Qərbi Azərbaycan icmasının idman siyasəti beynəlxalq müstəviyə doğru

Qərbi Azərbaycan icmasının idman siyasətinin beynəlxalq arenaya qapıları açma vaxtıdır. Son zamanlar Qərbi Azərbaycan icması daxilində idman vasitəsi ilə təşkilat daxili birlik, bərabərlik və yurd yerlərimizin geniş təbliğ edilməsi davamlı olaraq, silsilə tədbirlərlə ardıcıl həyata keçirilir. Buna misal mini futbol üzrə artıq ikinci dəfə təşkil edilən Qərbi Azərbaycan kubokunu göstərmək olar. Lakin icmadaxili aparılan bu fəaliyyətləri artıq beynəlxalq müstəviyə çıxatmaq üçün praktik addımların atılma zamanı çatmışdır. Bunu politoloq (qlobal idman siyasəti üzrə ekspert) Pərvin Mehdiyev Qərbi Azərbaycan icmasının idman siyasətinin beynəlxalq arenaya çıxışının genişləndirilməsi haqqında allsport.az-a danışıb:

“Beynəlxalq müstəvidə müstəqil futbol assosiasiyaları konfederasiyası (CONİFA) adlı təşkilat vardır. Bu təşkilatın əsas fəaliyyəti FİFA-nın himayəsi altında olmayan, millətləri, azlıqları, təcrid olunmuş asılılıqları və ya mədəni bölgələri təmsil edən milli komandaları siyasi baxımdan neytral olaraq bir çətir altında birləşdirməklə dünya və qitə çempionatları təşkil etməkdir. Təşkilat FİFA ilə sıx münasibətli fəaliyyət qurmuş və bura üzv milli təşkilatlar, təmsil olunmayan millətlər və xalqlar təşkilatı və ya Avropa millətlərinin federal təşkilatına üzv olanlar qoşula bilərlər. Ona görə də Qərbi Azərbaycan futbol federasiyasının təsisliyi labüddür. Bu təşkilatın yaranmasına əsas artıq ikinci dəfə təşkil edilən mini futbol üzrə Qərbi Azərbaycan kubokunu götürmək olar. Dünyada yaşayan ermənilər artıq bura 3 milli komanda ilə qoşulmuşdur.

Bunlar Qərbi Ermənistan, Artsax və Argentina erməniləri adlı təşkilat komandalarıdır. Eyni zamanda təşkilatda Şərqi Türküstan, Şimali Kipr kimi milli komandaların da olması türk diaspor təşkilatlarını birgə fəaliyyətə gətirməlidir. Gələcəkdə dünyada yaşayan türklərin çoxluq təşkil etdiyi bölgələrdə milli təşkilatlar yaradaraq, milli kimliklərinin daha geniş kütlələrdə tanınmasına vəsilə olmaq lazımdır. Bunlar hamısı mümkündür. Amma ilk öncə Qərbi Azərbaycan komandasını formalaşdırmalıyıq! İdman mədəni silah, eyni zamanda beynəlxalq arenada yumuşaq gücün nümayişidir. İnanıram ki, İcma digər sahələrdə olduğu kimi idman sahəsindən də düzgün istifadə edəcəkdir”.

Həmin kateqoriyadan