- Baxış sayı: 38
- 07 Noyabr 2024 14:05
- Baxış sayı: 245
- Noyabr 06, 2024
- 0
Serbiyanın paytaxtı Belqradda dünya çempionatına yekun vurulub. Allsport.az xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura nail olub. 2 qızıl və 3 gümüş medal qazanan bahadırlar 120 xal toplayaraq, ilk dəfə komanda hesabında dünya çempionu olub.
Öncələr sərbəst güləşdə də belə bir uğurumuz olmayıb. Buna qədər ən yaxşı nəticələrimiz sərbəst güləşdə 2009 və 2010, yunan-Roma güləşində isə 2015 və 2022-ci ildə qeydə alınıb. Həmin dünya çempionatlarında komanda hesabında 2-ci yeri tutmuşduq.
Yunan-Roma güləşi üzrə millimiz həm medalların əyarına, həm də toplanan xallara görə Azərbaycan güləş tarixinin ən yaxşı nəticəsinə yiyələnib. Dünya çempionatında İran (102) 2-ci, Türkiyə (93) 3-cü yeri tutub.
Xatırladaq ki, bu yarışda Eldəniz Əzizli (55 kq) ilə Rafiq Hüseynov (82 kq) qalib olub. Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) gümüş medal qazanıb. Komandamız 67 və 77 kq-da Paris-2024 olimpiadasına vəsiqə alıb.
Son illər bu idman növündə sabitlik diqqət çəkir. Komanda inkişafdadır. Pespektivli idmançılar etimadı doğruldurlar. Mütəxəssislər Paris olimpiadasında medalı elə bu 2 yunan-Roma güləşçisindən gözləyirlər. Uğur və ümid varsa, demək, Azərbaycan güləş federasiyası düz yoldadır. Yeni rəhbərlik köhnə sistemdə təkmilləşmə apararaq, hər 3 növdə irəliləyişə təkan verir. Ötən il sərbəstlər ümidləri doğrultdular. Bu dəfə estafet “klassiklər”ə keçdi.
2022-ci ildə ölkə başçısı İlham Əliyev 2 kərə güləşçiləri qəbul etdi və onları yüksək nailiyyət müqabilində hər dəfə 1 milyon manat müküfatlandırdı. Ölkə idmanında hələ də belə hadisə olmamışdı. Bunlar federasiya prezidenti Mikayıl Cabbarovun uzaqgörən siyasəti, vitse-prezident (eləcə də Dünya güləş birliyininn büro üzvü) Namiq Əliyevin düzgün strategiyası, icraiyyə komitəsinin üzvləri – olimpiya çempionları Namiq Abdullayev və Fərid Mansurovun təcrübələri sayəsindədir.
Bu məsələdə AGF-in baş katibi Nəsimi Musayevi qeyd etməmək ədalətsizlik olar. Onun yorulmaz fəaliyyəti nəticəsində müxtəlif yaş qrupları üzrə milli komandalarımız beynəlxalq arenalarda Azərbaycanın adını ucaldırlar. Federasiya hakimlikdə də uğura nail olub. Hazırda üç olimpiya, səkkiz 1-ci dərəcəli beynəlxalq referimiz var.
Söz yox ki, həyat davam edir və onun öz tələbləri var. Vəzifələri, məqsədləri və hədəflər isə bəllidir. Ən vacibi, bütün bunlarla Azərbaycan güləşi, sadəcə, dünya arenasında təkcə öz mövqeyini möhkəmləndirmir, eyni zamanda, tarixi keçmişinin həqiqətlərini bərpa edir, qədim və zəngin adət-ənənələr məktəbinə söykənən pəhləvanlar yurdu olduğunu bir daha nümayiş etdirir.
Hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu uğurların imtahan məqamı isə gələn ilin 26 iyul -11 avqustunda qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, Paris oyunları deyəcək. Demək, hələ görüləsi işlər də var, fəth olunası zirvələr də.