Paytaxtda idman fizioterapevtləri üçün beynəlxalq seminar

Beynəlxalq Olimpiya Komitəsinin “Olimpiya həmrəyliyi” proqramı, Beynəlxalq Atletika Federasiyasının, Milli Olimpiya Komitəsinin və Atletika federasiyasının dəstəyi ilə Bakıda idman fizioterapevtləri üçün beynəlxalq seminar keçirilir.

Allsport.az saytı xəbər verir ki, toplantı almaniyalı mühazirəçi və fizioterapevt Timo Lindeman tərəfindən aparılır. Seminarda yerli fizioterapevt və idman həkimləri ilə yanaşı, Türkiyə, Belarus, Ukrayna, Estoniya və Latviyanın nümayəndələri də iştirak edirlər.

Tədbir çərçivəsində mühazirələr MOK-un inzibati binasında, praktiki hissə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının laboratoriyasında keçirilir. Yığıncağın sonunda iştirakçılar imtahan verəcəklər. İmtahanı uğurla keçəcək namizədlərə Beynəlxalq Atletika Federasiyasının sertifikatları təqdim olunacaq.