- Baxış sayı: 52
- 15 İyun 2025 21:38
- Baxış sayı: 64
- İyun 23, 2025
- 0
Xəbər verdiyimiz kimi, AVF-nin idman zalında 18 yaşadək voleybolçu oğlanların Azərbaycan birinciliyində “Xarıbülbül Şuşa” finalda “Murov Az Terminal”a 3:1 qalib gəlib. Çempionluq kubokunu, həlledici mərhələni trubunadan izləyən federasiya prezidenti Şahin Bağırov təqdim edib. Mədəni paytaxtı təmsil edən klubun aşağı yaş qrupunda da zirvəni fəth etməsi uca Yaradanın ədalətinin növbəti nümunəsi və tarixin xoş qanunauyğunluğudur. Nəzərinizə çatdıraq ki, son olay yenidən diqqəti “Xarıbülbül”ə çəkib. Bu üzdən uğur hekayəsini araşdırıb bölüşməyə qərar verdik.
Adı çəkilən Şuşa klubu 2022-ci ildə milli idman brendi “İl’Azero”nun sahibi, ölkəmizdə yeganə beynəlxalq voleybol agenti İlqar İmamquliyev tərəfindən yaradılıb. 2022-2023-cü illərdə kişilərdə yüksək liqanın gümüş medalçısı və “Heydər Əliyev kuboku”nun finalçısı olub. Həmin rəqabət sıralamasında “uçan çiçəklər”in gənc qızları çempionluğu bayram edib. Növbəti mövsümdə “Xarıbülbül” avrokubokda debüt edərək, ölkə idmanında Şuşa şəhərini yurd dışında ilk təmsil edən klub kimi tarixə düşüb.
“Qızılı-bənövşəyilər” kişi voleybolçuların 2023-2024 mövsümündə yüksək dəstədə şəksiz öncül olmasına rəğmən, maliyyə böhranı səbəbindən dəstəksiz qalaraq mübarizəni dayandırmaq məcburiyyətindən sonra, rəhbərlik olan-qalan gücünü aşağı yaş qruplarına yönəldib. Bunun nəticəsində U-18 komandası yerli məşqçi (!) Cavid Süleymanovun rəhbərliyi ilə çempion olub.
Maraqlıdır ki, “Murov Az Terminal”ın başında əcnəbi mütəxəssis Oleq Bulbenkov dayanıb. “Gömrükçülər” – gündə 2 dəfə məşq keçməsinə, hər tərəfli maddi-texniki şəraitlə təmin olunmasına, həlledici görüş ərəfəsində “Sumqayıt”ın pakistanlı legionçusu və 2-3 superliqa oyunçusu ilə güclənməsinə rəğmən, hazırlıq üçün düz-əməlli yeri olmayan, normal qidalanmayan, 2 il məvacib almayan “Xarıbülbül”ün müqavimətini qıra bilməyiblər. Fərəhlidir ki, “uçan çiçəklər”in 5 üzvü yeniyetmələr millisinə dəvətlidir. Belə olan halda, bu klub niyə köməksiz qalmalıdır?
“Xarıbülbül”ün akademiyası “Zikonun uşaqları” (“Ziko kids”) ilə müşərək çalışır. Bu məktəbinin yaradıcısı, “Cakarta” komandasını İndoneziya çempionu etmiş azərbaycanlı məşqçi Ziya Rəcəblidir. Hər 2 voleybol ocağı təmənnasız ölkə idmanına xidmət edir və müxtəlif yaş dərəcələri üzrə seçmələrə oyunçu yetişdirirlər. Buna baxmayaraq, əsas işdə onlar yaxına buraxılmırlar.
“Azərlotereya” ASC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində şirkətin baş himayəçiliyi ilə aprelin 29-da qadın voleybolçulardan ibarət “DH Volley” klubu təqdim olunub. “DH İdman” MMC-nin təsis etdiyi bu komanda 2025/2026 mövsümündə Azərbaycan çempionatının yüksək liqasında və ölkə kubokunda iştirak edəcək. Mərc şirkətinin belə bir iddiada olması öncədən məlum idi. Ötən il bu barədə AVF prezidenti Şahin Bağırov yeni mövsümün başlaması ilə bağlı “Naxçıvan-Həyat” mehmanxanasında təşkil olunan mətbuat konfransında demişdi.
Keçən ilin oktyabrın 8-də Azərbaycan voleybol federasiyası ilə “Misli” arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşmaya görə, bu mərc şirkəti bölgələrdə uşaq və yeniyetmə oyunçulara himəyadarlıq etməlidir. Gələn mövsüm isə, “Misli” kişilərin yüksək liqasında çıxış etmək niyyəti idi. O zaman AVF-in vitse-prezidenti Faiq Qarayev məsələyə toxunaraq, allsport.az saytına bildirmişdi ki, yaxşı olardı bu şirkət “Xarıbülbül Şuşa”ya hamilik etsin:
““Misli” ölkə çempionatına qoşulmaq istəyir. Bu, təqdirəlayiqdir. Yaxın gələcəkdə elitada regionları təmsil edəcək klubların sayı artacaq. Bu üzdən, yaxşı olardı ki, “Misli”nin sponsorluq edəcəyi klubun adı “Xarıbülbül Şuşa” olsun. Yəni, həmin şirkət ötən il maliyyə sıxıntısı üzündən fəaliyyətini dayandıran “Xarıbülbül”ə himayədarlıq etsin. Öz dəyərlərimizə sahib çıxmalı, onu təbliğ etməliyik”.
Bu arada, ölkə voleybolunda daha bir klubun yaranacağı deyilir. “Turan” – yüksək liqada çıxış etmək istəyir. Çox güman, futbolda olduğu kimi, orada da baş sponsor eyni olacaq. Tovuzu təmsil edəcək komanda futbolda olduğu kimi, “Hünər” qrupun gəlişi ilə yalnız rəmzi məna daşıyacaq, meydan ətrafında ideoloji təbliğat aparılmayacaq.
Belə görünür, ölkə başçısı İlham Əliyevin bu milli siyasətisinə soyuq münasibət göstərənlər Şuşa və Laçına, ümumən Qarabağa aid şəhər-rayon adlarına biganədirlər. Bu üzdən “Azərlotereya” deyək, ya “Misli”, kişilərdə “Xarıbülbül”ə görə səmt dəyişərək, qadınlarda klub yaratmağa qərar verib. Yeri gəlmişkən, yaxın günlərdə Azərbaycan – Türkiyə – Pakistan prezidentlərinin Laçında tarixi zirvə görüşü sözü gedən bölgədə işıqlı gələcəyə eyham vurub. Ümid edək ki, “uçan çiçəklər”in arzuları uçub havada qalmayacaq, ölkə voleyboluna da yeni nəfəs vermək istəyən Ehtiram Quliyev futbolda Turan “qurmamış”, digər idman növünə keçməyəcək, öz ruhunu “Xarıbülbül”ə verəcək. Zatən hər ikisi eyni şeydir. Elə soyadlar da…