Millimizin liberosu evə buraxıldı

Millimizin voleybolçusu Yuliya Kərimova karantindən evə buraxılıb. Allsport.az xəbər verir ki, İsrailin “Makkabi” (Hayfa) klubunda çıxış edən və Azərbaycana qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 32 yaşlı liberonun analizində yoluxma halı qeydə alınmayıb.

Evinə dönən voleybolçu voleybol federasiyasının mətbuat xidmətinə danışıb: “Əziz dostlar, artıq evdəyəm. Bakıya qayıtdıqda Heydər Əliyev hava limanına çatan kimi bizdən analiz götürdülər və hazırki duruma uyğun olaraq karantinə alınacağımızı bildirdilər. Artıq karantində olduğum günlər sona çatdı, hər şey qaydasında olduğuna görə məni evə buraxdılar.

İsraildən Bakıya qayıtmağımda və bu çətin günlərdə məni tək qoymayan voleybol federasiyasına təşəkkür edirəm. Məlum səbəblərdən uçuşların dayandırılmasına və gələrkən karantinə alınacağıma baxmayaraq, Bakıya gəlməyi qərar verdim. Azərbaycan mənim vətənimdir. Bu gün çox şadam ki, Bakıdayam və artıq öz evimdəyəm”.

O, Azərbaycan xalqına və idmançılara da səslənib. Yuliya hamını “Evdə qal, sağlam qal” kompaniyasına qoşulmağa dəvət edib: “Evdə olmağıma baxmayaraq, ölkəmizdə karantin davam edir. Bir vətəndaş kimi, mən də hökumətimizin verdiyi bütün qərarlara riayət etməyə çalışıram. Komanda yoldaşlarım başda olmaqla, hər kəsə səslənirəm – evdə qalın. Çünki bu virusa yalnız belə qalib gələ bilərik”.

Həmin kateqoriyadan