Yay idman növləri üzrə Avropa çempionatında fiasko! Gənclər və idman nazirliyi hara baxır?

Konyada İslam oyunları ilə yanaşı, Azərbaycan idmançılarının iştirakı ilə daha bir mühüm tədbir baş tutub. Allsport.az saytı xəbər verir ki, söhbət Münxenin ev sahibliyi etdiyi yay idman növləri üzrə vahid Avropa çempionatından gedir. Yarışların demək olar eyni vaxtda keçirilməsinə baxmayaraq, bəzi idmançılarımız hər 2 sınaqda çıxış etməyi bacarıb. Birləşmiş Avro 2-ci dəfədir keçirilir. 2018-ci ildə ona Berlin və Qlazqo ev sahibliyi edirdisə, indi Almaniyanın digər iri şəhərində təşkil olunub. Buraya gimnastika, atletika, triatlon, avarçəkmə, velosport, su idman növləri və digərləri daxil idi.

Yarışlar avqustun 11-də qadınların idman gimnastikası ilə başlayıb. Maraqlıdır ki, qızlarımızın çıxışı zamanı, Konyada bu formada medallar uğrunda mübarizəyə kişilər başlayıblar. Sonradan onlar Almaniyaya, qadın komandası isə əksinə, vahid qitə çempionatından İslamiadaya yollanıblar. Münxendə tarixi nailiyyəti yeniyetmə Nəzrin Teymurova əldə edib və o, final mərhələsinə yüksələn ilk yerli idmançı olub. Dayaqlı tullanmada ümumi 5-ci yer tutub. Kişi idman gimnastikasında Nikita Simonov şah fəndində – halqalarda finala vəsiqə qazanıb, sonda o da 6-cı olub.

Bu arada, Münxendə təmsilçilərimiz arasında fəxri kürsüyə ən çox çəkicatan Anna Skidan yaxın olub. İslamiadanın qalibi təsnifatda 74 metr 57 sm nəticə göstərib. O, öz qrupunda 1-ci olsa da, həlledici raundda bir qədər zəif təsiz bağışlayıb (70,88), yekunda 4-cü yer tutub. 3-təkanla tullanmada medal ümidlilərimiz Nazim BabayevAleksis Kopelyo finala yüksələ bilməyiblər. Avarçəkmədə Bəhmən Nəsiri mükafatsız qalıb. Nəhayət, triatlonda Rostislav Pevtsov 14-cü nəticə göstərib. Lakin o, mayın sonunda başlayan olimpiya vəsiqəsinə doğru xal toplaya bilib.

Komanda hesabında ev sahibləri 1-ci (26-20-14), Böyük Britaniya (24-19-17) 2-ci və İtaliya (14-18-19) 3-cü olub. Medal qazanan dövlətlərin sayı 39-dur. Azərbaycan 53 iştirakçı arasında siyahıya düşməyib. Bədnam qonşumuz Ermənistan 1 qızıl və 1 gümüşlə 28-ci sıranı tutub. Nəzərə alaq ki, birləşmiş Avropa çempionatına salınan idman növləri olimpiya proqramına daxildir. Mərhum gənclər və idman naziri Azad Rəhimovun dönəmində, 2018-ci ildə ilk dəfə keçirilən tədbirdə Odlar yurdu 1 gümüş medal ilə 34 fərqlənən ölkə arasında 28-ci olmuşdu.

Münxen-2022 vahid Avropa çempionatında mükafat qazana bilməsək də, Azərbaycan əsilli Böyük Britaniya təmsilçisi Cessika Qədirova sevinib. 17 yaşlı gimnast xalça üzərində hərəkətlərdə qalib olub. Onun əkiz bacısı Cennifer Qədirova da gimnastdır. Tokio olimpiadasında komanda yarışında 3-cü yeri qazanaraq, 93 ildə ilk dəfə bu dövlətə adı çəkilən idman növündə olimpiya medalı gətirib. Cessika və Cenniferin hər 2 valideyni azərbaycanlıdır.

Maraqlıdır, gənclər və idman nazirliyinin indiki rəhbərliyində yer alanlar nə düşünürlər? Ötən gün ölkə başçısı İlham Əliyev 5-ci İslam həmrəyliyi oyunlarında mükafat qazanan idmançılarla görüşdə, Paris olimpiadasını xüsusi vurğulayıb: “İslam oyunlarından sonra isə əlbəttə ki, istirahət dövrü olmalıdır, amma çox çəkməməlidir, çünki qarşıda yay olimpiya oyunları durur, o qədər də çox vaxt qalmayıb, cəmi 2 il qalıb.

Ona görə yaxın aylarda artıq hazırlığa başlanmaq lazımdır, ondan sonra təsnifat turnirləri başlayacaq, komandamız formalaşacaq. Hesab edirəm ki, indi bütün idman qurumlarının əsas məqsədi yay olimpiya oyunlarına hazır olmalıdır. Mən əminəm ki, bütün idman qurumları burada da öz vəzifə borclarını bilirlər, yaxşı dərk edirlər və beləliklə, yay olimpiya oyunlarında biz ölkəmizi ləyaqətlə təmsil edəcəyik.”

Belə görünür, gənclər və idman nazirliyinin başbilən(lər)i beynəlxalq olimpiya komitəsinə özlərinin yaratdıqları yeni idman-əyləncə növlərini (tədbirlərdə şəkil çəkdirmək və tədbirlərdə görüntü yaratmaq) yarışların proqramın daxil olunması ilə bağlı təklif hazırlayır. Yəqin hesab edirlər ki, bu minvalla Paris olimpiadasında rəqabətsiz 2 qızıl medal əldə edəcəklər. Ayrı cür mümkün də deyil. İndiki durumda yersiz yükləmələrlə nəinki final, üfüqdə heç bürüncün parıltısı görünmür. Belə çıxır ki, Azad Rəhimovun komandasının dönəmində London-2012-də qazanılmış 2 qızıl, 2 gümüş, 6 bürünc (indiyədək olimpiadalarda ən yüksək nəticə!) və ya Rio-2016-da 18 rekord mükafat (1 qızıl, 7 gümüş, 10 bürünc) bundan sonra xəyal olaraq qalacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish