Qurban Qurbanov: “Problemlər var, ayaq üstə qalmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Polşanın “Poqon” klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Allsport.az xəbər verir ki, PFL-ə danışan mütəxəssis 2:4 hesabıyla bitən görüşlə bağlı bunları deyib:

“Yaxşı oyun oldu. Bir az komandanın tam hazır olması hiss olundu. Matça dinamik başladıq. Daha sonra temp aşağı düşdü. Qarşımızda möhkəm komanda var idi. Bu oyun qarşıdakı işimizə faydalı olacaq. Futbolçuların idman formalarını qaytarmalıyıq. Bu gün yaxşı yoruldular. Neçə dəfə əks-hücumda yaxalandıq, özümüzün də təhlükəli hücumlarımız oldu. Çempionata hazırlaşmaq üçün 1 həftəmiz var. İstədiyimiz oyunu göstərmək üçün bir az vaxt lazım olacaq”.

Qurban Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin və müdafiəçi Abbas Hüseynovun gözlənilməz zədəsindən sonra transferdə fəallıqlarını artırdıqlarını söyləyib:

“Ciddi axtarışlar gedir. Sanki fikrimizi başqa yerə yönəltmişdik, indi başqa yerə. Birdən belə ciddi itkilərə hazır deyildik. Çalışacağıq, azından transfer dönəmi bağlanana qədər nəsə edək. Hələ ki, əlimizdəki oyunçularla davam edirik”.

“Atlılar”ın çalışdırıcısı əvəzedici komandaya göndərilən yarımmüdafiəçi Qaspar Panaderonun da əsas komandaya qayıtmayacağını bildirib:

“Müqaviləsi var. Lazım olanı edəcəyik. Əsas komandada olmayacaq. Bunu özünə bildirmişik. İstəyən olsa, onu təmənnasız göndərməyə razıyıq”.

Qurban Qurbanov konfrans liqasının pley-off mərhələsinin oyunları öncəsi hazırda komandada müəyyən sıxıntıların olduğunu qeyd etdi. Onun sözlərinə görə, belə anlarda vacib olan ayaqüstə qalmaqdır:

“Hər komandada müəyyən müddət sıxıntılar, çatışmazlıqlar olur. Həmin dönəmlərdə ayaqüstə qalmağa çalışmalıyıq. İndi də sanki o anları yaşayırıq. Həm zədələr, həm də Kadinin getməsi… Problemlər var. Bu dönəmdə düzgün və ağıllı olub, ayaqüstə qalmalıyıq”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish