- Baxış sayı: 33
- 05 Dekabr 2024 12:42
- Baxış sayı: 104
- Dekabr 05, 2024
- 0
Bu gün “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərovun ad günüdür. Allsport.az saytı xəbər verir ki, onun 47 yaşı tamam olur. Ünlü ağırlıqqaldıran 1996-cı il Atlanta Olimpiadasının iştirakçısı, 1988-ci ildən SSRİ İdman Ustası, 2011-ci ildən isə beynəlxalq dərəcəli hakimdir. “AAAF İnşaat MMC”-nin təsisçisi, özünün rəhbərlik etdiyi “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”ın prezidentidir.
Tofiq Heydərov 16 iyul 1972-ci il tarixində Lənkəranda anadan olub. 1980-ci ildə Lənkəran şəhərindəki əvvəllər yəhudi sineqoqu olmuş binada ağır atletika ilə məşğul olmağa başlayıb. 1988-ci ildə SSRİ İdman Ustası adını alıb. 1989-cu ildə Azərbaycanın üçrəngli bayrağı ilə SSRİ çempionatına çıxıb. Buna görə təzyiqlərə məruz qalıb.
1990-cı ildə SSRİ-nin yeniyetmələrdən ibarət yığma komandanın tərkibində Macarıstanın Sekzard şəhərində keçirilən “Dostluq Kuboku”nda iştirak edib. 75 kq çəki dərəcəsində 312.5 kq (142.5+170.0) nəticə ilə üç qızıl medal – birdən qaldırma, təkanla qaldırma və toplamda – qazanıb.
16 iyul 1992-ci ildə Lənkəran şəhər Bədən tərbiyəsi və idman komitəsinin sədri təyin edilib. 1990-95-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ağır atletika ixtisası üzrə ali təhsil alıb.
1992-ci ildə ilk dəfə müstəqil Azərbaycan Respublikasını İranın Təbriz şəhərində keçirilən Asiya çempionatı və Namçu kubokunda təmsil edib və gümüş medal qazanıb. 1996-cı ilde Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında 83 kq çəki dərəcəsində 335 kq-la (152.5+182.5) 5-ci yerə çıxaraq Atlanta Olimpiya Oyunlarına lisenziya əldə edib.
1996-cı il Atlanta 26-cı Yay Olimpiya Oyunlarında ağır atletika üzrə yarışlarda 83 kq çəki dərəcəsində mübarizə aparıb. Toplamda 330 kq (150+180) nəticə ilə 11-ci yeri tutub. Olimpiadadan sonra ümummilli lider, mərhum prezident Heydər Əliyev tərəfindən rəsmi qəbul edilib və xatirə hədiyyəsi ilə təltif olunub.
Dəfələrlə Azərbaycan çempionu və rekordçusudur. Müstəqillik dövrümüzdə Azərbaycanın bütün beynəlxalq yarışlarda təmsil edən ilk ağır atletdir. 2001-ci ildə idmançı karyerasını bitirib.
Həmin il “AAAF İnşaat MMC” tikinti şirkətini təsis edib. 2006-cı ilin noyabrında rəsmi fəaliyyətə başlayan “Zirvə” İdman Klubunun (klub 2000-ci ildə işə başlayıb) təsisçisi və prezidentidir. Xırdalan şəhərindəki AAAF Park Yaşayış Kompleksininin qurucusudur.
2010-cu ildə Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti postuna təyin edilib. 2011-ci ildə öz xahişi ilə vəzifəsindən ayrılıb. 2016-cı il dekabr ayının 27-dən etibarən yenidən bu posta seçilib.