- Baxış sayı: 60
- 04 Dekabr 2024 14:10
- Baxış sayı: 93
- Dekabr 05, 2024
- 0
Bədən tərbiyəsi və idman akademiyasında idman jurnalistikası üzrə magistr proqramının ilk tələbələri dissertasiya işlərini və media layihələrini (sənədli filmlərini) müdafiəyə təqdim ediblər. Allsport.az saytı xəbər verir ki, idman jurnalistikası magistr proqramı nəinki Azərbaycanda, ümumiyyətlə, Qafqazda ilk dəfə tədris olunur. Proqramın yaradılmasında məqsəd bu sahədə beynəlxalq səviyyədə rəqabətədavamlı kadrların yetişdirilməsidir. Proqramın rəhbəri media sahəsində tanınmış beynəlxalq ekspert Den Meysondur. O, Britaniya konsulluğu, İREX, “Tomson” fondu və digər beynəlxalq təşkilatların müxtəlif media layihələrinə rəhbərlik edib. Proqrama ilk qəbul 2017-ci ildə aparılıb. 6 gənc ingilis dilli proqrama qəbul edilib.
Bu ixtisasa qəbul olan tələbələr müasir teleradio avadanlığı ilə tam təchiz edilmiş multimedia mərkəzində yerli və xarici mütəxəssislər tərəfindən keçilən modullar çərçivəsində PR, audio və video, onlayn media sahəsində peşəkar bacarıqlara yiyələnib, beynəlxalq idman yarışlarına, nüfuzlu tədbirlərə media təmsilçisi qismində qatılmaq imkanı qazanıblar. Belə ki, idman jurnalistikası magistr proqramının tələbələri dəfələrlə onlayn radio və televiziya vasitəsilə canlı yayım edib, yüksək nailiyyətli idmançılar, görkəmli məşqçilər, könüllü və tələbələrdən müsahibələr alıblar.
Təhsil aldıqları iki il ərzində magistrantlar Böyük Britaniyaya səfər edib və iki həftə ərzində BBC televiziyasında təcrübə qazanıblar. Onlar əsas təlim modullardan birini Şeffild Hallam Universitetində keçiblər. Eyni zamanda, magistrantlar bir neçə beynəlxalq tədbirin, o cümlədən Bakıda keçirilən paracüdo üzrə Qran-Pri turnirinin təşkilinə və keçirilməsinə media dəstəyi göstəriblər.
ADBTİA-nın idman jurnalistikası magistr proqramının ilk məzunları artıq bir sıra yerli teleradio şirkətləri, eləcə də “Associated Press”, BBC, Əl Cəzirə və s. nüfuzlu xarici media qurumları ilə əməkdaşlığa başlayıblar. Onların bu fəaliyyətləri Azərbaycanda keçirilən mötəbər idman tədbirlərinin daha geniş işıqlandırılmasında, respublikamızın beynəlxalq arenada idman ölkəsi kimi tanıdılmasında mühüm rol oynayacaq.
İdman jurnalistikası magistr proqramı çərçivəsində atılan addımlar prezidenti İlham Əliyevin ötən il noyabrın 16-da imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması” üzrə dövlət proqramı çərçivəsində qarşıya qoyulmuş hədəflərə və dövlətin yeni akademik potensialının formalaşdırılmasına xidmət edir.