- Baxış sayı: 34
- 25 Noyabr 2024 17:45
- Baxış sayı: 33
- Noyabr 25, 2024
- 0
Avro-2024-ün seçmə “F” qrupunda Brüsseldə “Kral Boduena” stadonunda Belçika – Azərbaycan oyunundan sonra keçirilən mətbuat konfransında, 0:5 hesabından dolayı tənqidi suallar baş məşqçi Canni de Byazinin xoşuna gəlməyib və sonunu düşünüb qəhrəman olmacağını bildiyindən, xainlik edərək azərbaycanlı jurnalistləri aşağılayıb. Tərcüməçi onun dediyini tərcümə etməyib. Bizimkilər bunu belçikalı həmkarlardan duyublar. Bundan sonra ara qarışıb, məzhəb itib və gələn ilin martında AFFA-da keçiriləcək seçkidə mühüm vəzifələr uğrunda açıq savaşa rəsmən start verilib. Proses, sabah icraiyə komitəsinin fövqəladə toplantısında 67 yaşlı italiyalı mütəxəssisi göndərilməklə başlayacaq.
Zatən taxt-tac üçün mübarizəyə hazırlaşanlar məqam gözləyirdilər. Kürsüdə əyləşənlərin isə “Axil dabanı” əsas milli tağımdır. Bu üzdən, yeni qüvvələr daim zəif yerdən vurur(du)lar. AFFA prezidenti Rövnəq Abdullayev üzərinə düşəni hər zaman yerinə yetirsə də, nədənsə çox vaxt tənqidə məhz o məruz qalırdı – icraçılar onun arxasında gizlənərək yayınırdılar. İndiki dönəmdə gələn gedənə rəhmət oxutdurduğundan, dünyagörmüş insanlar onun qalmasını arzulayırlar.
“Boz ev”də öz adamını görmək istəyən gənclər və idman naziri Fərid Qayıbovdur. Sələfi Azad Rəhimovun bütün kadrlarını “vuran” 44 yaşlı məmur oranı da nəzarətə götürmək, “ayrı respublika”da hakimiyyətə son qoymaq, mərkəzləşmiş sistem qurmaq niyyətindədir. Futbol böyük biznes olduğundan, o, iri layihələri onun üzərindən həyata keçirmək istəyir. Bu rəqabətdə “Zirə” və “Sabah” klublarının havadarları da iddialıdır. Xeyli müddət AFFA-da yüksək vəzifə tutmuş və bütün işi əlində cəmləmiş, hazırda fəaliyyətini FİFA-nın Avropa milli assosiasiyalar üzrə direktoru olaraq davam etdirən Elxan Məmmədov özünü kənara çəkilən kimi göstərsə də, əslində belə deyil.
O, uzun illər qurduğu təsərrufatı asanlıqla başqasına buraxmaq istəmir. Uzaqgörən, bacarıqlı strateq, təcrübəsi və keçdiyi məktəbin sayəsində manevrlər edib yenidən itirdiyini qaytara bilər. Futbolda onun çoxlu kadrları var. Kimlərinsə ondan üz çevirməsi, satması, hələ zəifləmək və yenilmək anlamına gəlmir. Baxmayaraq ki, vaxtı ilə ona xidmət edən jurnalistlər indi ondan uzaq durublar, bəziləri keçmiş baş katibə qarşı çıxıblar. Hazırda ulduzu parlayan Sərxan Hacıyev çox uzağa gedə bilməyəcək. Onun nə bazası var, nə də güclü arxası. Dövlətin hesabına futbol mediasının səfərlərinin bərpası ucuz təbliğatdır. Mərc şirkətlərinin bu məsələdə həvəsli olmalarında öz maraqları var. Hər aparıcı futbol klubu özlüyündə orta əsr hersoqluğu və qraflıqlığını xatırladır. Onlar krala heç də hər zaman boyun əyməyiblər.
Peşəkar futbol liqası isə, “ayrıca respublika”nın içində ayrı “respublika”dır. Onların öz zərbi, fərmanı və məramı var. Elxan Səmədov hazırda bütün maraqlı qüvvlələrlə təmasdadır, tarazlığı pozmamağa çalışır. PFL-ə illərdir işləyən mirzələr var. Bölgə klublarının təbliğatı üçün nəzərdə tutulan media layihəsi qalxan kimi istifadə olunur. Gələn ilin əvvəlində AFFA uğrunda mübarizə daha sərt şəkildə qızışacaq, əldə tutulan mirzələr aldıqları yeni xəbərlərlə mənzərəni sifarişçilərin xeyrinə təsvir etməyə çalışacaqlar. Artıq fitil çəkilib…