Haqqımızda
«Allsport.az»ın bir hədəfi var!
İdman hər bir xalqın, millətin sağlam gələcəyidir. Bəlkə də aramsız, yeri gəldi, ya gəlmədi, səsləndirildiyindən bayağı səslənir bu sözlər. Amma onun hər zərrəsində həqiqət var. Hələ indiki zamanda idmanın rolu və mahiyyəti həm də daha çox sosial, ictimai, mədəni və tarixi yük qazanıb. Vaxtilə ABŞ prezidenti olmuş Con Kennedi hələ neçə onillik bundan əvvəl dövlətin nüfuzunu iki şeylə ölçürdü: kosmik raketlər və Olimpiya qızıl medalları. Amma hər şeydən əvvəl gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması günümüzün, cəmiyyətimizin başlıca bəlasına çevrilmiş arzuolunmaz yollardan, vərdişlərdən çəkindirən ən gözəl vasitədir.
Azərbaycanda əhalinin kütləvi bədən tərbiyəsi ilə məşğulluğu ciddi diqqət mərkəzindədir. Ümumilli liderimizin həmişə xalqın fiziki sağlamlığı üçün bədən tərbiyəsinə xüsusi qayğı göstərdiyi sirr deyil. Azərbaycana rəhbərlik etdiyi illərdə Heydər Əliyev respublikada idmanın, bədən tərbiyəsinin kütləviliyini öz çıxışlarında dəfələrlə ön plana çəkib. Odlar yurdu müstəqililyini qazanandan sonra, ulu öndər ölkəmizi dünyaya tanıtmağın bir vasitəsinin də məhz idman olduğunu söyləmişdir: «İdman sahəsində beynəlxalq yarışlarda əldə olunan nailiyyətlər çox qiymətlidir. Onların qiyməti Azərbaycan xalqının təkcə, fiziki cəhətdən yüksək keyfiyyətlərə malik olduğunu nümayiş etdirməkdən ibarət deyil, həm də müstəqil Azərbaycanı dünyada tanıtdırmaqdan ibarətdir».
Müstəqil ölkə, ələlxüsus da gənc və ya nisbətən gənc dövlətlər üçün idmanın böyük təbliğat gücü var. «Olimpiya oyunlarında, sadəcə, iştirak etmək özü böyük hadisədir. İştirak edib hansısa bir yeri tutmaq bundan da böyük hadisədir və nailiyyətdir» deyən Heydər Əliyev, əslində, idmanın ölkə üçün böyük missiyasını müəyyən etmişdi. Azərbaycana öz sözünü deməsi üçün olimpiya oyunlarında uğur qazanması lazım idi. Atlanta-1996-da tam müstəqil dövlətin ilk medalı qazanılsa da, elə orada hiss olundu ki, gənc Azərbaycanın idmanına güclü dayaq, lider, hami lazımdır. Bununla gələcək uğurların təməli də qoyulacaqdı. Belə bir qərar 1997-ci ildə verildi və gələcək ölkə başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinə prezident seçildi.
Milli Olimpiya Komitəsinə prezident seçilərkən, ən qısa müddətə böyük yüksəlişə nail olmaq istəyən və “Sidneydə bayrağımız yüksəlib himnimiz çalınarsa, mən özümü qalib hiss edəcəyəm” deyən İlham Əliyev, həqiqətdə hər «dördillk»də qalibdir.
Başqa sozlə, Sidney-2000 və ondan bu yana qatıldığımız bütün olimpiadalarda qazanılan qızıl medallar, verilən qərarın doğru olduğunu, idmanımızın etibarlı əllərə tapşırıldığını göstərir.
Bəli, vahid ailədə birləşmiş Azərbaycana bu gün, ən vacib məsələlərin, xüsusən də istənilən formada Qarabağ savaşının bitmədiyi dövrdə yalnız QALİB LİDER lazımdır.
Ölkəmiz uğura tək idmançılarımızın beynəlxalq arenalarda sahib çıxdığı qələbələrlə yetişmədi – mötəbər yarışlara ev sahibi olmaqla da qazandı. Fərəhlidir ki, artıq Azərbaycan ən mötəbər yarışların mərkəzinə çevrilib. Müxtəlif olimpiya və qeyri-olimpiya növləri üzrə Avropa və dünya çempionatlarının təşkilini adi hala çevirən məmləkətimizdə 1-ci Avropa Oyunları, 2016-cı ildə şahmat olimpiadası, bundan bir il sonra 4-cü İslam Həmrəyliyi Oyunları və Avro-2020-nin final mərhələsinin 4 oyununu keçiriləcək. Və bu çarx daynamdana yeni-yeni sərhədlər, üfüqlər kəşf etməklə daim dönəcək.
Belə bir şəraitdə ölkədə idmanın əsas təbliğatçısı olan kütləvi və elektron informasiya vasitəlirinin inkişafı zəruridir. Ölkədə sırf idman telekanalının olması müsbət məqamdır. Lakin telekanalların da böyük təsir gücünün olmadığı aydındır. Əlbəttə, TV dünyasının imkanları daha genişdir və o, gərək yerində saymasın, təsirli məqamlar tapa bilsin, yeni layihələr, ideyalar ərsəyə gətirsin. İdman qəzetlərin meydana gəlməsində durğunluq müşahidə olunur. Bu isə daha çox maliyyə mənbələrinin darlığı və qıtlığındandır. Amma informasiya-kommunikasiya texnologiyalırının sürətli inkişafı şəraitində intenet saytlarının və sosial şəbəkələrin də rolu günbəgün artır. Belə bir şəraitdə intenet saytlarının rolu daha qabarıq görünür.
Bu «mətbəx»də ilk fəaliyyət göstərən, maliyyəsi güclü olan portallar indi də Azərbaycan şəraitində reytinqlərini qorumaqdadırlar. 5-6 il öncə fəaliyyətə başlamış şəxsi saytların işində durğunluğa rəğmən, vaxtı ikən yığdıqları oxucu etibarını xərcləyirlər.
Amma bütün bunlar bizim üçün elə də maraqlı deyil. Yeni söz demək bacarığı həmişə gündəmdə olub. Bütün idman növlərini özünə hədəf etmiş «ALLSPORT.AZ»ın bir hədəfi var: idmanla maraqlanan hər bir kəsi obyektiv, operativ, doğru-dürüst, müfəssəl informasiya ilə təmin etmək, məlumatlandırmaq. Əminəm ki, bu vəzifənin öhdəsindən gələcək və qısa zamanda, öz oxucu çevrəmizi toplaya biləcəyik.