Pekin-2022 qış paralimpiya oyunları ilə bağlı Şəfəq Hüseynlinin hesabatını dərc edib

Ümumdünya Antidopinq Agentliyi (ÜADA) “Pekin-2022” Qış Paralimpiya Oyunlarında antidopinq proqramı və dopinq nəzarətini qiymətləndirən geniş hesabat dərc edib. Allsport.az saytı xəbər verir ki, hesabat AMADA-nın direktoru Şəfəq Hüseynlinin rəhbərlik etdiyi ÜADA-nın Müstəqil Müşahidəçi Qrupu tərəfindən hazırlanıb. Hesabatda bildirilir ki, ÜADA-nın müşahidəçi qrupu təsisatı Olimpiya və Paralimpiya Oyunları da daxil olmaqla böyük idman tədbirlərində antidopinq proqramının bütün aspektlərini nəzərdən keçirməyə imkan verən mühüm monitorinq elementidir. Hazırlanan hesabatlar dopinq nəzarətinin təkmilləşdirilməsi, mövcud çatışmazlıqların aradan qaldırılması və gələcəkdə daha təkmil antdopinq proqramlarının hazırlanması üçün vacibdir.

ÜADA hesabatla bağlı ictimaiyyət üçün geniş açıqlama da yayıb. Açıqlamada Müstəqil Müşahidəçi Qrupunun rəhbəri Şəfəq Hüseynlinin də fikirlərinə geniş yer verilib: “Pekin 2022 Qış Paralimpiya Oyunlarında ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna rəhbərlik etmək böyük şərəf idi. Müşahidəçi Qrupu Beynəlxalq Paralimpiya Komitəsi başda olmaqla Oyunları yüksək səviyyədə təşkil edən və antidopinq proqramının uğurla həyata keçirilməsinə töhfə verən bütün tərəfdaşlara təşəkkür edir.” Şəfəq Hüseynli, nümunə toplama heyətinin məsuliyyəti və peşəkarlığı, habelə könüllülərin dəstəyi ilə oyunlarda antidopinq proqramının uğurla icra edildiyini bildirib. Pandemiya səbəbindən yaranan məhdudiyyətlərə baxmayaraq dopinq nəzarəti effektiv şəkildə təşkil olunub.

Hesabatda bildirilib ki, Pekində keçirilən Qış Paralimpiya oyunlarında icra olunan antidopinq proqramında bir sıra yenilikləri və müsbət təcrübələr olub. Bütün bunlar növbəti oyunlarda həyata keçiriləcək antidopinq proqramlarında nəzərə alınacaq.

Xatırladaq ki, 4-13 mart 2022-ci il tarixlərində keçirilmiş “Pekin-2022” Qış Paralimpiya Oyunlarında ÜADA-nın Müstəqil Müşahidəçi Qrupuna AMADA-nın direktoru Şəfəq Hüseynli rəhbərlik etmişdi.
Müşahidəçi Qrupuna sədr- Azərbyacandan AMADA-nın direktoru Şəfəq Hüseynli, digər ölkələrdən sədr müavini- İtaliyadan ÜADA-nın Test üzrə Baş meneceri İlaria Baudo, üzvlər-Birləşmiş Krallıqdan Beynəlxalq Reqbi Federasiyasının Antidopinq üzrə baş meneceri Mayk Earl, Misirdən ÜADA-nın Afrika ofisinin meneceri Sameh Elray və El Salvadordan ÜADA-nın Ateletlər Komitəsinin üzvü Adriana Eskobar daxil idi.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish