YAZI
Niyyətin hara, mənzilin ora

Hər bir millətin sağlam gələcəyi baxımından idman çox vacibdir. Uşaq, yeniyetmə və gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması, ilk növbədə, onları arzuolunmaz yollardan çəkindirmək üçün ən gözəl vasitədir. Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir. Ümummilli lider Heydər Əliyevin xalqın fiziki sağlamlığı üçün bədən tərbiyəsinə həmişə xüsusi qayğı göstərdiyi heç kimə sirr deyil. Azərbaycana rəhbərlik etdiyi illərdə o, respublikada idmanın, bədən tərbiyəsinin kütləviliyini də öz çıxışlarında dəfələrlə ön plana çəkərək demişdir: “Biz idmanı, bədən tərbiyəsini kütləvi etməliyik. Gənclərin tam əksəriyyətini buna cəlb etməliyik, bu, Azərbaycan vətəndaşının hərtərəfli gələcəyi üçün təməldir. Buna nail olmaq üçün, təbiidir ki, lazımi imkanlar da yaratmalıyıq, lazımi şərait də yaratmalıyıq”.

Kütləviliyin yolu əyalətdən başlanır

Söhbət idmanın kütləviliyindən gedirsə, əyalətlər, ən ucqar yaşayış məskənləri də diqqət mərkəzinə gəlir. Elə bunu nəzərə alan Azərbaycan badminton federasiyası əsas gücü bölgələrə yönəldib. Ötən ilin dekabrında rəhbərlikdə baş vermiş dəyişikikdə gələcək strategiyaya aydınlıq gələrkən, bu məqsədlə İnkişaf komitəsinin təsis edilməsi və buna federasiyanın yeni prezidenti Taleh Ziyadovun özünün sədrlik etməsi, sözü gedən işə start verilməsi demək idi. Həmin zaman o jurnalistlər üçün brifinqdə bunu açıqlamışdır: “Olimpiya oyunlarına hazırlıq üçün uşaqları 11-12 yaşından yetişdirmək lazımdır. Məşqlərini dünya standartlarına uyğunlaşdırmaq və istedadlı gəncləri seçməliyik.
Qarşıdakı illərdə azərbaycanlı idmançıların beynəlxalq yarışlarda iştirak etdiklərini görəcəksiniz. Los Anceles-2028 olimpiadasında yerli idmançı görə bilərik. Badmintonu uşaqlar, özəlliklə,  qızlar arasında təbliğ etmək lazımdır”.

Möhkəm maddi-texniki baza

Kütləviliyi təmin etmək, inkişafa nail olmaq üçün isə, ilk növbədə, idmanın maddi-texniki bazası möhkəmləndirilməli, həm paytaxtda, həm də əyalətlərdə uşaq və yeniyetmələrin idmanla məşğulluğu üçün müasir tələblərə uyğun şərait yaradılmalıdır. Elə milli olimpiya komitəsinin başçısı olaraq İlham Əliyevin fəaliyyətində də bu amil öz əksini tapmışdır. Ölkəmizin hər bir bölgəsində idmanın inkişafı üçün yüksək şəraitin yaradılmasını öz qarşısına məqsəd qoymuş və ötən 25 ildə buna nail olmuş cənab prezident, gənc nəslin sağlam böyüməsinə bundan sonra da qayğı göstərəcəyini bəyan edib.
Yeni rəhbərlik bu istiqamətdə fəaliyyətini genişləndirib: Naxçıvan, Abşeron və Buzovna olimpiya idman komplekslərində yeni bölmələr yaradılıb. Yaxın gələcəkdə paytaxtın digər qəsəbələrində və bölgə mərkəzlərində badminton məşğələləri keçiriləcək.

“Badminton uşaq bağçası” layihəsi

Azərbaycan badminton federasiyası ilə Bakı fransız liseyinin birgə əməkdaşlığı çərçivəsində “Badminton uşaq bağçası” layihəsi start götürüb. Əsas məqsəd uşaqlarda erkən yaşlarda badmintona maraq oyatmaq, həmçinin elm, riyaziyyat, incəsənət kimi mövzularla ahəngdə badminton tədrisinin təşkilini təşviq etməkdir.
Xüsusi səs effektləri və 3D görüntü vasitəsilə uşaqlara bir-biri ilə virtual formada badminton oynamaq imkanı da yaradılıb. Layihə Bakı fransız liseyi ilə yanaşı, Azərbaycan Britaniya kollecində də tətbiq olunub. ABF-in dəstəyi ilə lisey və kollecdə yaradılan badminton bölmələrində, bütün yaş kateqoriyaları üzrə məktəblilər üçün də bu idman növü üzrə STEM və STEAM əsaslı təlim-məşq interaktiv şəkildə keçiriləcək. Layihə çərçivəsində “Virtual reallıq” proqramı vasitəsilə uşaqlara badmintonun idman nəzəriyyəsi təqdim olunacaq.
Qarşıya qoyulan məqsədin nəticəsi olaraq, bu il uşaq badmintonçular arasında Bakı birincilikləri keçirilib. Fevral-mart aylarında təşkil olunan yarışlarda 2004-2005 (20 oğlan və 20 qız), 2006-2007 (40 oğlan və 20 qız), 2008-2009 (51 oğlan və 19 qız), 2010-2011 təvəllüdlülər arasında 5 kateqoriya üzrə mükafatçılar müəyyənləşib.
Bakı 1 saylı idman liseyində 2012-ci il təvəllüdlü və daha kiçik yaşlı oğlan və qızlar badmintonçuların ölkə birinciliyində 31 oğlan və 26 qız iştirak edib.

Məktəblərdə “Transfer vaxtı”

Fevralda Gəncədə təşkil edilən proqramda 80 məktəbli iştirak edib. Onlar maraqlı oyunlarla həm əyləncəli zaman keçiriblər, həm də badmintonla yaxından tanış olublar. Təhsil nazirliyi ilə birgə məktəblərdə bu idman növünün interaktiv inkişafı istiqamətində də addımlar atılır. Bu niyyətlə aprel ayında Qəbələdə tədbirdə 30-a yaxın məktəb direktoru iştirak edib. “Suhttle Time” proqramı uşaqlar üçün digər şəhər və rayonlarında da həyata keçiriləcək.
Yay aylarında kütləvilik istiqamətində açıq havada ustad dərsləri olub. Dənizkənarı milli parkda “Səhəri badmintonla aç” şüarı ilə təşkil olunan idman bayramı şəhər sakinlərinin böyük marağına səbəb olub. Həftəsonu asudə vaxtın səmərəliyinə xidmət edən müxtəlif əyləncəli oyunlar və hədiyyəli viktorinalar təşkil olunub. Tədbir zamanı sağlam həyat tərzinin təbliği istiqamətində aşbazlar tərəfindən iştirakçılara düzgün qidalanma mövzusunda məlumat verilib və hazırlanmış xüsusi təamlar  təqdim olunub. Yekununda bir neçə valideyn uşaqlarını badminton bölmələrinə yazdırıb.
Badminton federasiyası tərəfindən Bakı ilə yanaşı, Lənkəranda, Qubada və Göygöldə açıq havada badminton master-klassları təşkil olunub. Məqsəd əhali arasında badmintona maraq oyatmaq və bu idman növünü hamı üçün əlçatan etməkdir.

“Şən inklüziv badminton”

Apreldə badminton federasiyası ilə DOST inklüziv inkişaf və yaradıcılıq mərkəzinin birgə əməkdaşlığı çərçivəsində “Şən inklüziv badminton” layihəsi də başlayıb. Əsas məqsəd  əhalinin həssas təbəqəsindən olan şəxslərdə badmintona maraq yaratmaq, bu idman növünün hamı üçün əlçatan olmasını təbliğ etmək, əyləncəli və səmərəli vaxt keçirməkdir. Festival zamanı virtual guşədə fiziki məhdudiyyəti olan uşaqların  badminton oynaması üçün xüsusi texniki avadanlıqla təchiz olunmuş virtual reallıq proqramı nümayiş etdirilib. Proqram xüsusi səs effektləri və 3D görüntü vasitəsi ilə fiziki məhdudiyyətli iki inklüziv benefisiara öz həmkarları ilə virtual formada badminton oynamaq imkanı qazandırır. Qonaqlar benefisiarların əl işlərindən ibarət sərgi ilə də tanış olublar. Milli olimipiya komitəsinin 30-illik yubileyi çərçivəsində keçirilən tədbirə konsert proqramı ilə yekun vurulub.

Mədəniyyət paytaxtında və Mingəçevirdə düşərgələr

Avqust ayında ABF “Sehirli diyar Şuşa” beynəlxalq skaut düşərgəsinə qatılıb. Tədbir ərazisində kort quraşdırılıb və iştirakçılara ləvazimatlar paylanılıb. Bu idman növü orada yaşayan uşaqlarda maraqla qarşılanıb. Sentyabrda Mingəçevirdə düşərgə təşkil olunub. 19 şəhər və rayondan ümumilikdə 100 nəfər iştirak edib. Onlar əvvəlcə badminton haqqında məlumat əldə edib, sonra yarışının iştirakçısı olublar. Fərqlənənlər hədiyyələrlə mükafatlandırılıblar.
ABF-in idarə heyəti, eləcə də İnkişaf komitəsinin üzvü Mirzə Orucov deyib ki, gələn yay Avropa badminton federasiyasının xətti ilə 10-12 yaşlı məktəblilər arasında beynəlxalq düşərgə təşkil olunacaq: “Azyaşlılar nə qədər çox məşq keçsələr, topu və volanı hiss etsələr, bir o qədər faydalıdır. Əsas təməlin düzgün qoyulması, çevrənin əhatəliliyidir. Bu idman növünün inkişafı və miqyasının genişlənməsi üçün federasiyamız hər cür şərait yaradıb və bütün səylərini artırıb. Yarış təcrübəsinin artırılması istiqamətində də planlar var. Səfərlərin sayı artmaqla yanaşı, yaxın gələcəkdə daxili və beynəlxalq yarışların təşkili nəzərdə tutulub.
Gənc məşqçilərin səviyyələrinin artırılması istiqamətində də iş gedir. Bu məqsədlə onlar kurslara göndərilir. Orxan QələndərovCahid Əlhəsənov Dünya badminton federasiyası tərəfindən Sloveniyanın Podçertek şəhərində təlim proqramının yekununda “Səviyyə-2” sertifikatına layiq görülüblər. Ürfan Rzabəyli isə, Avropa badminton konfederasiyasının təşkilatçılığı ilə Kiyevdə “BEC Shuttle Time” kurslarını uğurla başa vurub, “Trainer” sertifikatı alıb”.

Novı Sadda yeni tarix

Uzun illər sonra yeniyetmələr beynəlxalq səfərə çıxıblar. Serbiyanın şimal şəhərində keçirilən yarışda millimiz uğurlu çıxış edib. 13 yaşadək qızların şəxsi mübarizəsində Leyla Camalzadə 3-cü yer tutub. O, Nəzrin Mehrəliza ilə qoşa proqramda  da bürünc medal qazanıb. Elə ilk cəhddən bəhrənin verilməsi federasiyanın düz yolda olması və qarşıya qoyulan hədəfin plan üzrə getməsindən xəbər verir. Buna qədər sözü gedən yaş dərəcəsində uğur ancaq sovetlər dönəminə aid idi.
Badmintonçuların yetişdirilməsində məktəblərin, klubların üzərinə böyük vəzifə və məsuliyyət düşür. Bu istiqamətdə Bakıda və bölgələrdə bölmələr yaradılır.
Yeri gəlmişkən, 2023-cü ildə Avropa badminton konfederasiyasının Bakıda keçiriləcək konqresini ölkə badmintonu üçün tarixi hadisədir.

“Volan” klubunun prezidenti badmintonun uşaqlara faydalarından danışır

Paytaxtda 5 ildir fəaliyyət göstərən “Volan” badminton klubunun əsas məqsədi azyaşlı uşaqların yetişdirilməsi, püxtələşməsi və milli komandaya ötürülməsidir. Öncələr məşqlər texniki və inşaat universitetlərinin idman zallarında keçirilirdi. Amma yeni tədris mövsümündən çalışmalar 2 saylı Bakı baza tibb kollecində davam etdirilir. Məkanların Yasamal ərazisində seçilməsi səbəbsiz deyil. Hələ SSRİ vaxtında bu rayonda badmintona maraq böyük olub. İstedadlı uşaq-yeniyetmələr əsasən bu bölgədən çıxırdı. “Volan”ın prezidenti Orxan Qələndərov bildirib ki, onlar məsələyə diqqətlə yanaşırlar: “Uşaqların hazırlamnasına böyük önəm veririk. Çəkdiyimiz zəhmət artıq bəhrəsini verməyə başlayıb. Klubun yetirməsi Fərəc Kərimli milliyə dəvət olunub.
Yaxşı xatırlayıram, gənc yaşlarımda komanda yoldaşım Kənan Rzayevlə beynəlxalq badminton federasiyasının xətti ilə bir ay Bolqarıstanda düşərgədə olduq. Bu müddət ərzində çox inkişaf etdik. Qayıdandan sonra ölkə çempionatında yaşlı və təcrübəli oyunçulara qalib gəlməyə başladıq. O üzdən, bu idmana erkən başlamaq lazımdır ki, yeniyetməliklə lazımi səviyyəyə çatasan. Yaxşı olar, 5-8 yaş arası. 9 və daha yuxarı olanda, artıq gecikmiş sayılır. Onların idman keçmişi varsa, yəni koordinasiya tələb edən idman növləri ilə məşğul olublarsa, nəticə qazanmaları mümkündür. Ümumiyyətlə, badmintonun faydaları çoxdur: birincisi, müasir dövrün ən böyük probləmlərindən biri uşaqların mobil telefon, planşet və kompüterlərə çox aludə olmalarıdır. Azyaşlılar bu idman növünə yazılmaqla, zərərli vərdişlərdən, ətalətdən qurtulmuş olurlar.
İkincisi, badminton gözə faydalıdır. Oftalmoloqların hamısı valideynlərə bu idman növünü məsləhət görürlər. Həm topu izləyərkən göz almaları inkişaf edir, həm də göz əzələləri daim işləyir. Eyni zamanda, uzaqlaşan-yaxınlaşan volanı izləməklə, gözlərin fokuslama qabiliyyəti güclənir.
Badminton çox sürətli oyun olduğu üçün, burada dözümlülük şərtdir. Demək, bədəndə bu istiqamət də inkişaf edir. Orqanizmə böyük kardio, fiziki güc lazımdır. Bununla yanaşı, badmintonun beyinə də xeyiri var. Çünki çox sürətli oyundur, ani anda qərar verib topu boş sahəyə göndərməlisən. Sözsüz ki, burada oyun qurmaq qabiliyyəti ön plana keçir. Müxtəlif kombinasiyalara ehtiyac yaranır”.

Hədəf götürülüb, qalır yetişmək

Proqram prinsiplərinin həyata keçirilməsi, digər yandan, tək gələcək deyil, həm də bu gün baxımından atılacaq addımların daha sistemli və səmərəli olmasına xüsusi təkan verə bilər. Bir sözlə, bu xəttə diqqət yetirilsə, “Badminton uşaq bağçası”  sadəcə mənəvi funksiya daşıyan devizdən maddi-texniki və ictimai-sosial kökləri olan hərtərəfli əməli işgüzar münasibətlər, sağlam və inandırıcı mühit formalaşmadıran vasitəyə çevrilər. Bununla da badminton, illər boyunca xidmət göstərdiyi ən ümdə vəzifələrini bərpa edərək, ümumən ölkə idmanının təşkilatçılıq sahəsində də həqiqi öncülü, habelə milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri kimi cəmiyyətin inkişaf səviyyəsinin göstəricisi olar.

Kamran HACI
Azərbaycan badminton federasiyasının və Azərbaycan idman jurnalistləri ictimai birliyinin birgə elan etdiyi yazı müsabiqəsi üçün
Mövzu: Uşaqların sağlam inkişafında badmintonun rolu

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish