“Aşağı liqaya düşsək də, futbolçular peşəkar olmalıdırlar”

Premyer liqanın 34-cü turunda “Qəbələ” evdə “Sabah”ı 1:0 məğlub edib. Allsport.az xəbər verir ki, ev sahibinin baş məşqçisi Kaxaber Tsxadadze oyun haqda danışıb:

“Ardıcıl iki oyunda qələbə qazanmağımız müsbət məqamdır. Aşağı liqaya düşsək də, futbolçular peşəkar olmalıdırlar. Onlar həmişə maksimum bacarıqlarını göstərməlidirlər. Əvvəlki kimi çalışdığımızı oyunçular da görürlər. Buna görə şadam. “Qəbələ” təkcə böyük klub deyil, həm də yaxşı gənc futbolçular yetişdirir. Sevinirəm ki, bu gənclər özlərini yaxşı göstərirlər. Sağ cinah müdafiəçimiz Eşqin Əhmədovu kim tanıyırdı? O, oyunun ən yaxşısı idi. İbrahim Ramazanov bu səviyyədə ikinci dəfə mərkəz müdafiəçisi kimi oynadı. Bugünkü matça gəlincə, qırmızı vərəqəyə qədər də oyuna nəzarət edirdik.

Standart vəziyyətlər və topu müdafiəçilərin arxasına atmaqlarını nəzərə almasaq, rəqib qapımız önündə heç nə yarada bilmədi. Yaxşı oynadıq, müdafiədə diqqətli olduq, hücumda imkanlarımızdan yararlandıq. Qırmızı vərəqədən sonra rəqibi tam sıxmaq lazım idi. Qol vurmalı idik, bunun üçün çox sayda imkanlar da oldu. Amma ən önəmlisi odur ki, qalib gəldik”. #gsc #gabalasc

Həmin kateqoriyadan