Suqovuşanda avarçəkmə üzrə “Prezident kuboku”nun təntənəli açılışı oldu

Mayın 6-da Tərtər rayonunun Suqovuşa qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə “Prezident kuboku-2022” reqatasının təntənəli açılışı oldu. Allsport.az saytı xəbər verir ki, mərasimində çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, turnirin önəmindən danışdı: “Otuz il işğal altında qalmış doğma Qarabağımıza həyat qayıdır. Biz buranı cənnətə çevirəcəyik. Bu gün Qarabağımıza həyat qayıdır. Hazırda Qarabağda genişmiqyaslı bərpa və quruculuq işləri görülür. Biz bütün dünyaya göstəririk ki, Azərbaycan xalqı yaradıcı və qurucu xalqdır”.

Azərbaycan avarçəkmə federasiyasının prezidenti Vüqar Əhmədov ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 30 il işğal altında qalan cənnət Qarabağımızı azad etdiyini bildirdi: “Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Novruz bayramı ərəfəsində Suqovuşana səfər zamanı avarçəkənlərin Qarabağda ilk təlim-məşq toplanışını izlədilər. Hər birimiz üçün böyük qürur hissi verir ki, bu gün biz azad olunan torpaqlarımızda ilk beynəlxalq idman yarışını da təşkil edirik”.

Türkiyə avarçəkmə federasiyasının idarə heyətinin üzvü Bülənd Ərən, Gürcüstan kanoe federasiyasının prezidenti Zaza Nadiradze Azərbaycanın işğaldan azad etdiyi əzəli torpaqlarında belə nüfuzlu yarışın qısa müddətdə yüksək səviyyədə təşkilinə və yarışlarda iştiraka dəvətə görə minnətdarlıqlarını bildirrilər.

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Prezident kuboku-2022” turnirinin keçirilməsinin önəmini vurğulayaraq, tarixi torpaqlarımızın işğaldan azad olunmasında prezident İlham Əliyevin rəhbərliyi altında əsl qəhrəmanlıq salnaməsi yaradan Azərbaycan Ordusunun rəşadətini xüsusi vurğulayıb, şəhidlərimizə Allahdan rəhmət, qazilərə isə şəfa diləyib. Bu nüfuzlu turnirin davamlı olacağına əminliyini bildirən nazir yarışı açıq elan etdi. Dövlət himninin səsləndirilməsindən sonra reqataya start verildi. Açılış mərasimini bədii hissə əvəzlədi.

Turnirin birinci günündə yarışlar Suqovuşanda keçiriləcək. Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova və Özbəkistandan 100-dən artıq avarçəkənin qatıldığı turnirdə idmançılar Suqovuşan su anbarında kayak və kanoe növlərində mübarizə aparırlar. Mayın 7-də Mingəçevirdəki “Kür” olimpiya tədris-idman mərkəzində akademik avarçəkmə üzrə qaliblər müəyyənləşəcək.

“Prezident kuboku-2022” turnirinə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən, su üzərində 3D effektli şou və atəşfəşanlıqla yekun vurulacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish