İdman mediasında rəqabət və savaş böyüyür: İlk həmlə AİJA-dan gəldi, AİJF-in cavabı çox geçikmədi

Atalar məsəli: İki qoçun başı bir qazanda qaynamaz

Ta­rix­də tə­sa­düf ol­mur. Hər bir ha­di­sə nə qə­dər fərq­li gö­rün­sə də, qa­nu­na­uy­ğun­luq­lar zən­ci­ri­nin tər­kib his­sə­si­dir. 2020-ci il, bu baxımdan, Azərbaycan üçün zəngin oldu. Sözsüz, bunların içində ən möhtəşəmi 2-ci Vətən mübaribəsi idi. Məmləkət gözləntilərə xeyli müddət hamilə olsa da, o an 26 il sonra yetişdi: nəhayət, Lazım gəldi və uzun sürən istiraba və həsrətə son qoyuldu; Odlar yurdu şanlı ordusunun misli görünməmiş fədakarlığı ilə Qarabağı soysuz yadellilərdən azat etdi, baş tacı – mədəniyyət paytaxtı Şuşa yenidən Xarıbülbülün şux nəğməsinə qovuşdu. Amma Oğuz eli buna qədər ayrı bir məşəqqət yaşayırdı. Dünyanı cənginə alan «taclı bəla» ilə ölüm-qalım savaşındaydı. Bu mücadilədə az itkisi olmadı, neçə-neçə dəyərli vətəndaşını itirdi. Qeyd etdiyim olanlar başlamamış, ölkənin idman mediasında önəmli olay baş verdi: yanvarın 9-da dövlətin dəstəyi ilə Azərbaycan idman jurnalistləri federasiyası yarandı (Həmin gün idarə heyətinin ilk iclası olub və «İdman» qəzetinin baş redaktoru Qabil Mehdiyev quruma prezident təyin edilib).

Körpəni beşiyində boğmaq istədi

Milli olimpiya komitəsinə yığıncağa gələnlər məsələdən hali idilər, çünki 2019-cu ilin dekabrın 27-də gənclər və idman naziri Azad Rəhmov ilin yekunlarına həsr olumuş mətbuat konfransında, Azərbaycan idman jurnalistləri assosiasiyasının fəaliyyətindan narazılığını gizlətməmiş və yeni media təşkilatının yaranacağını bəyan etmişdi. İdarə heyətinə tək jurnalistlər daxil deyildi. GİN-dən Fərid Mansurov, MOK-dan Camaləddin Rəhmanov, AFFA-dan Firuz Abdulla və AzDBTİA-dan Ellada Mustafayeva tarazlığı saxlamalı, ədaləti qorumalı, eləcə də qurumun inkişafına təkan verməliydilər.
Təqdimatda ara qarışa bilərdi. Çünki durumla barışa bilməyən AİJA prezidenti Eldar İsmayılov hərəkətə keçmişdi. Nazirin məlum açıqlamasından 3 gün sonra öz icraiyyə komitəsini cəmləyərək, varlığını nümayiş etdirmişdi. Sosial şəbəkədə yayımlanan fotoda xeyli sanballı simalar vardı. Bir sözlə, «ağır artirleriya» istənilən an atəş aça bilərdi. Havadan «barıt qoxusu» gəlirdi. Hazırda nüfuzlu bir klubun mətbuat katibi olan keçmiş şərhçi toplantıda iynəli suallar verməliydi. O, tək olmayacaqdı. Amma toy gözləniləndən sakit keçdi, çünki AİJF-ə toy tutmaq istəyənlər risk edib gəlməmişdilər. Kimisi cəsarətsizlikdən, kimisi də GİN-lə münasibəti korlamaq istəməməsindən.

Tarixi gün

Fevralın 20-də «Bulvar» mehmanxanasında idman KİV-i üçün görünməmiş hadisə baş verdi: AİJF-in təşkilatçılığı ilə ilk dəfə geniş tərkibdə ümumrespublika toplantısı keçirildi. Buna o qədər ehtiyac vardı və faydalı iş əmsalı çox idi ki, hətta qol.az-ın baş redaktoru Aydın Bağırov idman mətbuatı gününü fevralın 20-dən qeyd olunmasını təklif etdi. Yeni federasiya ədliyyə nazirliyindən qeydiyyatdan keçəndən sonra, faydalı görüşlərə başladı. Bakı şəhər gənclər və baş idarəsinin ardınca, milli karate federasiyası ilə əməkdaşlıq müqaviləsi imzalandı. Koronavirusa qarşı mübarizə məqsədilə, 2 sosial təbliğat videoçarxı hazırlayaraq telekanallarda nümayiş etdirdi, 1-ci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına qoşuldu. Sərt karantin dönəmində KİV-in çətinliyini nəzərə alaraq, onun vergi və DSMF ödənişlərindən azad edilməsi ilə bağlı hökumətə rəsmi məktubla müraciət etdi. Daha sonra milli antidopinq agentliyi və Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyası ilə tərəfdaşlığa başladı. Pandemiya AİJF-in bütün planlarını pozsa da, il ərzində ümumən 22 tədbir, görüş və idman yarışı təşkil etdi; 2-ci Vətən savaşında fəal oldu, idman mediası ilə bağlı gündəmdə olan heç bir məsələyə biganə qalmadı. Bu günlərdə sözü gedən sahəyə dəstəklə bağlı 10 bənddən ibarət təkliflər paketini Medianın inkişafı agentliyinə (keçmiş KİVDF) təqdim etməsi də çox alqışlanası və təqdirəlayiqdir.

Özü yıxılan ağlamaz

Amma uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli getmək ondan da mürəkkəb işdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq toxumu gizlədir. Fikrimcə, AİJF-in ən böyük yanlış addımı «Neftçi» klubunun məkirli oyununa gedərək, Sportinfo.az saytına qarşı açıq bəyanat idi. Daha öncəki prezident, Sadıq Sadıqovdan sonra, bu camiyədə problemlər tükənmək bilmir. Hər transfer pəncərəsində legionçuların sel kimi gəlib-getməsinə rəğmən, «ağ-qaralar» son 7 ildə çempion ola bilmir. Sözsüz ki, nöqsan olan yerdə tənqid də olacaq. Günəşi güləş kimi oxumaq, tənqidi təhqir kimi qələmə vermək lazım deyil! Nə çox müraciət… Gözümüzün biri aydın… Qarşı tərəf masa arxasına gəlmədisə, dərinə getməmək, bundan üstüortülü keçmək olardı. Necə ki, Allsport.az-ın müraciətində heç kimin tükü belə tərpənmədi. Niyə? Niyəsini Eldar İsmayılov bu ayın 3-də Fanat.az-a geniş müsahibəsində açıq deyib (söz-söhbət boşuna yaranmır). Açması, işıq gələn tərəf «Boz ev»dir.
Cari avrokubok mövsümü, 2020-ci ilin avqustun 16-da, Avropa liqasının 2-ci təsnifat mərhələsində «Neftçi» – «Qalatasaray» oyunu öncəsi mətbuat konfransına qeydiyyat üçün növbəti müraciətimə rəğmən, yenə buraxılmadım. Səbəb, koronavirus pandemiyasından irəli gələn yer məhdudiyyəti göstərilirdi. Yaxşı, digərlərini necə qeydiyyata alırdız? Mətbuat xidməti püşklə müəyyənləşdirirdi, yoxsa falçıya rəml atızdırıdı? Gerçək səbəb isə, bəhanəydi. Dostlar, həvəskarlar və yaxınlar kənarda qalırdı axı. İşlədiyi saytdan çıxdığını Feysbukda rəsmi bəyan edənin Fateh Tərimi görmək eşqi ilə toplantıya buraxılması, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova və «Neftçi»yə yaxın saytın baş redaktorunun buraxılış vəsiqəsini (özü gəlməmişdi) ortalıqda sülənən, ali təhsili olmayan, sözgəzdirən, tənbəl, müftəxor, xəyanətkar, yalançılığı və fırıldaqçılığına görə bir neçə işdən qovulan birisinə (buraxılış vəsiqəsi olmayan) verməsi buna əyani sübutdür. Yenə sayım? Yaxşısı budur, növbəti günə, «Qalatasaray»ın başıbəlalı komandanın xoruzunu qoltuğuna verib, avrokubokdan kənarlaşdırdığı oyuna keçim.

Media komitəsindən qalan miras

Görüşdə media tribunasında mənzərə daha dəhşətliydi. Sanki kolxoz bazarındaydın. Küçədən keçib gəlib oyunda oturan kim, azarkeş kim, «Qalatasaray»ın göynəyini geyinib, şərfini boyuna dolayan qeyri-jurnalist kim. UEFA-nın karantindən dolayı qaydalarında adı çəkilən halların hamısı yasaqdır. AİJF idarə heyətində bunu xəbərçilik və təşkilata qarşı yozmasınlar. Bütün rüsvayçılığı qarşı tərəfdə, AİJA-da yer alan Olimpsport.az-ın baş redaktoru Ramin Allahverdiyev də gördü və yaşadı. Elə digər həmkarlar da. Niyə tək onu qeyd etdim? Çünki boş yer olmadığından, başqa sözlə, yerlərimiz kənar şəxslər tərəfindən tutulduğundan, matçı sonadək ayaq üstə seyr etmək məcburiyyətində qalmışdıq. Hər klub «Qarabağ» deyil ki, yerin öncədən müəyyənləşə və orda səndən başqa digərinin, hətta həmkarının belə əyləşməsinə icazə verilmisin. Oyuna gəldin, geçikdin və ya gəlmədin, müraciətin qeydə alınıbsa, o yer yalnız sənindir.
Əslində isə, ən doğru olan, AİJF-in öz üzvünün hüqüqunun qorumasıydı. Bəyanat verərək, «Neftçi»yə etiraz məktubu göndərilməli, PFL, AFFA və UEFA-nı məlumatlandırılmalıydı. Adı son çəkilən qurum klubu cərimələyəndə, onda federasiyanın növbəti dəfə həm sözü keçərdi, həm də nüfuzu artardı.
Təbii, bundan sonra futbolda baş verən nöqsan, haqsızlıq və qanun pozuntusu ilə qarşılaşdıqda, AİJF-ə müraciət etməyəcəyəm. Bilirəm ki, onsuz da keçməyəcək. Çünki klubların və AFFA-nın maraqlarını güdən, onlarla tərəfdaşlıq edənlər var. Bu mənzərə mənə AFFA yanında media komitəsini xatırlatdı. Orda idarə heyətində yer alanlardan bəziləri indi burda cəmləşib. Həmin qurumun yarıtmaz fəaliyyəti cəmi 2 il çəkdi. Dost-aşnaya layihə bölüşdürməklə məşğul idilər. Ədalətsiz cərimələr də işin tərkib hissəsiydi. Sanki idarə heyətinin təmsil etdiyi KİV-lər toxunulmaz idi.

Elxan Məmmədovun  «B» planı

AFFA baş katibinin yeni təşkilatını ələ keçirmək və ya nəzarət etmək niyyəti ilk günlərdən var. Elxansevərlərin bu tərəfə keçməsi təsadüfi deyil. Sadəcə, başı qarışıqdır, əlverişli zaman gözləyir və nümayəndəsinin burda olması hələ ki, ona bəs edir. Üstəlik, «futbolumuzun sədri-əzəmi»nin də yaxın gələcəkdə gənclər və idman naziri ola biləcəyi ehtimalı var. Belə olarsa, AİJF-ə təsir imkanı daha artacaq. «Neftçi»yə gəlincə, ikibaşlı oynayır, gizli AİJA ilə əlaqədədir. Onun məqsədi Elxanın, daha doğrusu, Qədim Roma siyasətini davam etdirməkdir: Parçala və hökm sür. Bu gedişlə, Məmmədovun AFFA-da səltənətinin uzunhakimiyyətliliyinə görə, heç də bu imperiyadan geri qalmayacaq. Bilirəm ki, bu yazıdan sonra 10 il çalışdığım «İdman» qəzetində baş redaktorum olmuş və federasiyada əsas yükün çiyninə düşdüyü Qabil Mehdiyevə gileylənənlər olacaq. Burada bir sözlə kifayətlənəcəyəm: Allsport.az daim AİJF-in özünün, eləcə də onun tərəfdaşı olduğu BŞGİBİ, AMADA, AMKF, və AzDBTİA -nın bütün xəbərlərəni paylaşır. Bunu hamısını federasiyada hansı media orqanı edir? Ümümiyyətlə, monitorinq mərkəzi işləyirmi? Bunu qeydə alıb idarə heyətində müzakirəyə çıxarıbmı?
Sportinfo.az-ın baş redaktoru İlkin Xəlilovun məlum statusuna niyə «layk» qoyduğumla məni qınayan idarə heyəti üzvləri, AzVİF və ROVM-u 6-ililklə bağlı diplomun əksinin Feysbukda paylaşımımda nəinki şəxsiyə və ya şərh bölməsinə «təbriklər» yazdı, heç quru «bəyənmədi»lər. Füzulinin «Şikayətnamə»sində yaxşı deyilir: «Salam verdim, rüşvət deyildir deyə almadılar». Sözgəlişi yazdım, əslim ordandır, şairin adını daşıyan şəhər mərkəzi müzəffər ordumuz tərəfindən 2-ci Qarabağ savaşında azad olunub. Media ilə əlaqələr komissiyasında yer alan «təbrik mirzəsi» də neçə ildir mənə qarşı susur. Sabah onun hansısa məsələdə qərəzli olmayacağını kim təminat verə bilər? Guya ki, bir federasiya, bir komandayıq…
İdman mətbuatında qütbləşmə, parçalanma, gərginlik və soyuq müharibə var. Məncə, idarə heyətinə (qurum təmsilçiləri istisna) bir az ayılmaq, ətrafa baxmaq, üzvlər işləmək və arasında bağ yaratmalıdır. Yaddan çıxarmayaq ki, federasiya tək idarə heyətindən ibarət deyil və hörmətli nazir Azad Rəhimovun görmək istədiyi AİJF tam başqadır. Lap yuxarıda qeyd etmişəm: idman mediasına dəstəklə bağlı 10 bənddən ibarət təkliflər paketi Medianın inkişafı agentliyinə təqdim edilib. Gözəl! Bu keçərsə, bundan kimlər faydalanacaq? Hələ bəlli deyil. Yoxsa, yenə «reytinq» və digər bəhanələr ortaya atılacaq?

Açılan kartlar, görünən həqiqətlər

Rəqabət olan yerdə inkişaf olur. Bunun isbatını AİJF yarandığı dönəmdə AİJA-nın dirilməsində də gördük. Varlığı ilə yoxluğu bilinməyən, nizamnaməsi seyfdə gizlədilməkdən kif basan, il ərzində ölkə idmanında baş verən olaylara susqun qalan (çox vaxt xəbəri olmayan) və yalnız dekabrın sonunda xortlayan assosiasiya, ilin qaliblərini təyin etməklə kifayətlənirdi. Ümümən, «klassiklər»in əsas işi-gücü AİPS-in beynəlxalq tədbirlərində vaxt keçirmək idi. İnsafən, buna qədər Eldan İsmayılovun ən böyük uğuru, yəni öz, UEPS-in icraiyyə komitəsinə seçilməsiydi. Ona qədər elə gözə çarpan hadisəni xatırlamıram. Düzdür, 2012-ci ildə ölkəmizdə U-17 qız futbolçuların dünya birinciliyinin gedişində AİPS-in «Gənc reportyorlar proqramı» və 2014-cü ildə paytaxtımızda təşkilatın 90-illik yubileyinə təsadüf edən 77-ci konqresi də əlamətdar olaylardı. Amma bunda əsas əmək Azad Rəhimovla bağlıdır. Çünki AİPS prezidenti Canni Merlo beynəlxalq tədbirlərin birində ona yaxınlaşaraq, şəxsən özü xahiş etmişdi. Nazir, əlavə olaraq, kömək üçün bu işi Qabil Mehdiyevə tapşırmışdı və demişdi ki, proqramda ən azı, 10 azərbaycanlı jurnalist də yer almalıdır. AİPS o dönəmdə həmkarımızın necə məharətlə bu vəzifəsinin öhdəsindən gəldiyinin şahidi oldu və belədə, kimin kim olduğu bilindi.
Eldar İsmayılov, təşkilatı beynəlxalq idman mediasında nüfuz qazanan Qabil Mehdiyevə həvalə etməyə hazırdı. Tək istəyi ona prezident təqaüdünün verilməsi idi. Arzusunun gerçəkləşmədiyini görüncə, AİJA-nı qızına ötürmək məsələsini ortaya atdı. Nərgiz İsmayılovaya (hazırda Mahmudzadə) bütün tədbirlərdə atasını müşayiət edir və ingilis dilini mükəmməl bilir. AİPS-də onu yaxşı tanıyırlar. Amma bu, beynəlxalq aləmdə müəyyən söz-söhbətə yol açıb. Üstəlik, qocaman əməkdar jurnalist təşkilatı özünə borclandırıb. Bu işləri yaxşı bacarır, hüquq elmini və mühasibatlıq işlərini əla bilir. Özünün dediyinə görə, AİJA-nın sənədlər üzrə ona 500 min manata yaxın borcu var. Burada özünə və oğluna aldığı minik avtomobilləri, benzin xərcləri, hətta özünün şəxsi mobil danışıq və digər xərclərini nəzərdə tutur. Bir neçə il öncə, deyirdi ki, kim 500 min manatı versə, təşkilatı ona təhvil verəcəyəm. Sonradan o məbləğ 250 minə düşüb. Ümümiyyətlə, Eldar İsmayılov açıq seçkini xoşlamır. Ötən 25 ildə bir dəfə də olsun ictmaiyyətə aşkar şəkildə, idman jurnalistlərinin iştirakı ilə nə AİJA prezidentliyinə, nə də icraiyyə komitəsinə seçki keçirilib. Qabil Mehdiyevin fevralın 8-də Fanat.az-a verdiyi geniş müsahibəsində 2-illiyə nəzərdə tutulan AİPS vəsiqəsinin 40 ABŞ dolları olduğunu deyib. Düzü, bunu ilk dəfə eşidirdim. Açıqlamanın gerçəkliyinə şübhə etmirəm. O illərdə mənim də təşkilata üzv olmaq istəyim vardı. Eldar müəllim onda mənə 50 avro demişdi. Həmin vaxt bu məbləğ 50 manat təşkil edirdi. Amma vəsiqənin qiymətinin 100 avro olmasını da arada eşitmişəm.

Yeni vitse-prezidentlər nə verəcək?

AİJF fəaliyyətə başlayandan sonra, bir neçə nufüzlü və tanınmış səlahiyyətli həmkarımız AİJA-dan aralandı. Belə olan halda, Eldar İsmayılov boşluğu yeniləri ilə doldurmaq qərarına gəldi. Qısa zamanda hərəkətə keçən ustad, cinahları Estafet.az-dan Natiq Nəsirovla və «Neftçi»nin keçmiş mətbuat katibi Anar Şabanoğlu ilə gücləndirdi. Yeni vitse-prezidentlər gücə güc qatdılar. Adı ilk çəkilən media mənsubu bitərəf və dürüstlüyü ilə tanırır. Keçmiş cüdoçunun yurd içi və dışı yaxşı əlaqələri var. O, həm də Azərbaycanın diasporla iş üzrə dövlət komitəsinin sədri Fuad Muradovun yaxınıdır. Natiq Nəsirovun pandemiyadan sonra baş tutmayan böyük layihəsi var ki, bunu da çox güman, AİJA üzərindən edəcək. Bu, təşkilata AİPS-də reytinq qazandıracaq.
Anar Şabanoğlunun arxasında isə, AİJF-lə münasibətləri korlanmış «Vur de Azərbaycan» var. Adı çəkilən idman mediası qanadı sosial şəbəkədə fəaldır, yeri gəldikdə, «mötədillər»in bostanına daş atırlar. Özü konflikt yaratmaqda ustadır. AİJA-nın ömründə olmayan saytının, Feysbuk səhifəsinin və əlavə geniş idarəsinin olması da islahatçılarla bağlıdır. Üstəlik, AİPS üzvləri əksəri AİJA-da cəmlənib. Ora qeydiyyat yalnız bu təşkilat vasitəsiylədir. AİJF ardından, AİJA da 2-ci Vətən savaşında qələmi süngüyə çevirən qazilərə fəxri diplom və 500 manat pul mükafatı verdi. Bu, sensasiya (!) və qarşı tərəfin onu çox hiddətləndirdiyindən xəbər verir. Çünki qocaman jurnalist ayrı vaxt bunu etməzdi. Assosiasiyanın sıralarını genişləndirməyə şəxsən özü qolunu çırmalayıb. İlk sırada həmyerliləri və Qarabağ savaşçıları gəlir. Məlum olduğu kimi, Eldar İsmayılov Ağdamda anadan olub. Onu təşkilatda bu bölgədəki güclü qüvvə – yaxın qohumu, «İdman» telekanalının rəhbəri Rövşən Binnətli və Milli Məclisin rəsmi orqanı «Azərbaycan» dəstəkləyir. İllin yekunları ilə bağlı geniş məqalənin adı çəkilən qəzetdə çıxması təsadüfi deyil. Əməkdar jurnalistin uzun illərdən bəri MOK vitse-prezidenti Çingiz İsmayılovla da çox isti münasibəti var.

«İblis»

Nazir Azad Rəhimovun uzun müddət xəstə olması və ABŞ-da müalicə alması «klassiklər»i daha ürəkləndirib. Onlar əvəz çıxmaq üçün bundan gözəl fürsətin olmayacağını düşünürlər. İndi bəlli olur ki, AİJF-ə açıq həmlələrə, Feysbukda ironik və təhqiredici atmacalara cəsarət hardandır, sosial şəbəkələrdə ilin yekunları ilə bağlı paylaşımda niyə məhz AİJA-nın ölkədə legitim idman təşkilatı olduğu guya heç kim bilmirmiş kimi qabardılır və mətbuat konfransında nazirin hesabatından səhv tutan (halbuki mətni özü hazırlamışdı), orda çalışan məmur hansı səbəbdən neçə müddətdir tədbirlərdə görünmür. Elə fevralın 16-da 2-ci Vətən müharibəsində Zəfərin 100-cü günü münasibəti ilə ağaçəkmə aksiyasında da gözə dəymədi. Yoxsa, çoxdan kameralar, foto-obyektivlər önündə poz vermişdi. «Bağda ərik qurtardı, salam əleyk qurtardı» deyib, daban 56 öz köhnə peşəsinə qayıdıb. İş ondadır ki, ona sadiq «Qardaşlar»ı indi dərd götürüb. Kim bundan sonra onları ilin jurnalisti etdirəcək, səfərlərə yollatdıracaq, nazirin mətbuat konfranslarında sual ötürəcək? İl ərzində hədiyyələr, pul mükafatları… Yoxdur daha, cəhənnəmə getdi, korbagor oldu.
Nazirin ağır durumda olduğunu zənn edənlər yanılırlar. Onların arzusu ürəklərində qalacaq. Kiminsə xəstəliyinə sevinmək nə müsəlmançılığa sığır, nə də adət-ənənəyə.
Hüseyn Cavidin şah əsərlərindən sayılan “İblis” mənzum romantik faciəsi əsasən kolliziyalardan, psixoloji və fəlsəfi təzadlardan ibarətdir. Faciənin əsas ideya yükünü, dramaturq qayəsini əsərin sonunda İblisin dili ilə söylənilən bu misralar dərindən əks etdirir: «İblis nədir? – Cümlə xəyanətlərə bais… Ya hər kəsə xain olan insan nədir? – İblis!..»

Konfederasiyaya da yaranacaqmı?

Amma idman mediasında söz açdığım təşkilat və qruplaşmalardan savayı, bitərəflər və konfederasiyaya qurmaq istəyənlər var. Onlar AİJA-nı qəbul etməyənlər və AİJF-də idarə heyətəndə yer almayanlardır. Ümumiyyətlə, bizim camiyədə öz marağını güdməyən, dürüst və ədalətli xeyli həmkar saymaq olar. Bu gün onlar incikdirlər. İçlərində təsir gücünə malik isimlər az deyil. Nufuzlu bir mətbuat xidmətinin rəhbəri işə qarışsa, himayədar tapıb mərkəzdə mövqe tuta bilərlər. Bitərəflər, media komitəsi yarandıqda da qarışmadılar; indi də prosesi kənardan izləməklə kifayətlənirlər. Onların nə vaxtsa bu 2 qurumdan birinə qoşulmaları istisna deyil. Ayrı sözlə, durum çox qarışıqdır.
Olanları yaxından təqib edir və çox şeydən məlumatlıyam. Məsələnin sonunu da gözəl bilirəm. AİJF-də yer alsam da, yazıda tam gücümlə obyektivli qorumağa çalışdım. Çünki hər müqayisəli təhlil həm də dövrə verilən qiymətdir və nəticələr sabahımızın əsas dəyər mənbəyidir. Bu nəticələrin imtahan məqamı isə qarşıdakı 3 ildə qorunacaq səviyyə ilə ölçüləcəksə, son sözü, əlbəttə ki, zaman deyəcək. Demək, hələ görüləsi işlər də var, növbəti yazılar da. Geri qalmamaq, sürətli inkişaf üçün vahid ailə fəaliyyətini davam etdirib, verilən qərarların obyektiv reallığını görmək, məqsədyönlü çalışmaq lazımdır. Hələliksə, Azərbaycan idman jurnalistləri AİJF-in təşkilatçılığı ilə «Zoom» proqramı vasitəsilə 2-ci respublika toplantısına hazırlaşır. Vebinarda AİJF-nin illik fəaliyyəti ilə bağlı hesabat veriləcək, idman mediası üçün aktual məsələlər ətrafında fikir mübadiləsi aparılacaq, rəy və təkliflər dinləniləcək.

Kamran HACI
Fəxri bədən tərbiyəsi və idman işçisi

Həmin kateqoriyadan