- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Ancaq xalq dünyalar qədər sevdiyi bahadırlarına qarşı həmişə tələbkar olub, onlardan böyük fədakarlıq gözləyib. Çünki bu diyarda bir pəhləvan qələbəsi ilə bir orduya bərabər iş də görə bilir, onu sabaha – daha böyük zəfərlərə səsləyir. Həmişə də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir. Bu milli idman növümüzün əksər elementlərini, fəndlər və mübarizə metodlarını əks etdirən sərbəst güləş dünyada Amerika güləşi kimi qəbul edilsə də, əslində, bunun tarixi çox qədim, Azərbaycana bağlıdır. Sadəcə, elmi sübutlarla bunu dünyaya isbatlamaq lazımdır. Milli güləşin elementlərinə Qobustan qayalarında, şifahi xalq və klassik ədəbiyyatda rast gəlinir. Güləşin qədimliyini sübut edən digər faktlardan biri, Azərbaycanda toy və bayram şənliklərində insanların özlərini sınayan xüsusi yerlər – Zorxanalardır.
Milli güləşin inkişaf etməsi, gənclərin sevimli məşğələsinə çevrilməsi bir tərəfdən öz irsimizi və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gələn peşəkar məktəblərlə əlaqədardır. Azərbaycanda sərbəst güləşin kütləviliyi 2-ci Cahan savaşından sonra başlayıb. «Qosturud» idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan Rza Baxşəliyev ölkəmizdə bu idman növünün banilərindən sayılır. Onun məktəbinin yetirmələri, dəfələrlə SSRİ çempionları və mükafatçıları – Musa Babayev, İbrahimpaşa və Muxtar Dadaşovlar, Sovetlər Birliyininin ilk dəfə qatıldığı olimpiya oyunları, Helsinki-1952-də yarımyüngül çəkidə gümüş medal qazanan Rəşid Məmmədbəyovu misal gətirmək olar. Sonradan Azərbaycan sərbəst güləşində iz qoyan insanlar çoxdur. Onlardan biri, bu gün 75 yaşını qeyd edən Cavanşir Qurbanovdur. Çoxları onu Azərbaycan güləş federasiyasının vitse-prezidenti kimi tanıyır. Amma mütəxəssisin idman sahəsindəki fəaliyyətini təkcə bununla məhdudlaşdırmaq düzgün olmazdı. Əməkdar məşqçisi, idman ustası, beynəlxalq dərəcəli hakim, Fəxri bədən tərbiyəsi və idman xadimi, Fəxri bədən tərbiyəsi və idman işçisi, xalq maarifi əlaçısı, 2010-cu ildən dosent elmi adını alan, olimpiya komitəsinin üzvü olan (1992-2000) professor, Azərbaycan güləşinin inkişafı sahəsindəki çoxillik fəaliyyətini yorulmadan davam etdirməklə yanaşı, uzun müddət “Təfəkkür” universitetinin bədən tərbiyəsi kafedrasının müdiri kimi ölkədə tələbə idmanının, gənclərimizin hərtərəfli, harmonik inkişafına da zəhmət payını qatıb.
Cavanşir Kazım oğlu Qurbanov 6 dekabr 1947-ci ildə Bakı şəhərində anadan olub. O, idmana erkən yaşlarında, güləşə olan böyük sevgisi ilə gəlib. İki gündən sonra 7-ci onilliyi başlanacaq böyük həyat yolunun güləşə həsr olunmuş hissəsi uzun bir dövrü əhatə edir. Güləş xalçası üzərinə ilk dəfə 1962-ci ildə Ordu idman klubunda çıxan Cavanşir, 4 ildən sonra artıq idman ustası normasını yerinə yetirib. Dəfələrlə Azərbaycan çempionu olub, ümumittifaq və beynəlxalq turnirlərdə mükafata layiq yer tutub.
1972-ci ildə Xalq təsərrüfatı institutunu (indiki iqtisadiyyat universiteti) bitirib. Amma özünü idmandan ayrı təsəvvür etməyən Cavaşir, idman sahəsi üzrə ali təhsil almaq üçün, Bədən tərbiyəsi institutuna (indi -AzDBTİA) daxil olub. Təhsilini davam etdirməklə yanaşı, Bakı xalq maarifi şöbəsinin güləş idman məktəbində məşqçi, eləcə də məktəbin müdiri vəzifəsində çalışıb. Məktəbə rəhbərlik etdiyi 1990-cı ilə qədər orada sərbəst güləş üzrə SSRİ, dünya və 2-qat Avropa çempionu Xəzər İsayev, yunan-Roma güləşi üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Natiq Eyvazov, Avropa çempionatının gümüş mükafatçısı Azad Əliyev, gənclər arasında SSRİ birinciliklərinin qalibləri Tapdıq İsmayılov, Seymur Kərimov, Bayram Abdullayev, Əfqan Məmmədov, Həmid Rəsulov, Bəhruz Məmmədov kimi tanınmış pəhləvanlar yetişib. Onun özünün şəxsi məşqçilik fəaliyyətinin məhsulu 10-a yaxın idman ustası və müxtəlif dərəcəli idmançılardır. Onların arasında 2003-cü ilin sərbəst güləş üzrə bürünc mükafatçısı, Afina olimpiadasında 5-ci olmuş Rüstəm Ağayevi xüsusi qeyd etmək lazımdır.
Cavanşir Qurbanovla tanışlığım idman mətbuatına gəlişimin ilk illərinə, 2002-ci ilə təsadüf edib. Bu işdə gənclər və idman nazirliyinin o vaxtkı mətbuat katibi Raqif Abbasovun (sonra bildim ki, onun qayınatasıdır) rolu olub. Onda federasiya əməli olaraq 1 saylı ETK-nın binasında yerləşirdi. Dərnəgülə yollanıb onunla görüşdüm. Elə orda özəl, mühüm məlumat verdi. Dedi ki, qadın güləşi olimpiya proqramına salınıb. Sonradan çox söhbətlərimiz oldu. İsti münasibət dostluq əlaqəsinə çevrildi. 2009-2010-cu illərdə AGF-də birgə çalışdıq, daha yaxın olduq, birgə çox səfərə çıxdıq. Belə bir məsəl var: Dostunu yolda tanı. Cavanşir müəllimin gözəl insan və etibarlı yol yoldaşı olmasını bir daha gördüm. Ondan həyat və işlə bağlı çox şey öyrəndim. Təcrübəsi və zəkası əsl örnəkdir. Avtomobil idarə etməsi də bir nümunədir. İnsanlar arasında necə təvazökar və alicənabdırsa, maşın sürəndə həmişə qarşısındakına yol verər, qaydaları pozmaz, öz ədəb və nəzakətini nümayiş etdirər. Əbəs yerə o, 2020-ci ildən Yasamal rayonunun Ağsaqqallar Şurasının sədri seçilməyib.
2007-ci il idi. “İdman”la yanaşı, “Futbol+” qəzetində çalışırdım. Azərbaycan idman jurnalistləri assosiasiyasının yekun tədbiri ilə “Bilmirəm bu hamam suyudur, yoxsa bozbaş “sərlövhəli məqalə yazmışdım. Bu, təşkilatın prezidenti Eldar İsmayılovu bərk qəzəbləndirmişdi. O, həm nəşri, həm də məni məhkəməyə verməyə hazırlaşırdı. Bunu Cavanşir müəllimlə ortaq dostumuz, o dövrdə “Olimpiya dünyası” qəzetində işləyən Lətif Aslanov söhbət əsnasında ona danışır. Bunu bilincə, dərhal hərəkətə keçir. Öncə mənə, sonra ona zəng vurur. Xülasə, ikimizi də barışdırır. Onun sülh yolunda başqa addımlarını da eşitmişəm: İranda uzun illər bir-birini görməyə gözü olmayan güləşin 2 nüfuzlu simasını, Azərbaycanda məşqçiləri barışdırıb. Bəli, o, cəmiyyətimizdə baş verənlərin inikası, zamanın sülh nəbzidir.
Cavanşir Qurbanovun federasiyanın 1-ci vitse-prezidenti kimi fəaliyyət dövrü Azərbaycan güləşinin şanlı səhifələrini təşkil edib. Sidney-2000-də sərbəst güləşdə Namiq Abdullayev, Afina-2004 yay olimpiya oyunlarında yunan-Roma güləşində Fərid Mansurov qızıl medal qazanıb. 2002-ci ildə ölkəmizdə olimpiya idman növləri üzrə ilk Avropa çempionatına güləş ev sahibliyi edib. Həmin yarışda sərbəst güləşçilərimiz 1 dəst medala sahib çıxıblar. 2003-cü ildə ABŞ-da keçirilən dünya çempionatında Arif Abdullayev 17 il sonra sərbəst güləşdə baş mükafata yiyələnib. 2004-cü ildə Bakıda keçirilən sərbəst güləş üsrə Dünya Kubokunda təşkilat komitəsinin sədr müavini olub. Bu məsul sınarda komandamız finalda Rusiya pəhəvanlarına qalib gəlib.
O, 2009-2017-ci illərdə AGF-də regionlar üzrə vitse-prezident kimi də çox iş görüb, bölgələrdə infrastruturun qurulmasında, yeniyetmələrin yetişməsində böyük fayda verib, daim aşağı yaş qrupu üzrə milli komandalara legionçuların cəlb edilməsinə qarşı çıxıb. 22 illik (gələn ay 23 olur) idman jurnalisti karyeramda, onun bir məqamda KİV-ə verdiyi dəyəri sonradan başqa federasiya rəsmilərində görmədim. 2005-ci ildə ölkə çempionatının gedişində, güləş idman növünün təbliğində göstərdiyi xidmətlərə görə layiq olan həmkarlarımı fəxri fərmanla təltif etdi. Təbii ki, hədiyyə də vardı. Təqdimetmə Bakı idman sarayında tamaşaçıların önündə oldu. O zaman gənc yazar üçün bu, böyük mükafat və yüksək dəyər, digər federasiya rəsmilərinə nümunə idi.
Cavanşir Qurbanovun əməyinə verilən qiymət yuxarıda sadaladığım fəxri adlarda öz əksini tapmayıb. Beynəlxalq güləş federasiyası da, ölkəmizdə güləşin inkişafına verdiyi töhfələrin əvəzində, onu özünün qızıl medalına layiq bilib. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatında o vaxtkı FİLA prezidenti Rafael Martinetti daha bir mükafatı – Senatorlar klubunun qızıl medalını ona təqdim edib. Azərbaycan prezidentinin 05 mart 2008-ci il tarixli sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb. 70 illik yubileyi mübasibəti və ölkə idmanında roluna görə ölkə başçısı İlham Əliyev onu “2-ci dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Professorun idman nəzəriyyəsi və tədris metodikası sahəsindəki yarıdıcılığı da təqdirəlayiqdir. İndiyə kimi onun qələmindən 20-yə yaxın elmi məqalə və metodiki vəsait çıxıb. Onun Azərbaycan idmanına lazım olan əməyi hələ bundan belə də öz əvəzsiz bəhrəsini verəcək.
Sonda həssas bir məqamı da qeyd etməyi özümə borc bilirəm. Yubilyar, qardaşları arasında Xanları çox sevirdi. O, uzun müddət Azərbaycan dövlət bədən tərbiyəsi və idman akademiyasında kafedra müdiri olub. Mənin də müəllimim olub. Hamımızın çalışdırıcısı 2 il öncə koronavurusdan dünyasını dəyişəndə, çox pis olmuşdu. Bir müddət özünə gəlmədi. Bütün qardaşları ona əziz və doğmadır. Sadəcə, Xanlar müəllimlə çiyin-çiyinə güləşin inkişafında fədakarlıq göstərmiş, böyük yol keçmişdilər. Yubilyar, hazırda kiçik qardaşının uzun illər rəhbərlik etdiyi Azərbaycan milli idman növləri assosiasiyasında 1-ci vitse-prezident vəzifəsini daşıyır…
Kamran HACI
Fəxri bədən tərbiyəsi və idman işçisi