“Qarabağ”ın qolçusu Fransa klubuna keçir. “Müqəddəslər” İbrahim üçün 1 milyon avro ödəyəcək

“Qarabağ”ın futbolçusu İbrahim Vədci “Sent Etyen” klubuna transfer olunur. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu tibbi müayinədən uğurla keçdikdən sonra, Fransanın 2-ci liqa təmsilçisi ilə rəsmi müqavilə bağlayacaq. Qarşı tərəf seneqallı forvard üçün Azərbaycan komandasına 1 milyon avro ödəyəcək. 

O, “Sent Etyen”in idman direktoru Loik Perren və klubun baş menecerinin müavini Samüel Rüstəmin diqqətini ötən mövsüm konfrans liqasında cəlb edib. Təcrübəli hücumçu 2021-ci ilin yayından çıxış etməyə başladığı “köhlən atlar”da 36 oyuna 26 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qarabağ” 2014/2015 mövsümündə Avropa liqasının qrupunda “Sent Etyen”lə üz-üzə gəlib və evdə 0:0, səfərdə 1:1 edib. “Müqəddəslər” Fransa 2-si liqasında mövsümə -3 cərimə xalı ilə başlayıb. Klub 5 oyundan 3 xal toplayaraq, mənfi saldonu sıfırlasa da, hazırda sonuncu, yəni 20-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish