- Baxış sayı: 38
- 12 Noyabr 2024 23:26
- Baxış sayı: 38
- Noyabr 14, 2024
- 0
“Qəbələ” İdman Klubu (İK) üç ay əvvəl ölkə idmanının daha bir “incisi”ni, peşəkar cüdoçu Kifayət Qasımovanı öz sıralarına cəlb etdi. Allsport.az xəbər verir ki, Azərbaycanda qadın cüdosunun lideri, dünya və Avropa çempionatlarının dəfələrlə mükafatçısı bundan sonra həm də “Qəbələ”nin şərəfini qoruyacaq. Tanınmış idmançı ilə müsahibəni təqdim edirik.
– Bunadək “Neftçi” və “Attila” klublarının üzvü olmuşam. Məlumdur ki, idmançı yarışa yaxşı şəraitdə hazırlaşmalıdır. “Qəbələ” yaratdığı imkan və şərait baxımından seçildiyindən, düşündüm ki, bu klubun üzvü olsam, karyeramda daha da irəli gedə bilərəm.
– Yəni təşəbbüs səndən gəldi?
– Bəli. Artıq 3 aydır “Qəbələ”nin üzvüyəm. Sağ olsun Səbuhi müəllim, (döyüş növləri üzrə koordinator Səbuhi Qarayev nəzərdə tutulur – müəllif) bu işdə mənə kömək etdi. “Qəbələ”yə keçmək istəyimlə bağlı onunla həm mənim, həm də məşqçimin söhbəti oldu. Klub rəhbərliyi təklifi məmnunluqla qarşıladı. “Qəbələ”yə keçdiyimə görə çox razıyam. Kaş bu seçimi 2 il əvvəl edəydim…
– Səncə, “Qəbələ” həyatında nəyi dəyişəcək?
– “Qəbələ” Azərbaycanın öndə gedən idman klubudur. Bu klubun üzvü olmaq məni tam qane edir. “Qəbələ”nin idmançısı kimi ilk ciddi sınağım bu il Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları olacaq. Orada klubumuzu layiqli şəkildə təmsil etmək, yığmanın heyətində uğurla çıxış etmək istəyirəm. Turnir ilk dəfə, həm də vətənimizdə keçirildiyindən üzərimdə böyük məsuliyyət var. Əsas məsələ medal qazanmaqdır.
– Niyə məhz cüdo? Axı zərif cinsin nümayəndələri, adətən, başqa idman növlərinə meyl edirlər.
– Sadəcə, uşaq olarkən təsadüfən cüdo ilə məşğul olmağa başladım. Və alındı, nəticələr qazandım. Bu məni bir az da həvəsləndirdi. Beləcə, yoluma davam etdim. Nəticədə peşəkar idmançı oldum.
– Azərbaycanda qadın cüdoçular arasında aşkar lidersən.
– Fikrimcə, liderliyim birbaşa nəticələrimin çoxluğu ilə əlaqədardır. Ən mötəbər turnirlər olan dünya və Avropa çempionatlarını götürsək, cüdoda ilk addımlarımı atmağa başlayandan bu vaxtadək 11-12 dəfə mükafatçı olmuşam. Bizdə heç oğlanlar bu qədər nəticə verməyib. Hələ beynəlxalq turnirləri – Dünya kuboku, “Qran-pri”, “Böyük dəbilqə”dəki nailiyyətlərimi demirəm. Həmin yarışlarda da dəfələrlə çempion, mükafatçı olmuşam.
– Cüdoda bu qədər uğur qazanmış Kifayətin özünün ən böyük qazancı nə olub?
– Beynəlxalq arenada Azərbaycanın bayrağını yüksəltmək, himnini səsləndirmək imkanı qazanmışam. Bu, hər bir vətəndaş üçün böyük qürurdur. Hesab edirəm ki, idmanda ən böyük qazancım budur.
– Hələ ki nə dünya çempionu, nə də idmanda uğurun zirvəsi sayılan olimpiya çempionu titulunu qazana bilmisən. Son 2 olimpiadanın – Pekin-2008 və London-2012-nin iştirakçısı olsan da, hər ikisində mübarizəni 1/8 finalda dayandırmısan. Bunun səbəbini nədə görürsən?
– Bəxtsizlikdə. Sözün düzü, son olimpiadada zədəm var idi. Pekində isə şanssızlıq mane oldu. İppon xalı gətirən fəndlə yapon idmançı üzərində tam üstünlüklə qələbə qazansam da, hakimlər fəndimi vazari (ippondan daha aşağı dərəcəli xal – red.) kimi qiymətləndirdilər. Həmin vaxt çox yaxşı formada idim. İpponumu hesaba alsaydılar, olimpiadada mükafatçı olardım.
– Bu əminlik nədən irəli gəlir?
– Çünki sonrakı rəqiblərim məndən çox zəif, məğlub etdiyim cüdoçular idi. Ən çəkindiyim rəqib bayaq dediyim həmin o yapon idi. Hakimlər məni ona uduzdurdular. Hər iki olimpiadada ilk rəqiblərim çox güclü idmançılar oldu. 2008-ci ildə Pekində olimpiya çempionu olan italyan idmançı Culiya Kvintavalleni Avropa çempionatında 3-cü yer uğrunda görüşdə tam üstünlüklə udmuşam. Olimpiadanın gümüş və bürünc medalçılarını da dəfələrlə yenmişəm. Yəni mən onlardan güclü ola-ola, bəxtsizlikdən mükafatlardan kənarda qaldım. Elə bil olimpiya çempionu olmaq qismətimə yazılmayıb.
– Növbəti olimpiada gələn il Rio-de- Janeyroda (Braziliya) olacaq. Bu dəfə də hədəf olimpiya çempionu olmaqdır?
– Bəli. Ümidimi hələ itirməmişəm. Ancaq indi bütün diqqətimi I Avropa Oyunlarına yönəltmişəm. Həmin mötəbər yarışda qalib olsam, olimpiya çempionu sayılacağam.
– “Bakı-2015”də şansını necə dəyərləndirirsən? Əsas rəqiblərin kimlərdir?
– Avropada əsas rəqiblərim almaniyalı Mariyam Roperlə portuqaliyalı Telma Monteyrudur. Açığı, mənim çəkimdə idmançılar çox güclüdür. Əvvəllər qadın cüdoçular arasında güclü idmançılar o qədər də çox deyildi. İndi isə cüdo o qədər populyarlaşıb ki, zəif idmançıya rast gəlmək müşkül məsələdir. Öz çəkimdə ən güclülərin adlarını isə az öncə qeyd etdim.
– Həmişə eyni çəkidə – 57 kiloqramda çıxış etmisən. Bəlkə nəticə qazanmaq üçün çəkini dəyişmək daha məqsədəuyğun olardı?
– Peşəkar idmançılar uzun müddət eyni çəkidə qalır. Çəkini dəyişmək o qədər də asan deyil. Yeni çəkiyə öyrəşməyə, azı, 1 il vaxt lazımdır. Bundan sonra isə, ümumiyyətlə, dəyişə bilmərəm. Çünki karyeramı bitirməyə 1-2 il qalıb. Əslində, 57 kiloqram xarici görünüşümə və boyuma tam uyğundur. Bir ara 60 kiloqrama keçmək istədim, amma tərəddüd etdim. Keçsəydim, bəlkə də yaxşı olardı. Çünki hər dəfə 3 kiloqram çəki atmalı oluram.
– “Qəbələ”nin cüdo bölməsi bir çox uğurlara imza atıb. Klubun Qəbələ bölməsinin yetirmələri artıq öz sözlərini deyirlər. Tanınmış idmançı kimi onlara nə tövsiyə edərdin?
– İlk növbədə çoxlu məşq etməyi. Cüdo gözəl idman növüdür, dünyada çox populyardır. Məşq etdiyim zalda yeniyetmə qızlar var. Onlara məsləhətlərimi verirəm, lazım olanda kömək edirəm, müəyyən şeyləri başa salıram.
– Ümumiyyətlə, Azərbaycanda qadın cüdosunun hazırkı vəziyyəti haqqında nə deyə bilərsən?
– Bizdə qadın cüdoçular azdır. Azərbaycanda qadınların cüdo ilə məşğul olmasına, nədənsə, yaxşı baxmırlar. Qızları yarışlara aparmırlar ki, zəifdirlər. Ancaq əslində, yarışlarda iştirak etmək lazımdır ki, inkişaf etsinlər. Yalnız məşq etməklə medal qazanmaq mümkün deyil. Xaricdə təlim-məşq toplanışı keçmək, əcnəbilərlə sparrinqə çıxmaq, beynəlxalq yarışlarda iştirak etmək də vacibdir. Mənim nə qədər təcrübəm olsa da, 3-4 ay çıxış etməyəndə, bir az həyəcan olur, hissiyatım azalır. İdmançı nə qədər çox hazırlıq keçsə, turnirdə mübarizə aparsa, özünü bir o qədər formada hiss edər, təcrübəsi artar.
– Tələbən və ya layiqli davamçın hesab etdiyin kimsə varmı?
– Tələbəm yoxdur. Elə bir idmançı da görməmişəm ki, onu layiqli davamçım sayım. Ancaq Azərbaycanda normal cüdoçu qızlar var. Onları yarışlara aparsalar, ümid edirəm nəticə verəcəklər.
– Gələcəkdə özünü məşqçi kimi görürsən?
– Bəli. Hesab edirəm ki, yaxşı məşqçilik bacarığım var. Ancaq hələ ki, istəmirəm. Karyeramı davam etdirirəm, bitirdikdən sonra isə yəqin ki, bir müddət istirahət edəcəyəm. Məşqçilik sonrakı planlara daxildir.
– Bəs futbolla aran necədir? “Qəbələ”nin oyunlarını izləyirsən?
– Sözün düzü, futbolla çox da maraqlanmıram. Dünya və Avropa çempionatlarında ara-sıra oyunlara baxıram. Vaxtım olanda isə, millinin oyunlarını izləyirəm. Futbol komandamıza və klubumuzun bütün idmançılarına uğurlar arzulayıram. (“Qəbələ” İK qəzeti)