Nazir AİJA rəhbərliyini qəbul edib. Görüşdə nələr müzakirə olunub?

Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan idman jurnalistləri assosiasiyasının rəhbərliyini qəbul edib. Allsport.az saytının əldə etdiyi məlumata görə, görüşdə AİJA-nın przidenti Eldar İsmayılov, vitse-prezident Anar Şabanoğlu (Sports.az saytının baş redaktoru) və idarə heyətinin üzvü Rövşən Binnətli (“İdman” TV-nin direktoru) iştirak edib.

Toplantı dostluq şəraitində keçib. Nazir ölkədə yeganə rəsmi idman jurnalistləri təşkilatının durumu ilə maraqlanıb, gercəyin bilmək istiqamətində müxtəlif suallara cavab axtarıb. O, idman mediasının bir çətir altında birləşməsini təqdir edib, bunu üçün əlindən gələn dəstəyi verməyə hazır olduğunu deyib.

Görüşdə Fərid Qayıbovun yaxınlarından nazir müavini Mariana Vasilyeva da olub. Bolqar məmur vəziyyətə müdaxilə etməyə cəsarət etməyib, adəti üzrə gülümsəməklə kifayətlənib. Yığıncaq nazirin tam nəzarəti ilə keçib. O, bir sıra tapşırıqlar verib. Toplantı barış niyyəti ilə olduğundan, tam təfərruatı və buna qədər yurd içi və yurd dışı gedən gizlin oyunlar və sövdələşmələri qeyd etmək istəmirik.

Allsport.az saytı azsaylı KİV-dəndir ki, idman mediasını parçalamaq deyil, vahid qurum altında birləşmənin tərəfindədir. Nazirliyin dəstəyi ilə yeni yaradılan Azərbaycan idman jurnalistləri ictimai birliyi isə ümumrespublika toplantısı keçirmək niyyətindədir. Yeri gəlmişkən, AİJA-dan öncə Fərid Qayıbov bu təşkilatı geniş tərkibdə qəbul etmişdi.

AİJA, beynəlxalq idman mətbuatı assosiasiyasının üzvüdür. Hər ölkədən yalnız bir təşkilat AİPS-in üzvü ola bilər. 77-ci konqres və beynəlxalq təşkilatın yaradılmasının 90-cı ildönümü 2014-cü ildə Azərbaycanda keçirilib. Tədbirdə ölkə başçısı İlham Əliyev iştirak edib.

Nəzərinizə çatdıraq ki, eyni durum idman könüllülərində də mövcudur. “Azərbaycan idman könüllüləri” ictimai birliyi olan halda, sonradan yaradılmış “İdman könüllüləri və azərkeşləri” ictimai birliyi də fəaliyyət göstərir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish