Asmir Beqoviç: “Qarabağ”la Avropada uğurlu çıxışla, yenidən milliyə dəvət alacağıma ümidliyəm

“Qarabağ”ın yeni transferi Asmir Beqoviç məşhurdur. Allsport.az saytı xəbər verir ki, 2 il “Çelsi”də çıxış edən qapıçı sonradan digər ptemyer liqa təmsilçisi “Bornmut”a keçib. O, son zamanlar heyətdə yer tapa bilmir. “Qarabağ” bosniyalı üçün yeni ümid yeridir. O, futbolinfo.az-a müsahibəsində əsas məqamlara aydınlıq gətirib. 

– Niyə “Qarabağ”ı seçdin?
– Mən meydanda olmaq, oynamaq istəyirdim. Ciddi bir kluba keçmək niyyətim var idi. “Qarabağ” həm ciddi klubdur, həm də Avropada uğurları var. Mütəmadi olaraq, qitənin nüfuzlu turnirlərində iştirak edir. Onlar Avropa liqasında yüksək nəticələr qazanmaq istəyirlər. Mən də onlarla bu tarixin bir hissəsi olmaq istəyirəm. 

– Avropa liqasında “Qarabağ”ın yer aldığı qrupdan xəbərin var?
– Bəli, xəbərim var. “Sevilya” hər kəsə bəllidir. APOEL güclü komandadır. Onlar “Ayaks”a qarşı yaxşı çıxış etdilər. “Düdelanj” böyük iş görüb. Bizi asan oyunlar gözləmir. Çox çətin qarşılaşmalar keçirəcəyik.

– “Qarabağ”a keçərkən Şehiçdən məsləhət aldınmı?
– İbrahim Şehiçlə danışmadım. Çünki hər şey çox sürətli baş verdi. Amma “Qarabağ” və Azərbaycan haqqında bir neçə dostumdan məsləhət aldım. Hər kəs müsbət şeylər söylədi. 

– Bosniya və Hersoqovina millisinə dəvət almırsan. Bu, oyununa təsir edəcəkmi?
– Dəvət almıram, amma bu, son demək deyil. Ümid edirəm ki, “Qarabağ”la Avropada uğurlu çıxışımdan sonra yenidən dəvət alacağam. Bunun üçün çalışacam.

Həmin kateqoriyadan