İHİF-in azərbaycanlı komitə rəhbəri BMT-nin səfiri ilə qadınların idmanda fəaliyyətini müzakirə edib

Xəbər verdiyimiz kimi, İslam həmrəyliyi idman federasiyasının qadın və idman komitəsinin rəhbəri, həmçinin qurumun icraiyyə komitəsinin üzvü Könül Nurullayeva, Səudiyyə Ərəbistanı krallığının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysalın dəvəti ilə Səudiyyə oyunlarında iştirak etmək üçün bu ölkəyə səfər edib. Allsport.az saytının məlumatına görə, o, olimpiya ailəsinin üzvləri ilə birgə tədbirin başlanması ilə əlaqədar ziyafətə qatılıb.

Toplantıda həmyerlimiz BOK-un sabiq vitse-prezidenti, BMT-nin minillik inkişaf məqsədləri üzrə xoşməramlı səfiri və Mərakeşin keçmiş gənclər və idman naziri Naval əl-Mötəvəkil ilə görüşərək, qadınların idmana daha fəal şəkildə cəlb olunması, o cümlədən onların idman sahəsində üzləşdikləri problemlərin həlli yollarının araşdırılması və bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıb.

Sonra o, 1-ci Səudiyyə oyunlarının təntənəli açılış mərasimində iştirak edib. Mərasimdə BOK-un üzvləri, beynəlxalq idman federasiyalarının rəhbərləri, milli olimpiya komitələrinin prezidentləri, olimpiya çempionları və dünya idman ictimaiyyətinin bir çox tanınmış simaları iştirak ediblər.

Könül Nurullayeva, həmçinin Səudiyyə oyunları çərçivəsində baş tutan basketbol, həndbol, futzal, voleybol, padel, ağırlıqqaldırma və digər yarışları da izləyib. Oyunlardan sonra deputat idmançılarla da görüşüb, onlara yarışlarda uğurlar arzulayıb.

Oktyabrın 27-də start götürən Səudiyyə oyunları noyabrın 7-dək davam edəcək. Krallıq tarixində ilk dəfə keçirilən bu yarışda 45 fərqli idman növündən 6000-dən çox idmançı mübarizə aparacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish