Son gündə 1 qızıl, 4 bürünc

Xorvatiyanın paytaxtı Zaqrebdə reytinq turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son yarış günündə yunan-Roma güləşi üzrə millinin 11 üzvü xalçaya çıxıb.

Elmir Əliyev (55 kq) “A” qrupunda iranlı Mehdi Əhədi (6:3), özbəkistanlı Cəsurbəy Ortikbayevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Qrup qaibi kimi yarımfinala yüksələn idmançımız amerikalı Bredi Kuntsu da üstələyib – 5:0. Elmir finalda yenidən Mehdi ilə qarşılaşıb və inamlı qələbəylə (7:0) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

60 kq-da ölkəmizi 3 güləşçi təmsil edib. Yuxarı çəkidə çıxış edən Eldəniz Əzizli startda özbəkistanlı Mehrac Bəhramovla bacarmayıb – 0:9. Nihat Məmmədli israilli Melkamu Feteneyə tam üstünlüklə (11:1) qalib gəlsə də, 1/4 finalda Bəhramova 6:11 hesabıyla məğlub olub. Hüseyn Qəribov debütdə serbiyalı Georgi Tibilova uduzub – 0:6. O, təsəlliverici görüşdə israilli Abere Feteneni üstələyib – 4:1. Ancaq bürünc medal uğrunda mübarizədə iranlı Puya Naserpura yenilib – 1:9.

Ülvü Qənizadə (72 kq) ilk mərhələdə çexlərdən Denis Mertli üstələsə (4:3) də, zədəyə görə yarışdan çəkilib. Onunla eyni çəkidə çıxış edən Ruslan Nurullayev debütdə macarıstanlı Levente Levaya 1:4 hesabıyla məğlub olub. O, təsəlliverici görüşdə finlandiyalı Matias Lipastiyə şans tanımayıb – 11:0. İranlı olimpiya və dünya çempionu Məhəmmədrza Gərayi isə həlledici qarşılaşmaya çıxmadığı üçün təmsilçimiz 3-cü yeri tutub.

Qurban Qurbanov (82 kq) serbiyalı Uroş Leçiç (8:0) və belaruslu İlya Bitseyev (6:0) üzərində inamlı qələbə qazanıb. O, yarımfinalda iranlı Qulamrza Fərahinsenjaniyə uduzub – 3:11. Qurban rumıniyalı Vasile Koyoku vaxtından əvvəl (9:0) xalçadan məyus yola salaraq bürünc medalı boynundan asıb.

Arif Niftullayev (97 kq) niderlandlı Tirone Sterkenburqu 3:2 hesabıyla üstələsə də, 1/8 finalda iranlı Şayan Habibzareyə uduzub – 0:8. Bu çəkidəki digər təmsilçimiz Murad Əhmədiyev rusiyalı Məhəmməd Murtazaliyevi minimal fərqlə (2:1) yarışdan kənarlaşdırdıqdan sonra Belarusu təmsil edən Əbubəkr Xaslaxanova uduzub – 2:12. O, təsəlliverici görüşdə iranlı Həmidrza Badkanı məyus edib – 5:4. Murad üçüncülük üçün Habibzraylə güləşib və 6:3 hesablı qələbəylə bürünc medala sahib çıxıb.

Beka Kandelaki (130 kq) Macarıstan güləşçilərinə – Dariuş Viteklə (9:0) Laslo Darabosa (8:2) qalib gəlib. O, yarımfinalda finlandiyalı Konsta Maeenpaeyə məğlub olub – 3:4. Bürünc medal görüşündə isə rusiyalı Marat Kamparova yenilib – 2:3. Ən ağır çəkidəki digər milli üzvü Sərxan Məmmədov çex diyarını təmsil edən Artur Sarkisyanla amerikalı Kourtney Frimanı 3:1 hesabıyla üstələyib. O, yarımfinalda iranlı Əliəkbər Yusifəhmədxaliyə uduzub – 1:9. Sərxan macarıstanlı Koppani Laslonu “tuş”la üstələyərək fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Beləliklə, son yarış günündə güləşçilərimiz 1 qızıl və 4 bürünc medal qazanıb.

Həmin kateqoriyadan