FOTO
“Xarı bülbül” voleybol klubu ictimaiyyətə təqdim olunub

Ötən həftə kişi voleybolçulardan ibarət “Xarı bülbül” klubu ictimaiyyətə təqdim edilib. Allsport.az saytının məlumatına görə, Bakı voleybol mərkəzində baş tutan toplantıda oyunçular rəhbərliklə tanış olub. Geniş fikir mübadiləsindən sonra, qarşıdakı hədəflər açıqlanıb. “Sarı yaşıllar”ın əsas məqsədi, debütdə superliqanı qazanmaqdır.

Heyətə yerlilərlə yanaşı, bir neçə legionçu da cəlb olunub. “Xarı bülbül” artıq ölkə çempionatı üçün məşqlərə başlayıb. Kluba noyabr ayının sonuna qədər Ziya Rəcəbov rəhbərlik edəcək. Sonra onun yerini əcnəbi mütəxəssis tutacaq. Özü isə, müqavilə ilə işini İndoneziyada davam etdirəcək.  

Yeni yaradılan komanda Şuşanı təmsil edir. Təsisçi ölkəmizin yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyevdir. O, həm də milli idman geyim brendi “İL’AZERO”nun sahibidir. Mütəxəssis, klubda oyun qurucusu kimi çıxış edəcək.

“Xarı bülbül”ün prezidenti tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyevadır. O, 2017-ci ildə elmı-tədqiqat mamalıq ginekologiya institutunun “Mamalıq” elm bölməsinin böyük elmi işçisi secilib. Tanınmış cərrah 2 dərs vəsaitinin və 60-dan çox elmi məqalənin müəllifidir. Bədən tərbiyəsinə bağlıdır. İdmançılara göstərdiyi dəstəyə görə müxtəlif federasiyalar tərəfindən Fəxri fərmanla təltif olunub. O, ölkə voleybol tarixinə ilk qadın rəhbər kimi düşəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish