- Baxış sayı: 49
- 09 Dekabr 2024 17:10
- Baxış sayı: 156
- Dekabr 09, 2024
- 0
Bu gün Azərbaycan milli antidopinq agentliyi cari ilin nəticələrinə həsr olunan mətbuat konfransı keçiridi. Allsport.az saytı xəbər verir ki, tədbirdə AMADA-nın direktoru Şəfəq Hüseynli çıxış etdi. Bütün sahələrdə olduğu kimi, ölkədə idmanda da ədalət, şəffaflıq və bərabərlik əsas prinsipinə böyük önəm verilir. 2016-cı ildə prezident İlham Əliyevin fərmanı ilə AMADA-nın yaradılması dövlətin bu prinsiplərə və təmiz idman dəyərlərinə verdiyi əhəmiyyətin təzahürüdür. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycan dünyada təmiz idman dəyərlərinə sadiq bir ölkə kimi tanınır.
AMADA fəaliyyət göstərdiyi 6 il ərzində ölkədə effektiv dopinq nəzarətini təmin etməklə yanaşı, beynəlxalq antidopinq prosesinə də töhfələr verməklə qabaqcıl milli antidopinq təşkilatlarından birinə çevrilib. O, cari ildə görülən işlərdən də danışdı və bir sıra statistik rəqəmləri açıqladı. İl ərzində idmançılardan ümumilikdə 1456 test götürülüb. Bunlardan 770 yarış müddətində 686-i isə yarışdan kənar müddətdə olub.
2022-ci il ərzində 7 antidopinq qayda pozuntusu üzrə artıq sanksiya qərarı qəbul edilib. Boksda 2, ağırlıqqaldırmada 2, güləş, karate və kikboksinq idman növlərinin hər birində isə 1 antidopinq qayda pozuntusu ilə bağlı sanksiya qərarı verilib. Antidopinq qayda pozuntularının aşkarlanmasında aparılan təhqiqatların böyük rolu var. AMADA-nın təhiqqat şöbəsi bu il 382 məsələ haqqında araşdırma aparıb. Bunlardan 28-i Antidopinq qayda pozuntusu üzrə təhqiqat , 43-ü məkan məlumatı xətası üzrə təhqiqat, 272-i dopinq nəzarəti protokolu üzrə yoxlamalar, 16-ı ifşa etmə məlumatları, 23-ü isə hədəfli testlər əsasında olub.
Şəfəq Hüseynli bildirdi ki, dopinqlə mübarizədə dopinq vasitələrinin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə xüsusi olaraq hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edilir. İl ərzində daxili işlər nazirliyi və dövlət gömrük komitəsi (DGK) əməkdaşları ilə dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə mübarizəyə həsr olunmuş işçi görüşlər olub.
AMADA-nın direktoru əlavə etdi ki, 2022-ci il antidopinq maarifləndirmə tədbirləri baxımından da zəngin olub. İl ərzində ümumilikdə 4500 nəfəri əhatə edən 47 maarifləndirmə seminarı, 10 vebinar, 12 kütləvi təşviqat tədbiri, 20 tədbir keçirilib. Bu il təkcə gənclər və idman nazirliyi və elm və təhsil nazirliyi ilə əməkdaşlıq çərçivəsində Yardımlı, Lerik, Cəlilabad, Masallı, Lənkəran, Astara, Gəncə, Şəmkir, Tovuz, Göygöl, Yevlax və Goranboy rayonlarında silsilə maarifləndirmə tədbirləri keçirilib. Bu toplantılarda 1300-dən artıq idmançı, məşqçi, həkim, və idman müəllimləri iştirak ediblər.
Beynəlxalq səviyyədə görülən işlərdən və əldə olunan uğurlardan da danışan Şəfəq Hüseynli, AMADA təmiz idmanın təşviqi məqsədilə beynəlxalq arenada fəal iştirak etdiyini söylədi. Azərbaycanın nümayəndə heyəti qismində Avropa şurasının antidopinq konvensiyasının monitorinq qrupunda, Avropa şurasının Ümumdünya antidopinq agentliyi üzrə xüsusi Avropa komitəsi (CAHAMA) və YUNESKO-nun tərəflərin konfransı və regional məsləhətləşmələrdə ölkəmizi təmsil edir. AMADA-nın təşəbbüsü ilə Avropa şurası çərçivəsində bir sıra layihələr icra olunur.
AMADA-nın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən biri antidopinq icraatı zamanı idmançıların hüquqlarının təminatı ilə bağlı layihəsi artıq uğurla yekunlaşıb. Digər beynəlxalq layihə Antidopinq sahəsində gender bərabərliyinin gücləndirilməsi layihəsinin icrası da davam edir. Layihənin həyata keçirilməsinə dəstək məqsədi ilə Avropa Şurası tərəfindən AMADA-nın sədrlik etdiyi Gender Bərabərliyi üzrə Xüsusi Komitə də yaradılıb.
Şəfəq Hüseynli dedi ki, AMADA-nın qabaqcıl antidopinq təşkilatlarından birinə çevrilməsinin digər bir nümunəsi isə iyun ayında Lozan şəhərində beynəlxalq səviyyədə antidopinq sahəsinin aparıcı təşkilatlarının – milli antidopinq təşkilatları institutunun baş assambleyası sessiyası və Ümumdünya antidopinq agentliyinin illik simpoziumu idi. İNADO-nun baş assambleyası çərçivəsində inkişaf etmiş milli antidopinq təşkilatlarının qapalı görüşünə dəvət alan azsaylı milli antidopinq təşkilatlarından biri də məhz Azərbaycanın milli antidopinq təşkilatı – AMADA idi. Bu iclaslarda dünyanın yalnız qabaqcıl təcrübəyə malik cəmi 15 milli antidopinq təşkilatı iştirak edib ki, onlardan biri də AMADA olub.
Bunadan əlavə, Azərbaycana dövlətlərin Avropa şurasının antidopinq konvensiyasına uyğunluğunun monitorinqinin aparılmasında da böyük etimad var. Bu il Azərbaycan nümayəndəsi olaraq Şəfəq Hüseynli Portuqaliyanın və AMADA-nın əməkdaşı İrlandiyanın konvensiyaya uyğunluğunun qiymətləndirilməsi məqsədi yaradılan monitorinq qruplarında ekspert qismində təmsil olunub. Bu il AMADA üçün beynəlxalq səviyyədə uğurlardan biri də Pekin-2022 qış paralimpiya oyunlarında antidopinq proqramı üzrə ÜADA-nın müstəqil müşahidəçi qrupuna rəhbərliyin ilk dəfə Azərbaycan nümayəndəsinə həvalə edilməsi idi.
Mətbuat konfransında AMADA-nın beynəlxalq və yerli səviyyədə əməkdaşlıqları, həyata keçirilən layihələr, ictimai və sosial məsuliyyət tədbirləri haqqında ətraflı məlumat verilib. Sonda isə mətbuat nümayəndələrinin sualları cavablandırılıb.