- Baxış sayı: 40
- 05 Oktyabr 2024 11:00
- Baxış sayı: 93
- Oktyabr 06, 2024
- 0
Dünyanın bir çox ölkələrində güləşin öz kökü, ənənələr məktəbi, hətta zəngin fərqli tarixçəsi var. Lakin zaman keçdikcə, deformasiyaya uğrayan bu maraqlar tarixin bir dövründən sonra yerini başqa kəmiyyət və keyfiyyətlərə verib. Hərçənd elə bu günün özündə də hər hansı bir ölkənin güləşini onun tarixi ənənələrindən sezmək olur. Bu mənada hakimlik və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, növün simasına çevrilən hakimlərə dəstək verilməsi vacibdir. Hər bir bahadır kimi, bu sahədə ədaləti qoruyan insanlar zirvəyə yetişmək arzusundadırlar. Bu, bəşəriyyətin ən böyük idman təntənəsi – mübarizə meydanı olan olimpiya oyunlarıdır. Sovet dövründə 2 dəfə Məkan Zaalov, müstəqilliyimizdə elə bu sayda Oqtay Hüseynov həmin həyacanı yaşayıb. Azərbaycan hakimliyində tarix yazan 54 yaşlı Hicran Şərifovdur. O, Pekin-2008, London-2012 və Rio-2016-da yer almaqla rekord edib, üstəlik, «Qızıl fit» mükafatına layiq görülüb. Xülasə, öz sözünü artıq deyib.
2009-2011-ci illərdə bu sahədə yeni dövr başlayıb. AGF-in hakimlik kollegiyasında sədrlik estafetini Xanmirzə Məlikəliyevdən (adı çəkilən şəxs federasiyanın ilk baş katibi olub və güləş qaydaları haqqında kitabça hazırlayıb) alan Əjdər Cəfərov ciddi islahatlar apararaq, ölkədə referilərin nufuzunu qaldırır, ciddi nizam-intizam yaradır. Yeniyetmələrin ilk olimpiadası Sinqapur-2010, ardınca London yay olimpiya oyunlarında hakimlik edən keçmiş baş katib, Hicran Şərifova (1965-ci il) yoldaş olmaqla yeni səhifə açır: ilk dəfə Azərbaycanı güləş növündə 2 nəfər təmsil edir. Hərçənd yaxın keçmişdə, Atlanda-1996-da heç təmsilçimiz olmamışdı. Baxmayaraq ki, Qərib Əliyev kimi dünyada qəbul edilən referimiz vardı; amma təəssüf, o, karyerasında olimpiada görmədi və 60 yaşında təqaudə nakam yollandı. İndi mütəxəssis AGF-in kollegiya sədri olmasıyla təsəlli tapır.
Son dövrdə yeni İ-S dərəcəli ədalət qoruyucularımız yetişib. Bunlar dünən ad gününü qeyd edən İntiqam Alıyev (1980), Asif Şirəliyev (1981) və Sədi Quliyevdir (1982). Hər üçü gəncdir, əsl olimpiya oyunları idarə edəsi vaxtdadırlar. Amma… Nədir bu əmma? Güləş federasiyasının yürütdüyü yarıtmaz, ikiüzlü siyasəti. Ki, gənc referiləri önünü kəsib məhv edir. Adı ilk çəkilən qətiyyətliliyi ilə seçilir. Ötən ilin noyabrında Rumıniya paytaxtı Buxarestdə keçirilmiş U-23 dünya çempionatında onun fəaliyyəti UWW tərəfindən bir daha yüksək qiymətləndlirilib. İş o yerə çatıb ki, İntiqam Alıyev yarış boyu fasiləsiz çalışıb və əsasən xalçaya rəhbərlik edib. Həmyerlimiz Tokio-2020-yə yollanmağa layiqli namizədlərdəndir.
Asif Şirəliyev öz növbəsində, istedadlı hakimlərimizdən sayılır. O, Rio oyunlarına yollanmağa yaxın olsa da, sonradan işinin əngəllənməsi səbəbindən okeanın o tayında gedən yarışları televiziya vasitəsilə seyr etməyə məcbur qalıb. Öz üzərində çalışan gənc referi İngilis dili biliyini daha yaxşılaşdırıb, yarışlarda əlavə təcrübə toplayıb. Keçən ilin noyabrında Krasnoyarskda 3-qat olimpiya, 6-qat dünya və 6-qat Avropa çempionu Buvaysar Saytiyevin şərəfinə keçirilən sərbəst güləşçilərin U-15 beynəlxalq yarışında UWW nümayəndəsi olub. Gürcülər də tez-tez Asif Şirəliyevə müraciət edirlər. Həmyerlimiz son 4 ildə qonşularımızın daxili çempionatlarında yüksək vəzifə tutur.
Sədi Quliyev olimpiya dərəcəsini ötən dekabrda alıb. Bacarığına görə federasiya Namiq Dünyamalıyevin dünyasını dəyişməsindən sonra yarışlarda katiblik işini ona tapşırıb. Qalmaqaldan uzaq olduğu üçün, ictimaiyyətdə müsbət imic formalaşdırıb. Əksər mütəxəssislər gələcəkdə hakimlər kollegiyasında məhz onu sədr görürlər. Dürüstluyünə də şübhə edən yoxdur. Həlledici anlanda düzgün qərar verməyi bacaranlardandır. Onun arxasıycan 1-ci kateqoriyalılar Natiq Hacıyev (1965), Elman İsmayılov (1968) və Abdul Nuriyev (1972) gəlirlər. Bu hakimlərimiz də «dördilliy»i görməyə haqq edirlər.
Acınacaqlısı odur ki, belə bacarıqlı hakimlərimizin olmasına rəğmən, əksəriyyətinin gələcəyi sual altındadır. Kimsə bu 6 şəxsin yaxın gələcəkdə olimpiadaya düşməsini ehtimal etmir. Elə başa düşülməsin ki, həmin referilər səriştəsizdilər. Qətiyyən! Söhbət güləş federasiyasının tutduğu yanlış mövqedən və ayrıseçkilikdən gedir. Ən biabırçılığı – ölkə adına utanc gətirəni isə, beynəlxalq yarışlarda didişmədən irəli gələn kənar qınaqdır. Ötən ilin yanvarında Slovakiyada İ-S kateqoriyalı hakimlərin seminarından başlanan bir-birini danışdırmamaq siyasəti elə həmin ay keçirilən daxili toplantıda bir az da kəskinləşib, yekunda qalmaqalla nəticələnib. Maraqlıdır ki, tərəflər cəzasız qalıb. May ayında Kaspiyskdə ziddiyət daha dərinləşib. Vəziyyət o həddə çatıb ki, Avropa çempionatının gedişatında yenicə iş başına qayıdan 1-ci vitse-prezident Namiq Əliyev federasiyanın saytına hazırlanan yazı üçün olimpiya dərəcəli hakimlər – Hicran Şərifov, İntiqam Alıyev və Asif Şirəliyevi birgə foto çəkdirməyə məcbur edib. Keçən ilin oktyabrda Macarıstan paytaxtında təşkil olunmuş dünya çempionatında da xoşagəlməzliklər yaşanıb. Bütün bunların müqabilində indi UWW-nin yuxarı dairəsində bir fikir formalaşıb: Azərbaycanlı referilər bir-birlərilərinə quyu qazır, biri digəri ilə danışmır və sairə. Durumun bu həddə çatması federasiya tərəfindən lazımi ölçü götürülməməsi, günahkarların cəzalanmamasıdır. Yeni baş katib Orxan Məmmədov gələndən hələ bu istiqamətdə mövqe ortaya qoymayıb. Onun nə etmək istədiyi bilinmir. KİV-lə ünsiyyəti sevmir, daim məsafə saxlayır.
Hazırda ölkə hakimliyində olan vəziyyəti təhlil edək. Hicran Şərifov Tokio-2020 və Paris-2024 oyunlarına da iddialıdır. 54 yaşlı referi təqaüdə qədər rahat bu oyunlara düşə bilər. Belədə, yeni sual ortaya çıxır: bəs digərləri? Federasiya indiki durumda olimpiada 2 hakim yollamaq gücündə deyil. Görünür, heç istəmir də. Öz hayındadır, başı idmançılara qarışıb. Gecə-gündüz necə bütün çəkilərdə vəsiqə qazanmağı və Yaponiyada ən azı, Rio uğurunu təkrarlamağı düşünür. Bunun üçün ölkə rəhbərliyindən lisenziyalı yarışlardan birinin Azərbaycana salınmasına dəstək də istəyir. London-2012 məsələsinə gəlincə, onda Əjdər Cəfərov baş katib idi, o vaxtkı FİLA prezidenti Rafael Martinettinin yüksək etibarını qazanmışdı və AGF-in 1-ci vitse-prezidentindən böyük dəstək almışdı.
1-ci dərəcəlilər – Natiq Hacıyevin 54, Elman İsmayılovun 51 yaşları var. Onların yaxın illərdə olimpiya kateqoriyası alıb Paris-2024-də hakimlik etmələri xəyal kimi görünür. Halbuki hər ikisi buna haqq edir. Yuxarıda qeyd etmişəm, yenə xatırladıram, güləşdə 60 yaşında təqaüdə çıxılır. Gəlim digərlərinə. Bu 2 «dördillik»dən sonra İntiqam Alıyevin 45, Asif Şirəliyev 44 və Sədi Quliyevin 43 yaşları olacaq. Onda artıq onlar gənc sayılmayacaqlar. Hərçənd Əjdər Cəfərov Londonda hakimlik edərkən cəmi 27 yaşı vardı! Bir də unutmayaq ki, Kamran Əliyev 21 yaşında beynəlxalq dərəcə almaqla, ən gənc hakim kimi Dünya Güləş Birliyinin tarixinə düşüb. Çox gözəl, olsun, federasiya yenə «Qızıl fit» sahibinin üzərində dayansın. Amma onda gərək hakimlər kollegiyasını bir müddətə buraxılsın. Onsuzda Avropa və dünya çempionatlarını (10 günə cəmi 100 dollar) çıxmaq şərti ilə daha referilərə ezam pulu ödəmir. Nəyə lazım elə fedarasiya ki, perspektivli hakimlərin olimpiya oyunlarına yollanmasına dəstək göstərmir. Yaxşı olmazdımı növbəli şəkildə referilərimiz bir-bir, iki-iki, hətta üç-üç olimpiadaya düşsün? Maraqlıdır, AGF ölkə başçısı cənab İlham Əliyevin gəncləşmə siyasətinə belə əməl edirmi? İlin sonunda MOK-da onun rəhbərliyi ilə təşkil olunan mükafatlandırmada və AzDBTİA-da keçirilən gənclər və idman nazirliyinin yekun tədbirində qurumun prezident əvəzi Namiq Əliyev yox idi. Görünür, o dəvət almamışdı. Demək, federasiya ciddi imtahan qarşısındadır.
Güləşçilərimizin uğurları, tək tarixdə yeni səhifələr açılması baxımından əhəmiyyətli hadisə deyil. Bütün idman növlərində olduğu kimi böyük nailiyyətlərin özünün də hər 4 ildən bir böyük sınaq meydanı var. Digər yandan, olimpiya uğurları tək zəfər anı deyil. Bu, hər ötən dövrün hesabat məqamı, ələlxüsus da cəmiyyətdə oynadığı rola görə həm də milli-mədəni, sosial-məişət dəyərlərinin daşıyıcılarından biri olmaqla inkişaf səviyyəsinin göstəricisidir. Bu yolda nə qədər çox olimpiya dərəcəli hakimlərimiz olsa və onlar «dördillik»də təmsil olunsa, xain qüvvələr bizdən bir o qədər çox çəkinəcək, bahadırlarımızın yersiz sıxışdırılması hallarına çox az rast gəlinəcək. Hər sınaq düşünməyə əsas verir. Ümid edək ki, AGF olanlardan düzgün nəticə çıxaracaq və güləşin itməkdə olan nüfuzunu geri qaytaracaq.
Kamran HACI