AFFA əleyhinə yaradılan “layihə” və ya rayon səfərlərində “Misli” görünməmiş kələk

Ötən bazar sonuncu pley-off oyunu ilə PFL üçün 2023/2024 mövsümü rəsmən bitdi. Ümumilikdə, 720 (!) oyun (premyer liqa – 180, əvəzedicilər liqası – 180, II liqa – 182, I liqa – 135, kubok – 39, pley-off – 4) keçirildi. Cəmi 7 operatorla 516 oyun PFL-in Yutub kanalları ilə canlı yayımlandı.
Misli premyer liqasında mövsümə ötən ay yekun vuruldu. İlk 4 yeri tutanlar mübarizəni avrokubokda davam etdirəcəklər. Artıq rəqiblər də bəllidir. Qalanları yeni çempionata hazırlaşırlar.
Son rəqabət çox gərgin keçdi. “Qarabağ” qələbəni xeyli əvvəl bayram etsə də, digər mükafatlar uğrunda geniş mücadilə uzun çəkdi. Ölkənin yeganə peşəkar futbol klubu “Qəbələ” ilk dəfə aşağı dəstəyə düşdü və bununla da premyer liqa şərti olaraq bu adda qaldı. Sevindirici məqam – “Şamaxı”nın 1-illik fasilədən sonra yenidən elitaya qayıtması oldu. Bununla da, ölkə futbol qaydalarında daşlar yerinə oturdu. 

PFL-də rəhbər dəyişikliyindən sonra canlanma başladı. KİV ilə geniş tərkibdə görüşlərdən sonra, bölgə oyunlarını işıqlandırılması üçün “Misli” ilə birgə layihəyə start verildi. Şərtlərdə deyilirdi ki, idman jurnalistləri öz hesablarına səfər qarşılaşmalarına yollanmalı, yerli mətbuat konfranslarını işıqlandırmalı, imkan daxilində məşqçi və futbolçulardan açıqlamalar almalı, eləcə də matç ətrafında baş verən hadisələri yazmalıdırlar. Bunun müqabilində, PFL yol məsafəsinə uyğun məbləğ müəyyənləşdirmişdi və hər ayın tamamında qeydə alınan oyunlar üçün ödənişlər həyata keçməliydi. Başlanğıc pis alınmadı, amma allsport.az layihə rəhbəri Sənan Abdullayevə bildirdi ki, bu məsələdə diqqətli olsun. Çünki ənənəyə uyğun – iş məsələsində həmişə 1-2 sayt və ya agentlik yazıb, qalanları ata malı kimi onlardan köçürüblər – futbolda bu daha dəhşətli yayılıb.

Hərçənd qarşı tərəf nəinki bunu diqqətə aldı, əksinə, bəndənizi “zəif” işləməkdə günahlandırdı. Necə ki, əlamətdar günlərdə ayrı-seckilik edib, quru təbriki belə qıymadılar. Bu ənənə, öncəki rəhbərlikdən qalıb: ölkə başçısı İlham Əliyevin sərəncamı ilə 2012-ci ildə tədbirlər planına salınan GİN-in rəsmi mətbu orqanı – “İdman” qəzetinin 80-illik yubileyinə PFL prezidenti Ramin Musayev qatılmağı özünə rəva görməyib; iqtidaryönlü KİV heç zaman ürəklərincə olmayıb; müstəqil siyasət yürüdən mətbuat orqanları ilə əməkdaşlıqdan imtina edilib. Çünki onlara sifarişin keçməyəcəyini biliblər və onları keçmiş baş katib Elxan Məmmədova qarşı qaldıra bilməyəcəklərini hesablayıblar.

Kəsəsi, allsport.az-ın monitorinq qrupu 30-cu (13.04.2024), 31-ci (19.04.2024, 21.04.2024) və 35-ci (18.05.2024, 19.05.2024) turlarda 5 səfər oyunu araşdırıb. Bəlli olub ki, yenə köhnə hamam, köhnə tas: mətbuat konfranslarını daim 3 sayt (allsport.az, sportal.az, fanat.az) özü hazırlayıb. Bir də, idmanxeber.az-ın baş redaktoru Səxavət Qurbanov özü iş başında olanda, həmin qayda davam edib. Digər iştirakçılar adı 2-ci qeyd olunan saytdan mənimsəyiblər. Ara-sıra klubların Feysbukda paylaşımlarından da istifadə edilib. Elə KİV-lər olub ki, ümumən yazmayıblar. Bu kələkdə offsideplus.az, daha doğrusu, onun redaktoru İlkin Sultanlı 1-ci dayanıb. İstehza ediləsi və ya acı həqiqət odur ki, o, heç mətbuat konfranslarında verdiyi öz sualların cavablarını belə dərc etməyib!

Bəli, idman jurnalistikası tədricən peşkarlıqdan həvəskarlığa keçir. Bir azdan yoldan keçən bir futbol azarkeşinin mətbuat konfransına daxil olub ürəyi istədiyi sualı verməsini görsəz, qəti təəccüblənməyin. Çox maraqldır ki, özünü jurnalist hesab edən bu şəxs millinin Macarıstan toplanışı çərçivəsində Albaniya ilə yoldaşlıq görüşünün mətbuat konfransını da onunla birgə səfərdə olan sportal.az-ın əməkdaşından köçürüb. Qazaxıstan üzərində 3:2 hesablı qələbədən sonra məşqçi Arif Əsədovun açıqlamasına heç rast gəlinməyib. Deyəsən, artıq AFFA səfərlərə turist aparmağa başlayıb. Ya da ki, bloqçu. Telefonla çəkiliş etmək onların məşğuliyyətidir. Onlar da əsasən tənqidi çıxışlara, qalmaqallı, diqqət çəkən və baxış toplaya biləcək hadisələrə yer verirlər. Adi video-açıqlama elə maraq kəsb etmir. Ona nə media qulaq asıb yazır, nə də oxucu dinləyir. Mətbuat konfranslarını yazmaq isə zəhmət tələb edir. Ona da həvəsi yoxdur. Görünür, bacarığı da. Yoxsa, offsideplus.az-ı məhz onun dönəmində Media reyestrindən çıxarmazdılar. Bu saytın digər əməkdaşının da qeyri-futbol tədbirlərində də iştirak etməsinə rəğmən, öz yazı məhsulunu ortaya qoyduğunu görməmişəm.

Özəl qeyd etdiyi xəbərlərdə də dezinformasiya yer alır. Bundan ən məşhuru ““İrəvan”ın futbolçuları sorğu-sual edildi – ŞOK” sərlövhəli yazıda Dövlət təhlükəsizliyi xidmətinin adının yersiz hallanmasıdır. Guya DTX əməkdaşları Azərbaycan kubokunun 1/8 finalında “Araz-Naxçıvan”la (2:8) oyunun nəticəsinə görə bu klubun 7 futbolçusunu dindiriblər. Rəsmi mənbələrdən araşdırmamız sonucunda məlum olub ki, onları sorğu-sual edən Daxili işlər nazirliyinin əməkdaşları olub. Olmayan söhbətdə DTX-ın adı hallanınca, qarşı tərəf hərəkətə keçib. Özünü itirən “İrəvan”ın prezidenti Zahid Niyazəliyev yazılanı təkzib edib və bu bilgini baş məşqçinin verdiyini deyib. Məsələdən hali olan İlkin Sultanlı tez əl-ayağa düşərək saytda o ifadəni “hüquq-mühafizə xidmətinin əməkdaşları” ilə əvəz edib. Amma artıq iş işdən keçmişdi. Nüfuzlu saytlar bu xəbəri istinad kimi offsideplus.az göstərmişlər (faktlar aşağıda).

Çox qəribədir, “Misli”nin himayədarlıq etdiyi PFL-in bu səfər layihəsini o, həyati təhlükə sayıb (saytın bu mərc şirkəti ilə yaxın bağı var, ən üst yerdə reklam lövhəsi var). Stajlı idman jurnalistlərinə deyib ki, hər an ölümlə üzləşə bilərlər. Adama deməzlər, qorxursan, sənin bölgələrdə nə işin var, onsuz da bir şey yazmırsan?!
31.05.2024-cü il tarixində “Neftçi” futbol klubunun rüsvayçı durumu ilə bağlı yazı yerləşdirlib. Açıqlama verən şəxs orada “100 dənə rəhbərlik dəyişsə” ifadəsini işlədib. Qarşı tərəfin tərs cümlə, fikir, ifadə və ara söz işlətməsi təbii haldır. Amma jurnalist onu qələmə alanda hər incəliyə diqqət etməli, sözləri ədəbi üsluba salmalıdır. İlkin Sultanlı hələ də bilmir ki, canlı şəxslərdə “ədəd” yox, “nəfər” sözü işlədilir.

Offsideplus.az-in redaktoru Azərbaycan İdman Jurnalistlləri Assosiasiyasının azsaylı fəal üzlərindəndir. AİJA bir müddət öncə Bakı dövlət universitetinin jurnalistika fakültəsi ilə birgə məşğələlər təşkil edirdi. Bəhs etdiyim media mənsubu o toplantılara qatılıbmı? Əsl onun yeriydi. Öyrənmək heç vaxt gec deyil. İştirak edibsə, demək, dərslərini yaxşı oxumayıb. Özünü çox bilən kimi göstərməyə çalışan bu şəxsin suallarını çox vaxt başadüşülən olmur və bunu təkrarlamağa məcbur olur. Mayın 20-sində ARDNŞ-nin binasında AFFA prezidenti Rövşən Nəcəfin KİV ilə qeyri-rəsmi geniş toplantısında və 13 iyunda “Hilton” mehmanxanasında əsas millimizin yeni baş məşqçisi Fernandu Santuşun mətbuat konfrasında olduğu kimi. Hətta SOCAR-ın rəhbəri ona zarafatyana söz atdı ki, “offsideplus”dansan, ofsaytda oturmusan.

PFL kimi, İlkin Sultanlının da iqtidaryönlü yazarlardan xoşu gəlmir. İmkan düşəndə, onlara qarşı qruplaşma yaradır, hətta səfərlərdə belə. Bu işdə ortağı da var. O, uzun illərdir PFL-in xəbərçisidir. Son illərdə atıcılıq üzrə ölkədə keçirilən mötəbər yarışlarda təbliğat işinə cəlb olunur. Hər ikisinin GİN ilə arası yoxdur. Fürsət yarananda, nazirliyə qarşı tənqidə çağırır. Bunu aşkar şəkildə 3 martda Qəbələ stadionunun media otağında edib.
PFL-in layihəsi çərçivəində işbazlıq da yaddan çıxmayıb. Bu şəxslər həmkarlarını müəyyən məbləğ müqabilində səfərlərə daşıyıblar. Yəqin, yeni mövsümdə taksi xidməti üçün lisenziya alacaq, bu dəfə vergi verəcəklər.

Yeri gəlmişkən, ilin əvvəlində gənclər və idman nazirliyinə şikayət məktublarında İlkin Sultanlının da adı vardı. Nazirliyin harda yerləşdiyini bilməyən, jurnalist karyerasında bir dəfə də onun tədbirində iştirak etməyən, bunca görülən işin və uğurun müqabilində 1 yazı belə yazıb vətəndaş olaraq bu istiqamətdə dövlətə xidmət göstərməyən birisi niyə narazı olmalıdır ki?! İş olan yerdə qüsurlar da olur. Son zamanlar Fərid Qayıbovun inkişaf proqramı artan xətlə gedir. Nazir sələflərindən fərqli, mərkəzləşmiş siyasət yürüdür, bütün idman birliklərini GİN-in bayrağı altına cəmləyir. Futbol ölkəmizdə həmişə ayrıca “respublika” sayılıb. Amma bir idman növü olaraq, olimpiya ailəsinin üzvü kimi idman nazirliyinə birbaşa tabe olmalıdır, onunla hesablaşmalıdır.

PFL-in bu köçürmələrdən xəbərdar olub-olmamasını dəqiq söyləmək çətin məsələdir. Bu, daha dərin araşdırma tələb edir. Onun monitorinq qrupu da elə geniş və çevik deyil. Amma aydın məsələdir ki, “kopi-past” çempionatboyu davam edib və hər ay orta hesabla 500 manat, 1 mövsüm üçün 4500 manat “Misli”yə qayıdıb. Daha doğrusu, ona bağlı jurnalistə. Yuxarıda qeyd ediyim toplantıda İlkin Sultanlı boşuna PFL-i tərifləyənlər sırasında deyildi. Sportal-ın məhsullarını mənimsəyənlər sosial şəbəkələrdə, futbol ictimaiyyətində və öz yazılarında ağız dolusu bu qurumu tərifləyirlər. Sözsüz ki, onların çoxu AFFA-dan, əsas millidən narazıdırlar. Amma Rövşən Nəcəf elə orada, hər kəsin önündə, ağıllı və məntiqli cavab verdi: PFL də AFFA-dır. Bu, həm də ismarıc idi. “Boz ev” daxilində həddən artıq müstəqil olan PFL, böyük ehtimalla, yaxın illərdə assosiasiyanın departamentlərindən birinə çevriləcək.

Y.S. PFL-in səfər layihəsində allsport.az, ən azı, mətbuat konfransları ən operativ işıqlandıran 1-2 saytdan olub. Tovuz stadionunda milli qəhrəmanların və şəhidlərin xatirə lövhələri barədə xəbərlər, futbolçulardan açıqlamalar, Tovuz və Gəncə futbol məktəblərinin tikintisində bilgilər, klubların azarkeş qruplarından məlumatlar da bu sıraya daxil idi.

Y.S.Y. PFL-ə maraqlı olsa, keçidlər “Vörd” proqramında arxivdə saxlanılıb.

Kamran HACI

Həmin kateqoriyadan