Mahir Məmmədov yenidən prezident seçildi

Bu gün Azərbaycan şahmat federasiyasının hesabat-seçki konfransı keçirilib. 

Allsport.az xəbər verir ki, tədbir dövlət himninin səsləndirilməsiylə başlayıb. Ardınca torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin və hesabat dövründə vəfat edən Azərbaycan şahmat ailəsinin üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. 

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək konfransın işinə uğurlar arzulayıb. Konfransın gündəliyi təsdiq olunandan sonra AŞF-nin prezidenti Mahir Məmmədov 2024-cü ilin yekunlarına dair hesabatla çıxış edib. 

Sonra qurumun 2022-2025-ci illər ərzində fəaliyyətinin qısa icmalının əks olunduğu video nümayiş etdirilib. 

AŞF-nin üzvlüyünə qəbulla bağlı ərizə ilə müraciət edəb şəxslərin siyahısı açıqlanıb və iştirakçılar tərəfindən təsdiqlənib. 

Səlahiyyət nüddəti başa çatdığına görə AŞF-nin icraiyyə komitəsinə yeni seçkilər keçirilib. Səs vermədən sonra Mahir Məmmədov, Faiq Həsənov, Sərxan Həşimov, Aynur Sofiyeva, Elnur Əliyev, Bəxtiyar Məmmədov və Yaqub Hüseynov üzv seçilib. 

AŞF-nin hazırkı prezidenti Mahir Məmmədovun növbəti 4 il müddətinə prezident postuna namizədliyi irəli sürülüb. Açıq səsvermədən sonra Mahir Məmmədov yekdilliklə növbəti müddət üçün AŞF-nin prezidenti seçilib. Faiq Həsənov birinci vitse-prezident, Bəxtiyar Məmmədovla Yaqub Hüseynov vitse-prezident vəzifəsinə təsdiqlənib. 

AŞF-nin nizamnaməsinə dəyişikliklər və intizam komissiyasının əsasnaməsi müzakirə edilərək təsdiqlənib. 

Federasiyanın büdcəsi müzakirə edilərək qəbul olunub. AŞF-nin hakimlər, məşqçilər, uşaq və gənclər, bəstəçilik, qadın və sosial məsələlər üzrə komissiyaların 2024-cü il üzrə hesabatları və yeni təklifləri müzakirə edilib. 

Həmin kateqoriyadan