Millinin baş məşqçisi: “Nəticədən razıyam, amma daha yaxşı ola bilərdi”

Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçuların dünya birinciliyində oğlanlar 1 gümüş və 1 bürünc medal qazanıb. Qarışıq komanda yarışında millimiz finala qədər itkisiz irəliləyib. Həlledici görüşdə hesab 3:3 olub. Püşkdə Fransa seçməsinin bəxti gətirib və Azərbaycan 2-ci yerlə kifayətlənib. Yığmanın baş məşqçisi Rüstəm Alimli allsport.az saytına açıqlamasında cüdoçularımızın çıxışını belə dəyərləndirib:

“Nəticədən razıyam, amma daha yaxşı ola bilərdi. Fərqlənən idmançılardan qızıl medal gözləyirdik. Lakin onlar yersiz “xansuki maki” aldılar. 55 kq-da son Avropa çempionu Şahin Oruczadə finala qədər inamla irəlilədi.

60 kq-da Nizami İmranov güclü yaponiyalı rəqibini məğlub etdi. Hər 2 idmançı həlledici görüşdə xalda öndə idilər. Ancaq “xansuki maki” verilməsi, işləri korladı. Bilirsiniz ki, cüdo səhvləri bağışlamır. Bizimkilər xal ilə deyil, 3-cü xəbərdarlıqdan sonra məğlub sayıldılar.

Digər təmsilçilərimiz də sabit güləşdilər. Medala yaxın idilər. Yeniyetmələrdə inkişaf var. İnanıram ki, dünya birinciliyində çıxış edən bu 9 idmançının hamısı yaxın gələcəkdə həm gənclərdə, həm də böyüklərdə öz sözlərini deyəcəklər.

Son gündə komanda yarışı oldu. Heç kim Azərbaycanın mükafat qazanacağına inanmırdı. Əli Hacızadə 73 kq güləşirdi, amma burada 81 kq-da mübarizə apardı. Eləcə də qızlarda, 57 kq-da çıxış edən Fidan Əlizadə 63 kq-da rəqabətə qoşuldu. Komandamız qəhrəmanlıq göstərdi.

Təəssüf ki, finala çıxışda, ukraynalılarla görüşdə Fidan Əlizadə zədələndi, biz finalda mücadiləyə 6 deyil, 5 nəfərlə, 0:1 geridə başladıq. Amma 3 qələbə, özü də ağır çəkilərdə. Heç kim bunu gözləmirdi. Həlledici görüşdə 2 dünya çempionunu yendik. Hesab 3:3 oldu və püşkdə uduzduq. Hamı Azərbaycan cüdoçularının məharətini gördü. Bizim gümüş qızıla bərabərdir. Ümidvaram ki, yeniyetmələrin uğurları davamlı olacaq”.  

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish