“Prosineçki Foqtsdan daha çox seviləcək”

“İnter”in xorvatiyalı yarımmüdafiəçisi Matiya Şpiçiçin azerisport.az saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Robert Prosineçki yığmamızı çalışdırmağa çox yaxındı. Bunu necə qarşıladınız?
– AFFA düzgün seçim edib. Amma o, yığmaya belə bir çətin vaxtda dəvət olunduğuna görə, vaxt verilməlidir. Mən onu həm yaxşı insan, həm də məşqçi kimi tanıyıram.

– O, bizim futbola nə verə biləcək?
– Bunu zaman göstərəcək. Prosineçkinin potensialına şübhə etmirəm.

– Bu məşqçi startda 4 ardıcıl məğlubiyyətlə üzləşən komandanı bu durumdan çıxarmağa hazırdır?
– Bu seçmə mərhələdə nəyəsə nail olmaq artıq çətin görünür. Amma düzgün iş qurulacağı halda vəziyyəti dəyişmək olar. Məsələn, ardıcıl üç oyun ardıcıl qələbə qazanmaqla nəsə etmək mümkündür.

– Prosineçkinin komandası necə futbol oynayacaq?
– O, hücum futbolunu sevir. Fikrimcə, Prosineçki ilk növbədə azərbaycanlı futbolçuların imkanlarını dəyərləndirəcək. Taktikasını da əlindəki materiala uyğun qurmağa çalışacaq.

– Bu xəbəri Xorvatiya futbol ictimaiyyəti necə qarşıladı?
– Normal. Onun Bosniya və Herseqovina, Bolqarıstan yığmalarını da çalışdırmaq variantı var idi. Amma gördüyünüz kimi, seçimini Azərbaycanın lehinə etdi. Bunun niyəsini bilmirəm. Öz şəxsi işidir.

– Geridə qalan altı il ərzində Berti Foqtsu tənqid etməyən qalmadı. Onun mətbuatla münasibətləri də ideal deyildi. Prosineçki ilə bağlı vəziyyət necə olacaq?
– Bu, onun işidir və hər şeyə hazır olmalıdır. Nəticə olmayacaqsa, tənqidlər mütləq olacaq. Mənim tanıdığım Prosineçki futbolçularla da, mətbuatla da dil tapa biləcək. Əminəm ki, o, Foqtsdan daha çox seviləcək.

Həmin kateqoriyadan