- Baxış sayı: 50
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 283
- Dekabr 02, 2024
- 0
Azərbaycanı avrokuboklarda təmsil edən klublarımızın, o cümlədən, “Qəbələ”nin çıxışı futbol mütəxəssislərinin də maraq dairəsindədir. Allsport.az xəbər verir ki, onların arasında Məşqçilər Komitəsinin sədri, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov, millimizin baş məşqçisi Robert Prosineçkinin köməkçisi Mahmud Qurbanov və milli komandamızın sabiq futbolçusu Anatoli Ponomaryov da var. Onlar “Qəbələ İK”ya açıqlamalarında fikirlərini bölüşüblər.
Vaqif Sadıqov: “Qəbələ”də komanda ruhu var”
Vaqif Sadıqov “Qəbələ”nin Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil etdiyini vurğulayıb: “Qəbələ” təkcə baxımlı futbol deyil, həm də xarakter göstərən komandadır. Qeyd edim ki, püşk bu komandaya güzəşt etməyib. “Qəbələ” hələ təsnifat mərhələlərində güclü rəqiblərlə qarşılaşsa da, hər birinə əsl gücünü göstərməyi bacardı. Həm də ayrı-ayrı futbol məktəblərinə qarşı oynamalı oldu. Baş məşqçi Roman Qriqorçuk “Qəbələ”yə qələbə ruhu, qələbə qazanmağa inam verən xüsusiyyətlər gətirə bilib. Bu, çox önəmlidir. Uğurlu çıxışın davamı mütləq gələcək. “Qəbələ” çempion “Qarabağ”la matçda da əsl simasını, çox mübariz komanda olduğunu göstərdi. Komandanız hesabda geriyə düşüb azlıqda qalsa da, özündə güc taparaq məğlubiyyətdən qurtula bildi”.
O, həmçinin, “Qəbələ”nin növbəti ilkə imza atacağına inanır: “Qəbələ”də komanda ruhu var. Bunun qrupa vəsiqə qazanmaqla nəticələnəcəyini gözləyirik. Mən bilərəkdən rəqiblərdən söz salmadım. Çünki hesab edirəm ki, tarixi yazan biz olmalıyıq”.
Mahmud Qurbanov: “Panatinaikos”u üstələmək olar”
Mahmud Qurbanov “Qəbələ”nin Yunanıstanın vitse-çempionu ilə matçda üstün keyfiyyətlərindən yararlanacağına ümid edir: “Komanda əzmkar oyunu ilə 3 mərhələ keçdi və pley-off mərhələsində oynamağa layiq olduğunu göstərdi. Bu uğuru alqışlamaq lazımdır. Qriqorçukun heyətə yeni cəlb etdiyi futbolçular komandaya hələ tam adaptasiya olmasalar da, “Qəbələ” komanda şəklində sonadək mübarizə aparmaqla pley-off mərhələsinədək irəliləyib. Növbəti uğura imza atmaq üçün “Panatinaikos”u da üstələmək lazımdır. “Qəbələ”nin yeni futbolçuları çox təcrübəlidir. Komanda həm də onların zəngin təcrübəsindən bəhrələnərək uğur qazana bilər. Bütün bunlar bizdə “Qəbələ”nin qrup mərhələsinə vəsiqə qazanacağına inam yaradır. Çox istərdim ki, Azərbaycan ilk dəfə 2 klubla qrup mərhələsinin iştirakçısı olsun. Bu, baş versə, futbolumuz üçün böyük uğur olacaq. Fürsətdən istifadə edib, qəzetiniz vasitəsilə həm “Qəbələ”yə, həm də “Qarabağ”a pley-offda uğurlar arzulayıram”.
Anatoli Ponomaryov: “Qəbələ” şansını dəyərləndirməlidir”
Yunanıstan Superliqasında oynamış ilk azərbaycanlı futbolçu olan Anatoli Ponomaryov vaxtilə “Ksanti”nin heyətində çıxış edərkən “Panatinaikos”a rəqib olub: “Panatinaikos” yaxşı tanıdığım komandadır. O, həmişə Yunanıstanda aparıcı klublardan olub. Üstəlik, Afina təmsilçisinin avrokuboklarda böyük təcrübəsi var. Təbii ki, mənim oynadığım dövrlə müqayisədə “Panatinaikos”un heyəti tam dəyişib. Ancaq o, yenə də öz ölkəsinin ən güclü klublarından biri olaraq qalır. Yunanıstanda azarkeşlər sevimli komandalarına güclü dəstək verirlər. “Panatinaikos”un da fanatları bu cəhətdən çox fəaldır. Tribunalar dolu olur və 90 dəqiqə dayanmadan komandanı qələbəyə səsləyirlər. “Panatinaikos”un əsas qol ümidi Markus Berqdir. Onu yaxşı tanıyıram. Xeyli vaxtdır bu komandada çıxış edir. İsveç yığmasının da əsas hücumçularındadır. “Panatinaikos”un hücum xəttinin müdafiəsindən daha güclü olduğunü düşünürəm. Ön xəttdə çıxış edənlər fərdi oyun keyfiyyətləri ilə seçilirlər. Ümumiyyətlə, Afina təmsilçisi sürətli komandadır. Ancaq futbolda kimin qalib gələcəyini əvvəldən söyləmək mümkün deyil. Avropa Liqasında pley-off mərhələsinə kimi irəliləmiş “Qəbələ” qrupa mərhələsinə düşmə şansını maksimium dəyərləndirməlidir”.
Qeyd edək ki, Anatoli məşhur futbolçumuz, Olimpiya çempionumuz, milli komandamızın sabiq baş məşqçisi İqor Ponomaryovun oğludur.