- Baxış sayı: 40
- 15 Fevral 2026 11:28
- Baxış sayı: 271
- Fevral 13, 2026
- 0

“Kəpəz”in idarə heyətinin üzvü Fərman Əlizadə akademiyanın məşqçiləri ilə geniş tərkibdə görüş keçirib. Allsport.az xəbər verir ki, görüşdə klubun infrastruktur rəhbəri Ruslan Məmmədov, akademiyanın koordinatoru Vasif Vəliyev, eləcə də bütün yaş qrupları üzrə məşqçilər iştirak ediblər.
Toplantının əsas məqsədi akademiyanın hazırkı fəaliyyətinin qiymətləndirilməsi, mövcud vəziyyətin təhlili və gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi olub. Görüş zamanı aşağı yaş qruplarından başlayaraq bütün kateqoriyalar üzrə təlim-məşq prosesinin təşkili, futbolçuların inkişaf dinamikası, yarışlarda iştirak və nəticələr geniş şəkildə müzakirə edilib.
Məşqçilər akademiyada mövcud olan çatışmazlıqlar, qarşılaşdıqları çətinliklər və gündəlik fəaliyyət zamanı ortaya çıxan problemlər barədə ətraflı məlumat veriblər. Eyni zamanda, infrastruktur, maddi-texniki baza, meydança şəraiti, inventar təminatı və təşkilati məsələlərlə bağlı təkliflər səsləndirilib.
Fərman Əlizadə çıxışında vurğulayıb ki, “Kəpəz”in gələcəyi məhz akademiyadan başlayır və əsas komandanın uğurlu formalaşmasının təməli aşağı yaş qruplarında qoyulur. Klubun uzunmüddətli strategiyasında yerli və öz yetirmələrinə üstünlük verilməsinin prioritet olduğunu diqqətə çatdırıb, bu istiqamətdə sistemli və davamlı işin aparılmasının vacibliyini qeyd edib. İdarə Heyətinin üzvü, həmçinin vurğulayıb ki, “Kəpəz”ə olan inamın məhz akademiyanın məşqçilərinin əziyyəti və onların yetişdirdiyi futbolçuların uğurları sayəsində geri qayıdacağına inanır. Onun sözlərinə görə, klubun gələcək uğurlarının təməli aşağı yaş qruplarında qoyulur və bu prosesdə məşqçilərin rolu həlledicidir.
Görüş zamanı qarşıdakı dövr üçün yol xəritəsinin əsas konturları müəyyənləşdirilib. Akademiyanın fəaliyyətinin daha effektiv təşkili, məşq prosesində vahid metodologiyanın tətbiqi, nizam-intizamın gücləndirilməsi və futbolçuların mərhələli şəkildə əsas komandaya inteqrasiyası məsələləri müzakirə olunub.
Məşqçilərin fikir və tövsiyələri diqqətlə dinlənilib, onların təkliflərinin gələcək fəaliyyət planında nəzərə alınacağı bildirilib. Rəhbərlik tərəfindən akademiya kollektivinə göstərilən diqqət və dəstəyin davamlı olacağı vurğulanıb.