çətin nəyisə müqayisə etmək olsun. Sevindiricidir ki, Odlar yurdunun ümumbəşəri mahiyyəti ilə mütərəqqi düşüncə tərzinin, təfəkkürünün, eləcə də milli-mədəni, sosial-ictimai baxışları birləşdirən olimpizm ideallarında öz yeri və dəsti-xətti var. «Odlar» və «Olimp» sözündə də sanki doğmalıq, bağlılıq var. Homerin rəvayətlərində tanrılar Prometeyi (Zevsin əmisi oğlu) uzaq Qaf dağının zirvəsində zəncirləmişdilər. Niyə məhz orda? Bəlkə, ellinlərin söylədikləri və ya uydurduqları Olimp elə Qafqaz sıra dağlarının özüdür? Bu iddia ilə məşhur türkçü yazıçı Lev Qumilyovun azərbaycanlı tələbəsi də çıxış edib. Üstəlik, skif çarı insanlara odu gətirib. Niyə məhz od? Bu nemətin «İliada»da axey, argiv, danay və ya sonradan bura gəlmiş dorilərlə (indiki yunanlar) heç bir əlaqəsi yoxdur. «Od Allahı» Zevs türk əsatirlərində Qorun özüdür. Sovetlərdə Herakl və ya Koroğlu bildiyimiz, əlində Qoroğludur – Qor və Qeranın (Hera) oğludur. Odla bağlı bütün mövzular birbaşa və ya dolayısı məhz indiki Azərbaycanla bağlıdır. Üstəlik, o dönəmdə dəbdə olan qız qaçırılması səbəbi ilə, kimmerlərin arxasınca 30 min subay skif Dəryoldan (indiki Borçalı mahalı) keçib indiki Azərbaycana daxil olaraq 28 il burda ağalıq ediblər. Onların başçısı Alp Ərtonqa (Firdovsinin «Şahnamə»sində Əfrasiyab) eradan əvvəl 624-cü ildə 1000 oğuz bəyi ilə Midiya çarı tərəfindən zəhərlənib öldürülənədək Qafqazda hökmranlıq edib. Qədim dilləri oxumağı bilən, araşdırmaşı türkçü alim Firudin Cəlilov fakrlarla öz kitabında sübut edib ki, qədim türklər Altaya Odlar diyarından yollanıb. Oğuz elinin ağsaqqalı Dədə Qorqudun (ilk hecaya vurğu ilə) adında da hikmət – böyüklük var. Kor yunan şairin Troyada baş verən məhəllə davasında az qala 2 tərəfdən bütün döyüşçülərin adlarını çəkən hərb səhnələrini şişirtməsi də bir gerçəkdir…

Biz ikinci yoldayıq

Məşhur ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir. Azərbaycan güləşi bu yolun öncüldürür: cahanın hər yerində, hər bir idman meydanında dövlət himnimiz səslənir, milli bayrağımız qaldırılır. Güləş – həm də bu günün nəzər-nöqtəsindən sadəcə bir idman növü deyil, tarixi ən qədim dövrlərə gedib çıxan bu ərlik rəmzi, əslində, köklü ictimai-sosial hadisədir. Başqa sözlə, Helsinki-1952-dən qatıldığımız «dördilliklər»də qazanılan uğurlar qanunauyğunluqdur. Maraqlıdır ki, ilk müjdə elə bahadırlarımızdan gəlib – Rəşid Məmmədbəyov bizə bağı olan Skandinaviyada – vikinqlərin və normanların diyarında – öz sözünü deyib; tanınmış norveçli səyyah, etnoqraf və alim-antropoloq Tur Heyerdal əsdadlırının məhz Azərbaycanlılar olduğu, indiki torpaqlara eramızdan çox-çox öncə Qobustandan qamış və qarğıdan, taxtadan düzəldilmiş kiçik qayıqlarla yollandığını dünyaya əsaslı dəlillərlə sübut edib. Norveç və İslandiya muzeylərində saxlanan tarixi sənədlər Skandinaviya kral ailələrinin əcdadının Azər-Odinin (od – ilk hecaya vurğu ilə) olması və bir vaxtlar Qafqaz ölkəsindən gəldiyini göstərir.

Yeganə bayraqdar

Çağdaş Azərbaycanda güləşçilərimizin uğurları, tək tarixdə yeni səhifələr açılması baxımından əhəmiyyətli hadisə deyil. Bütün idman növlərində olduğu kimi böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı – olimpiya oyunları var. Müasir dönəmdə mənim qəhrəmanım Namiq Abdullayevdir. Ona görə yox ki, qazandığı mükafatların əyarı və çəkisində hələ də öndədir. İnsafən, onda idmana olan hədsiz sevgi Azərbaycan üçün nadir xususiyyətdir. Maraqlıdır ki, Sidney olimpiadasında açılış mərasimində millinin kapitanı olaraq qazandığı zəfərə sonradan nəinki təkarlayan və ya yaxınlaşan olub, əksər halda bu, fiasko ilə nəticələnib. Sanki Olimp allahları digər bayraqdarlarımızı ya Heraklın zəhərlənməsində, ya da Troya müsibətində Göytarın (Homerin «İliada»sında Hektor) ölümündə günahkar bilərək lənətləyiblər.
Sidneydə komandamız ikiqat məsuliyyət daşıyırdı. 1997-ci ildə milli olimpiya komitəsində keçirilmiş seçkidə İlham Əliyev prezident seçilmişdi. Tez bir zamanda aparılan islahatlar – tikilməyə başlayan idman qurğuları, federasiya rəhbərliyində dəyişikliklər, maddi-texniki bazanın yaxşılaşdırılması, ölkədən gedən idmançıların və mütəxəssislərin geri qaytarılması olimpiya hərəkatına vüsət vermişdi. Uzaq Avstraliyada qazanılacaq hər zəfər buna əlavə təkan verəcəkdi.

Sidneylə başlayan «qızıl era»

Səfərə nümayəndə heyətimiz sentyabrın 2-də çıxdı. İzdihamlı kütlə onları yola salmağa gəlmişdi. Qafqaz müsəlmanları ruhani idarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə idmançılarımıza xeyir-duasını verib, müqəddəs Quran kitabını komandanın kapitanı Namiq Abdullayevə təqdim etdi.
Atlantada müstəqil dövlətimizin ilk olimpiya medalını qazanmış bayraqdara ümidlər xüsusi idi. Ümumən, onun güləş üslubunda şirinlik, doğmalıq var. Namiq cəsarətli qərarlar verməkdən çəkinmədiyi kimi, güləşin fənd sarıdan kasadlaşdığı bir dövrdə ən gözlənilməz fəndləri uğurla yerinə yetirirdi. Bəlkə elə bu qətiyyətidir ki, hələ 1996-cı il oyunlarından Vətənə döndüyü vaxt ümummilli lider Heydər Əliyevin onun gümüşünü qızıla bərabər saymasını özünə şərəf bilib, qarşısına ən uca zirvəni fəth etmək məqsədi qoymağa şərait yaratdı.

Yolasalma mərasimində o, Azərbaycana qızılla dönəcəyinə söz vermişdi. Buna kim inanmırdı ki?! O, «sər-bəstlər»in 54 kq-da qrupda hər 2 rəqibi məğlub etdi. Yarımfinadla yunanıstanlı Əmiran Karntanov da onunla bacarmadı. Əslində, o, ötən səfər olimpiya zirvəsinə yetişməliydi. Lakin bolqarıstanlı İordanovla görüşündə hakim səhvləri onu daha 4 il gözləməyə məcbur etmişdi.
Budur, final! ABŞ pəhləvanı Səmüel Henson həm gənc, həm də çevik idi. Üstəlik, 1998-ci il dünya çempionatında Namiqə qalib gəlmişdi. Bu dəfə isə güləşimizin öz üstünlükləri vardı. Zala toplaşanların əksəriyyəti, təbii ki, amerikalını dəstəkləyirdi. Amma Namiq onları tezliklə susdurdu. 3000-dən artıq fəndin unudulduğu, güləşin standart fiziki və güc növünə çevrildiyi vaxtda Namiq onu sevdirən «şah əsəri» «xaç» fəndini işlətdi. 3 xal – final üçün əla başlanğıcdır! Ancaq Henson da bu həddə təsadüfən gəlib çıxmadığını sübut edərək hesabı bərabərləşdirdi. Hərçənd buna o, xeyli güc-qüvvə və vaxt sərf etdi.
Vəziyyət, əlbəttə, ürək çırpıntısını şiddətləndirən həddə gəlib çatmışdı. Bax, bu an əsl çempionun taktiki məharətini də gördük. Namiq müdafiə olunmaq ustalığı, rəqibə yanaşmaq üçün aman verməməsi, onu çarəsizlik tələskənliyinə salmamaqla istəyinə yetişdi. Onun çin olmuş arzusu Sidneydə 2-ci dəfə möhtəşəm himnimizi səsləndirdi.

Sətirlərə sığmayan çempion

Namiq Abdullayevlə ilk tanışlığım 2002-ci ildə, məşqlərin birində oldu. Ona qədər güləş üzrə ölkə çempionatında rastlaşmışdıq – o, artıq qəhrəman, daim diqqət mərkəzindəydi. Birdən gözüm Namiqə sataşdı. Onda çox gənc və mətbuatda yeniydim. Dərhal tanımadım, amma üzü tanış gəlirdi. Sonradan xatırladım ki, həmin olimpiya çempionumuzdur. Gözü məndəydi. Məni kimə oxşatdığını o dəqiqə anladım. Onunla yaxşı munasibət qurmuşdum. Heç vaxt müsahibəyə imtina etmirdi. Hərçənd onun çətin xasiyyətli olduğunu çoxu bilir. Afina-2004-də səssizlikdən sonra Namiqin idmandan gedişini anlayanlar yanıldılar. Geridönüşdə artıq 35 yaşı vardı.

2006-cı ildə Moskvadakı Avropa çempionatında finala çıxdı, Quanjouda dünyanın ən güclülərinin yarışında Sidneydə yendiyi Hensonla fəxri kürsüdə yanaşı dayandı. Pekin olimpiadasına da yollanmaq istəyirdi. Onacan qızıl medallarını dəst etmək üçün Bakıda (2007) gözəl fürsət yaransa da, dünya çempionatının başlamasına günlər qalmış məşqlərdə sol əlini ciddi zədələdi. Düzdür, qardaşı Arifin 2003-cü ildə ABŞ-da eyni yarışda baş mükafata yetişməsini elə öz uğuru hesab etsə də, təbii, sırf özünkü ayrı ovqatdır. Pekin-2008-ə son fürsəti qazanmaq üçün o, paytaxtda keçirilən ənənəvi FİLA Qızıl qran-prisinin final mərhələsinin həlledici görüşündə Namiq Sevdimova hər 2 hissədə püşkdə uduzdu. Bunu az adam bilir, amma könlündən London-2012-yə də yollanmaq da keçirdi. İstəyi bir şeydi: desinlər, yer sənindir, o da öz proqramı ilə rahat hazırlaşsın.
Güləş federasiyasında birgə çalışdığımız dönəmdə yol yoldaşı da olduq. İnsanı səfərdə tanıyarlar. Aran və cənub bölgəsinə baxışda 4 gün bir otaqda qaldıq. Çox söhbət edib dərdləşdik. Qayıdanda Bilsuvarda məsciddə namaz qıldı. Onda mən hələ ibadətə başlamasam da, Namiq çoxdan hidayət yolunu tutmuşdu. Olimpizmdən və onun barəsində çox yaza bilərəm, amma müsabiqənin şərtləri buna imkan vermir. Halbuki ermızdan əvvəl 776-cı ilə gedib çıxan olimpiya oyunları, eləcə də 20 il Azərbaycan güləşini təkbaşına çiyinlərində daşımış birisi 8000 işarəyə sığmaz.

Kamran HACI

“Olimpiya oyunları – uğur hekayələri” mövzusunda yazı
Milli olimpiya komitəsinin keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Həmin kateqoriyadan