Hacı Əliyev: Mənə elə gəlir ki, güləşçilər Paris olimpiadasına yaxşı hazırlaşırlar

Ölkə başçısı İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva 5-ci İslam həmrəyliyi oyunlarında mükafat qazanan idmançılarla görüşüblər. Allsport.az saytı xəbər verir ki, toplantıda 65 kq-da sərbəst güləş yarışının qızıl medalçısı Hacı Əliyev çıxış edib: “Bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Bildiyiniz kimi, V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançıları uğurlu nəticə əldə etdilər. Bayaq qeyd etdiyiniz kimi, 29 qızıl, 36 gümüş və 34 bürünc medal qazandıq. Ümumilikdə isə biz 99 medal qazandıq.

Mən bir güləşçi kimi qeyd etmək istərdim ki, bu oyunlarda öz gücümüzü bir daha ortaya qoyduq. Beş il əvvəl Bakıda keçirilən İslamiadada qazandığımız nəticəni, belə deyək ki, təkrarladıq və biz 23 medal əldə etdik. Bunlardan 8-i qızıl, 8-i gümüş və 7-si bürünc medal idi. Ümumilikdə sərbəst güləşçilərimiz 2-ci, yunan-Roma və qadınlardan ibarət yığma komandalarımız isə 1-ci oldular.

Cənab prezident, hər dəfə böyük yarışlardan döndükdən sonra bizi qəbul etməyiniz, nəticələrimizlə yaxından maraqlanmağınız doğrudan da bizi sevindirir. Bu, bizə böyük stimul verir. Biz bu diqqət və qayğı nəticəsində hər zaman çalışırıq ki, uğurlar əldə edək. Bizi qarşıda böyük yarışlar gözləyir. Ən böyük hədəfimiz isə bayaq dediyiniz kimi, Parisdə keçiriləcək yay olimpiya oyunlarıdır. Mənə elə gəlir ki, idmançılarımız oyunlara yaxşı hazırlaşırlar və inşallah, yaxşı nəticələr göstərəcəklər.

Cənab prezident, gələcək işlərinizdə sizə uğurlar arzulayıram. Allahdan Sizə və ailənizə cansağlığı diləyirəm. İnşallah, hər zaman Azərbaycan belə böyük qələbələr qazanar. Diqqətinizə görə təşəkkür edirəm”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish