“Millinin qapıları hamının üzünə açıqdır”

AFFA-nın inzibati binasında Azərbaycan yığma komandasının baş məşqçisi Fernandu Santuşun mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, konfransda Haiti və Belarus yığmalarına qarşı keçiriləcək yoldaşlıq oyunlarının heyətini açıqlayan portuqaliyalı mütəxəssis media nümayəndələrinin suallarını cavablandırıb.

Baş məşqçi martda bir çox milli komandanın rəsmi oyunlarının olacağını xatırladıb. O, Karib hövzəsi təmsilçisi Haiti yığmasının güclü komanda olduğunu bildirib: “Martda bir çox milli komandanın rəsmi oyunları olacaq. Az sayda yığmanın yoldaşlıq görüşü keçirmək imkanı var idi. Danışıq aparılan qurumlardan biri də Haiti futbol federasiyası idi və onlarla razılığa gəldik. Onların yaxşı liqalarda çıxış edən yüksək keyfiyyətə malik futbolçuları var. Onu da nəzərə alaq ki, Haiti millisi FİFA reytinqində bizdən xeyli öndədir. Buna baxmayaraq, meydana qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək üçün çıxacağıq”.

“Qəbələ”dən Şahin Şahniyarova dəvət göndərən portuqaliyalı mütəxəssis I liqanın oyunlarını diqqətdə saxladıqlarını vurğulayıb: “Mən və köməkçilərim premyer liqa ilə yanaşı, aşağı liqaların oyunlarını da izləyirik. Orada diqqətimizi cəlb edən futbolçular var. Şahin Şahniyarovda da müsbət keyfiyyətlər çoxdur. Bu səbəbdən ona dəvət göndərdik. Gələcəkdə də I liqadan diqqətimizi cəlb edəcək futbolçuların milliyə çağırılması planlaşdırılır. Komandadakı təcrübəli futbolçular isə gənclərə millinin formasını geyinməyin böyük qürur hissi olduğunu aşılamalıdırlar. Yaşından asılı olmayaraq, milli komandanın qapıları bütün futbolçuların üzünə açıqdır. Sadəcə, onlar öz oyunları ilə bura layiq olduqlarını göstərməlidirlər”.

Fernandu Santuş 3 futbolçunun zədə səbəbindən heyətdə yer almadığını deyib: “Emin Mahmudov, Abbas Hüseynov və Ceyhun Nuriyevi dəvət etmək istəyirdim. Lakin zədəli olduqları üçün onları çağıra bilmədik”.

Millimizin baş məşqçisi sonda Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edib.

Milli martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Haiti, martın 25-də isə “Bank Respublika Arena”da Belarus yığması ilə yoldaşlıq görüşü keçirəcək.

Həmin kateqoriyadan