Qadın cüdoçular birincidilər

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa kuboku başa çatıb. Allsport.az xəbər verir ki, yarışın sonuncu – ikinci günündə milli komandanın 3 üzvü fəxri kürsüyə yüksəlib.

48 kq çəki dərəcəsində Könül Əliyeva bütün görüşlərdə qalib gələrək qızıl medal qazanıb. Cüdoçu finalda polşalı Natalya Stoklosanı məğlub edib. Bu çəkidə digər təmsilçi Leyla Əliyeva isə bürünc medala sahib çıxıb.

52 kq çəkidə tatamiyə çıxan Gültac Məmmədəliyeva da keçirdiyi üç görüşdən qalib ayrılaraq qızıl medala layiq görülüb. O, finalda Buketnur Qarabuludu (Türkiyə) üstələyib.

Yarışın ilk günündə isə Günel Həsənli (70 kq) bürünc medalla yadda qalmışdı.

Beləliklə, Azərbaycan yığması ümumilikdə 2 qızıl və 2 bürünc medal qazanaraq 30 ölkə arasında qadınların mübarizəsində 1-ci, ümumi komanda hesabında isə 5-ci yeri tutub.

Həmin kateqoriyadan