Ayxan Abbasov hücumçu istəyir

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Antalyadakı təlim-məşq toplanışı barədə PFL-ə açıqlama verib. Allsport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis hazırlığı dəyərləndirib:

“Toplanışın bəhrəsini çempionatda görəcəyik. Futbolçular istirahətdən sonra ideal formalarından uzaq olurlar. Bura gəlməyimizin səbəblərindən biri ağır məşqlər fonunda oyunlar keçirməkdir. Bu zaman futbolçuların düşüncələri, qərarları vacibdir. Buradakı oyunların nəticəsi bizim üçün o qədər önəmli deyil. Bununla belə, hər matça qalib gəlmək üçün çıxırıq.

Bu gün oyunçularımız gümrah olmasalar da, bütün mübarizələrdə qalib gəlməyə çalışırdılar. Hər şey istədiyimiz kimi gedir. Bundan sonra daha 2 yoxlama matçımız olacaq. Bütün futbolçulara şans verməyə çalışacağıq. Onları iş başında görmək istəyirik ki, çempionatda düşdüyümüz vəziyyətə uyğun qərarlar verək. Komandam yaxşı çıxış etdi, qol epizodlarımız oldu. Səhvlərimiz də var idi. Qarşıdakı görüşlərdə daha diqqətli olmalıyıq. Yanvarın 18-dək buradayıq. Çalışacağıq ki, bütün futbolçular ideal formalarına qayıtsınlar”.

Abbasov yeni transfer Denis Marandiçin oyunundan danışıb: “Azarkeşlərimiz də transfer gözləyirdi. Rəhbərliklə birlikdə düzgün qərar verməyə çalışırıq və büdcəmizə uyğun hərəkət edirik. Belə bir imkan düşdü və Marandiçi heyətimizə qatdıq. Onu ötən ilin yayından izləyirəm. Bacarığına bələdəm. Düzdür, tam hazır deyil. amma sevindirici haldır ki, cəmi 1 məşdən sonra ilk oyunundaca qol vurdu.

Hər şeydən öncə komandaya uyğunlaşması xoşumuza gəldi. Yəqin ki, bu, onun üçün böyük motivasiya olar. Əlbəttə, əsas iş qabaqdadır. İnanıram ki, bizə köməyi dəyəcək və rəqabət aparacaq. Yeni hücumçu almaq istəyirik. Çünki orada ehtiyat qüvvəmiz yoxdur. Alınmasa belə, komandamızı bu heyətlə mübarizə aparmağa kökləyəcəyik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish