İsgəndər Əsgərov: İndiyədək GİN və MOK-dan mənfi cavab almamışıq

İyulun 23-də Tokio yay olimpiya oyunları başlayacaq. Əslində, idman bayramı ötən il keçirilməli idi. Lakin dünyanı cənginə alan amansız koronavirus pandemiyası üzündən tədbir təxirə salınmaq məcburiyyətində qaldı. Avqustun 8-nədək davam edəcək rəqabətə bizimkilər də iddialıdır. İndiyə kimi 18 vəsiqə qazanılıb, amma bu son deyil, rəqəmin iyun ayınadək xeyli artacağı gözlənilir.
Hazırda isə, “dördilliy”ə qızğın hazırlıq gedir. Gənclər və idman naziri Azad Rəhimov müalicə ilə əlaqədar yurd içində olmasa da, həmişəki kimi komandaların durumuna nəzarət edir, gündəlik ona məruzə olunur. Təbii ki, prosesdən həndbol da kənar qalmır: bu növdə 3 olimpiya çempionumuz var. Allsport.az saytı vəziyyətlə yaxından tanış olmaq üçün, AHF-in idman şöbəsinin müdiri İsgəndər Əsgərovla əlaqə saxlayıb.

– Olimpiya idman növlərinə daxil olan komandalar həlledici hazırlıq mərhələsindədirlər. Tokio-2020-nin başlamasına 3,5 ay qalır. Sizdə durum necədir?
– Sözsüz ki, əl topu qalib idman növüdür. 1936-cı ildən olimpiadalarda həndbol yarışları keçirilir. Müasir əl topunda kişilər Münxen-1972-dən, qadınlar Monreal-1976-dan mübarizə aparırlar. Təəssüf ki, indiki komandalarımız olimpiya səviyyəsində deyil. Sovet dönəmində isə, çox güclü həndbolçularımız olub və onların uğuru hər kəsə məlumdur. Hazırda olimpiadaya düşmək üçün bir neçə mərhələdə fərqlənməlisən. Burda da dünyanın 200 ölkəsindən yalnız 12 komanda oyunlara vəsiqə qazanır. Çox çətindir. Bizimkilər qitə və dünya təsnifatlarında iştirak edirlər. Federasiya gələcəkdə bu istiqamətdə irəliləyiş üçün müəyyən plan üzərində işləyir.

– Pandemiya ilə bağlı uzun müddət idman zalları bağlı olsa da, yığmalara təlim-məşq üçün icazə verilib. Həndbol klublarımızın açıq havada hazırlıq keçməsi məlumdur. Bəs milli komandalar “ABU-Arena”ya nə vaxt dönəcəklər?
– Ötən ilin mart ayında koronavirus səbəbindən rəsmən ölkədə sərt karantin rejimi elan olundu və belədə, hər yerdə olduğu kimi, bizdə də zallar bağlandı, komandaların çıxışı dayandı. Çempionatlarımız yarımçıq qaldı, son 5 tur oynanılmadı. Legionçular öz evlərinə yola salındılar. Ötən ilin avqustunda müxtəlif yaş qrupları üzrə komandalarımız açıq havada məşqləri bərpa etdilər. Çalışmalar idman akademiyasının meydançasında, Tofiq Bəhramov adına respublika stadionunda, Nəsimi və paytaxtın digər rayonlarında təşkil olundu. Bu məşqlər əsasən topsuz, dözümlülük, fiziki hazırlıq, yəni, atletika və ağılıqqaldırmadan ibarət idi. Yarım ay öncə biz bu çalışmaları tamamladıq. Hazırda ölkədə karantin davam edir, zallar bağlıdır və biz bilmirik ki, vəziyyət nə vaxt düzələcək. Qeyri-müəyyənlik davam etdiyindən, çempionatın başlaması da sual altındadır. “ABU-Arena”ya dönməyimiz də naməlumdur. Hər şey operativ qərargahdan asılıdır.

– Federasiyaya gənclər və idman nazirliyi, eləcə də milli olimpiya komitəsindən dəstək varmı?
– Bu günlərdə kişilərdən və yeniyətmə oğlanlardan ibarət yığmalarımız Avropa çempionatının ələməsində iştirak hüququ alıblar. Ehtiyat qüvvə Latviya paytaxtı Riqada U-19 qitə çempionatının “B” qrupunda 10 komanda sırasına daxildir. Meydan sahibləri, Azərbaycan, Rumıniya və Lüksemburq bir yerdədir. O yarışa hazırlığımız olacaq.
U-24 (3 nəfər daha böyük yaşa icazə var) iyunda Tiflisdə inkişaf etməkdə olan ölkələrin dünya çempionatında yer alıblar. Orada 9 komanda iştirak edəcək. Bu səfərə hazırlıq yaxın günlərdə başlanılacaq. Təlim-məşqlə bağlı federasiyamız GİN-ə və MOK-a məktubla müraciət edib. Çünki bizə toplanış üçün zal lazımdır. Şifahi müsbət cavab almışıq. Aprelin ortasından ilk öncə açıq havada məşqlərə başlayacağıq, sonra rəsmi icazəni gözləyəcəyik. Mayda Tiflisdə toplanış olacaq. Bunun xərcini gənclər və idman nazirliyi qarşılayacaq. İndiki durumda bu, böyük dəstəkdir. Ümumiyyətlə, indiyədək GİN və MOK-a məktubla müraciətimizdə mənfi cavab alınmayıb.
Qadınlara gəldikdə, avqustda Türkiyənin Konya şəhərində İslam oyunlarında iştirak edəcəyik. Buna Bakı-2017-də qızıl medal qazanaraq nail olmuşuq. Təbii ki, hazırlıq olacaq, legionçularımız da yığmaya cəlb olunacaqlar.

– Federasiya rəhbərliyi son zaman nə vaxt bir araya gəlib? Toplantıda nələr müzakirə olunub?
– Federasiyamız yeganədir ki, illərlə bütün klubların qeydinə qalır, onları aylıq maaşla təmin edir. Pandemiyada da bu davam etdi. Baxmayaraq ki, zalda əsas məşqlər olmadı. AHF prezidenti Saleh Məmmədov bu məsələyə həssaslıqla yanaşır. Bizdə elə idmançı yoxdur ki, fəaliyyətini dayandırıb başqa işlə məşğul olsun. Əslində isə, klubların öz himayədarları olmalıdır. Federasiyamızın qapısı hamıya açıqdır. Gözəl idarəmiz var. Vitse-prezident Orxan Abbasov, baş katib Yusif Atakişiyev, elə mən özüm də hər gün ordayıq və prosesə yaxından nəzarət edirik. Çətin pandemiya dövründə federasiyamız veteran həndbolçulara da dəstək göstərib – mükafat və zəruri dərmanlarla təmin edib.

– Payızda çempionatın başlaması ehtimalı varmı?
– Federasiyamızın işi belə görünməyə bilər, çünki çempionat keçirilmir. Əslində, hər şey nəzarətdədir. Zallar bağlıdır, amma ola bilər, yayda çimərlik həndbolu keçirək. Düzü, elə məsələlər var, bizdən asılı deyil. Ümid edirəm ki, sentyabrda çempionatı bərpa edəcəyik. Ona qədər vəziyyət də xeyli düzələcək. Açığı, həndbolçularımız zal üçün, toplu çalışmalar üçün çox darıxıblar. Daim açıq havada məşq bezdiricidir. Federasiya aşağı yaş qrupları olsa belə, mütləq bu yarışları keçirəcək.

İsgəndər müəllim, siz ölkəmizin yeganə AHF nümayəndəsi kimi də tanınırsız. Yeni təyinatlar varmı?
– Bu il yalnız beynəlxalq hakimlər oyunlara dəvət aldılar, Avropa həndbol federasiyası nümayəndələri yox. Görüşlər zamanı, onları yerlilər əvəzlədilər. Apreldə bu məsələ də aradan qalxdı. Artıq ilin ilk təyinatını almışam. Qadınların dünya çempionatının 2-ci pley-off mərhələsində Türkiyə – Rusiya görüşündə hakimlərin işinə qiymət verəcəyəm. Referilər Belarusdandır. Aprelin 16-dakı ilk matç paytaxt Anqaradan 200 km aralıda Ağsaray şəhərindədir. Çox maraqlı olacaq. Şimal qonşumuz son olimpiya oyunlarının qalibidir və Tokio-2020-yə də vəsiqə qazanıblar.

Söhbətləşdi: Kamran HACI

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish