- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Yola salmağa hazırlaşdığımız 2016-cı il də Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Allsport.az saytı xəbər verir ki, milli komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər qazanıblar. Bahadırlarımız 2016-cı ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda – olimpiya oyunları, Avropa və dünya çempionatlarında 17 qızıl, 23 gümüş, 46 bürünc olmaqla toplam 86 medal qazanıb. Son 8 ilə nəzər saldıqda rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin artan templə davam etdiyini görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal qazansa da 2016-cı ildə bu rəqəm 86-ya yüksəlib.
Ustalar
İlin əvvəlində Latviyanın paytaxtı Riqada keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan güləşçilərimiz ili uğurla başlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib.
Braziliyanın Rio-de-Janeyro şəhərində keirilən XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz ölkəmizin idman şərəfini ləyaqətlə qoruyublar və 9 medal (3 gümüş və 6 bürünc) qazanmaqla güləş tarixində yeni bir səhifə yazıblar. Sərbəst güləşçilərimiz 6 idmançıya 5 medal qazanaraq medal sayına görə bütün komandaları qabaqlayıb.
Makedoniyanın Skopye şəhərində keçirilən hərbçilərin Dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 4 gümüş və 3 bürünc medalla tamamlayıb. Yunan-Roma güləşçilərimiz komanda hesabında dünya ikincisi olub.
İlin sonunda Macarıstanın paytaxtı Budapeştdə tarixdə ilk dəfə keçirilən qeyri-Olimpiya çəki dərəcələri üzrə Dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Bir çox aparıcı güləş ölkələrinin medal qazana bilmədiyi Dünya çempionatını hər növdə iki idmançı ilə təmsil olunan yığmamız 2 bürünc medalla tamamlayıb.
U-23
Bolqarıstanın Ruse şəhərində tarixdə ikinci dəfə keçirilən 23 yaşa qədər güləşçilərin (U-23) Avropa çempionatını komandamız 3 qızıl, 4 gümüş və 6 bürünc medalla tamamlayıb və ötənilki nəticəni (9 medal) daha da yaxşılaşdırıb.
Gənclər
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatıbda pəhləvanlarımız ümumilikdə 12 medala (5 qızıl, 2 gümüş, 5 bürünc) sahib olublar. Həm sərbəst, həm də yunan-Roma güləşçilərimiz komanda hesabında 3-cü nəticə göstərib.
Fransanın Makon şəhərində keçirilən Dünya çempionatında Azərbaycan yığması 8 (2 qızıl, 1 gümüş və 5 bürünc) medal qazanıb. Sərbəst güləşçilərimiz komanda hesabında dünya ikincisi olub.
Yeniyetmələr
2016-cı il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Belə ki, pəhləvanlarımız İsveçin paytaxtı Stokholm şəhərində təşkil edilən Avropa çempionatında 15 (1 qızıl, 4 gümüş və 10 bürünc)medal qazanıb (ötən il bu rəqəm 9 olub), sərbəst güləşçilərimiz komanda hesabında ikinci olub.
Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Dünya çempionatında isə güləşçilərimiz 10 (2 qızıl, 3 gümüş və 5 bürünc) medal qazanıblar. Komanda hesabında yunan-Roma güləşçiləri ikinci, sərbəst güləşçilər isə 3-cü nəticə göstərib.
Bundan başqa, yığma komandalarımız bu il 9-cu dəfə keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsi (7 qızıl, 3 gümüş və 7 bürünc medal) də daxil olmaqla iştirak etdikləri digər beynəlxalq turnirlərdə 169 medal qazanıb. Bu medalların 45-nin əyarı qızıl, 38-i gümüş və 86-nın əyarı isə bürünc olub.
Beləliklə, 2016-cı il ərzində güləşçilərimiz 255 (62 qızıl, 61 gümüş, 132 bürünc) medal qazanıb. Bu medallardan 84-ü yeniyetmə, 55-i gənc güləşçilərin payına düşür. U-23 Avropa çempionatında 13 medal qazanan güləşçilərimiz böyüklərin yarışında isə il ərzində 103 medala sahib olub. İl ərzində əldə etdiyimiz medalların 130-nu sərbəst, 94-nü yunan-Roma güləşçiləri qazanıb, 31 medal isə qadın güləşçilərin payına düşüb.
Qarşıdan gələn 2017-ci il idmançılarımız üçün növbəti məsuliyyətli bir təqvim ili olacaq. Belə ki, ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək və güləşçilərimizin qarşısında bu yarışda da uğurlu çıxış etmək, bu günə qədər qazanılan nailiyyətlərin sırasına yenilərini əlavə etmək məqsədi durur.