İdmançılara “Athlete 365” platforması barədə məlumatlar verildi

Azərbaycan milli olimpiya komitəsinin (MOK) atletlər komissiyasının loqosu təqdim olunub. Allsport.az xəbər verir ki, tədbirdə əvvəlcə komissiyanın sədri cüdoçu Rüstəm Orucov çıxış edib. O, komissiyanın əhəmiyyətindən danışıb, atletlər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi, mövcud problemlərin həlli istiqamətində görüləcək işlər barədə məlumat verib.

Sonra komissiyanın loqosu təqdim olunub. Komissiyanın üzvü taekvondoçu Fəridə Əzizova loqonun olimpiya halqaları ilə idman növlərinin vəhdətindən təşkil olunduğunu deyib. Bildirib ki, loqo dostluğu, birliyi və bərabərliyi ehtiva edir. Loqoda, həmçinin idmançıların həmrəyliyi, ümumbəşəri dəyərlərə sadiqlik və olimpiya ruhu əksini tapıb.

Sonra iştirakçılara “Athlete 365” beynəlxalq platforması barədə məlumat verilib. Komissiyanın üzvü atlet Nazim Babayev platformanın üstünlükləri barədə danışaraq deyib: “Beynəlxalq olimpiya komitəsinin dəstəklədiyi platformadan idmançılarla yanaşı, karyerasını bitirmiş atletlər də istifadə edə bilərlər. İstifadəçilər platformada yer alan treninqlər, beynəlxalq təhsil proqramları və maraqlı məlumatlardan yararlana bilərlər”.

Azərbaycan milli antidopinq agentliyinin (AMADA) təhsil şöbəsinin rəhbəri Lalə Hacıyeva antidopinq qayda pozuntuları, test proseduru, qadağan olunmuş maddə və üsullar barədə məruzə ilə çıxış edib.

Sonda olimpiya çempionu, Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasının prorektoru Fərid Mansurov uğurlu karyerası barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish