“Qarabağ” və “Qəbələ” fanatları ölkə kubokunun Naxçıvanda keçirilməsinin əleyhinədir
11 aprel 2017 / 16:34 Baxış sayı: 991 Azərbaycan kubokunun final matçının Naxçıvanda keçirilməsi həlledici mərhələyə çıxan komandaların azarkeşlərini razı salmır. Allsport.az saytı xəbər verir ki, mayın 5-ə təyin olunan görüşün muxtar respublikada təşkil olunması üçün fanatlar bəyanat yayıblar. Onlar final məkanını yerinin dəyişdirilməsini istəyiblər.
“Qəbələ” fanatları sosial şəbəkədə yerləşdirdikləri bəyanatda bu oyunu stadiondan izləmək üçün imkanlarının olmadığını bildirirlər: “Oyunun Naxçivan şəhərində keçirilməsi barədə qərar qəbul olunub.Bu qərar isə azarkeşlərin haqlı narazılığı ilə qarşılanıb. Həm “Qəbələ”, həm də “Qarabağ” azarkeşlərinin maraqla gözlədikləri matçı – mövsümün yekun qarşılaşmasını izləmək ehtimalı seçilən stadiona görə xeyli azalıb. Buna səbəb yolun uzaq olması, bir çox azarkeşin səfər imkanının olmamasıdır. Naxçıvan şəhərinə təyyarə qiyməti bir nəfər üçün 100 AZN-dir (gediş-dönüş).
Buna yemək və digər xərcləri də əlavə etsək, bu məbləğ ən az 150 AZN olur. Avtomobil yolu ilə hərəkət isə çox uzun olmaqla yanaşı, digər ölkə hüdudlarını keçdiyimizə görə xarici pasport tələb edilir. Bir çox azarkeşin isə xarici pasportu yoxdur. Bütün bu sadalanan səbəbləri və matçın daha rəngarəng, daha maraqlı keçməsi istəyimizi nəzərə alaraq, “Qəbələ” azarkeşləri adından final oyununun “Bakcell Arena”da və ya digər stadionlarımızdan birində keçirilməsini Peşəkar Futbol Liqası rəhbərliyindən xahiş edirik!”
“Qarabağ” azarkeşlərinin bəyanatı da buna oxşardı: “Artıq hər birimizə məlumdur ki,bu il Azərbaycan kubokunun final matçı mayın 5-də Naxçıvan şəhərində baş tutacaq.Naxçıvan şəhərinin Azərbaycan Respublikasının digər əraziləri ilə quru sərhədi olmaması da hamımıza bəllidir.Bu səbəbdən doğma şəhərimizə gediş-gəliş digər regionlarımıza səfər etməkdən daha çətin başa gəlir.Mayın 5-də baş tutacaq “Qarabağ” – “Qəbələ” matçında iştirak etmək üçün ilk ağıla gələn seçim avtobusla səfəri təşkil etmək olsa da, əsində bu, ən çətin olanıdır.
Belə ki, avtobusla gediş-gəliş üçün hər birimizə həm pasport, həm də 3 gün vaxt lazım olur. Çünki quru yolu ilə getmək üçün İran İslam Respublikasından keçmək labüddür. Digər seçim hava yolu ilə Naxçıvana yollanmaqdır ki, bunun üçün də bir nəfər ən azı 120 manat pul lazımdır.Azarkeş qrupumuza 40 nəfər (ən az) Naxçıvana yollanacağı halda 4800 manat pul lazım olur ki, mövcud vəziyyətdə bu məbləğin bir azarkeş qrupu üçün çox ciddi rəqəm olduğun bilmək çətin deyil. Doğrudur, biz “Qarabağ”ımız üçün hər cür çətinliyi sinə gərmişik və gələcəkdə də eyni qətiyyəti sərgiləməyə hazırıq. Lakin kubokun final matçının elə də möhtəşəm stadionu olmayan və qət ediləsi məsafəsi ən uzaq olan bir şəhərimizə təyin edilməsi bizi narahat edir.
İndiyədək möhtəşəm kubok final matçları təşkil edən Peşəkar Futbol Liqası rəhbərliyinə müraciət edərək bildiririk ki, biz sizin seçiminizi başa düşürük. Sizlər Naxçıvanımızın insanlarının da futbolsuz qalmaması, heç olmasa, ilin bir günü də həmin şəhərdə futbol bayramının yaşanması üçün bu cür addım atmısınız. Bizlər də illərdir doğma şəhəri doğma komandasına həsrət qalan azarkeşlər kimi bizim üçün ən dəyərli varlığımız “Qarabağ”ımızı final matçında yalnız buraxmaq istəmirik. İnanırıq ki,Sizlər seyirci xoşbəxtliyi üçün azarkeş əziyyətini qurban verməyəcək və bu məsələyə bir daha nəzər yetirəcəksiniz”.