Jurnalistlər arasında Zəfər kubokunu “Ağdam” qazandı

İdman araşdırmalar mərkəzi və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında minifutbol üzrə Zəfər kubokunda final oyunu keçirilib.

Allsport.az saytı xəbər verir ki, mayın 4-də İAM-ın yaradılmasının ildönümündə start götürən turnirin həlledici qarşılaşması iyunun 19-na – mərhum jurnalist və idman xadimi Elnur Əşrəfoğlunun anadan olmasının 48-ci ildönümünə təsadüf edib. Bu münasibətlə təşkilatçılar və iştirakçı komandaların nümayəndələri saat 10:00-da mərhumun ailə üzvləri ilə birlikdə onun Saray qəbiristanlığındakı məzarını ziyarət ediblər.

Final görüşündən öncə Bakı olimpiya stadionunun tribunalı qapalı meydançasında milli məclisin deputatları ilə 1-ci Qarabağ və 44-günlük 2-ci Vətən müharibəsində iştirak etmiş jurnalistlərdən ibarət “Suqovuşan” komandası arasında yoldaşlıq oynanılıb. Qarşılaşma həmkarlarımızın 4:1 qələbəsi ilə başa çatıb.

Ardınca isə “Xocavənd” və “Ağdam” komandaları arasında final oyunu təşkil olunub. Milli məclisin deputatları bu qarşılaşmada da fəxri qonaq qismində iştirak ediblər. Onların sırasında “Qəbələ” futbol klubunun prezidenti Fariz Nəcəfov, Azərbaycan voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev, minifutbol üzrə Avropa çempionluğu qazanmış Azərbaycan milli komandasının üzvləri, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, mətbuat şurasının sədri Əflatun Amaşov, “TT Fight Club”un direktoru Şəhriyar Abbasov da qatılıblar.

Bundan başqa Elnur Əşrəfoğlunun, eləcə də şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun ailə üzvləri də final oyununa dəvət olunublar. Onlara təşkilatçılar və “TT Fight Club”un direktoru Şəhriyar Abbasov tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Həlledici oyunda “Xocavəndə” 3:1 hesabı ilə qalib gələn “Ağdam” Zəfər kubokunun qalibi olub.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish