LAYİHƏ
Azərbaycan güləşinin müstəqillik dönəmində uğurları

2-ci yazı

Müstəqillik qazandıqdan sonra ölkəmiz, yeni addımlar atan hər bir ölkə kimi, bir çox sahələrdə özünü  tanıtmağa ehtiyac duyurdu. Sözsüz ki, bu mənada idmanın və onun tərənnümçülük xüsusiyyətlərinin rolu danılmazdır. Təbii, bunun üçün, ilk növbədə, ölkənin simasına çevrilən növlərə dəstək verilməsi vacibdir. Bunu, ilk olaraq, həmişə düşünülmüş siyasəti, müdrikliyi, səs-səda doğuran addımları ilə seçilən ümummilli lider Heydər Əliyev etdi. Dahi siyasətçinin yeni yaranan Azərbaycanı dünya idman aləminə tanıtdırmaq üçün dəstək verdiyi idman növlərindən biri, bəlkə də birincisi güləş oldu. O, dəqiq bilirdi ki, populistcəsinə ‘‘idman siyasətə qarışmır’’ fikrini bayraq edənlər buna qarşı olacaqlar. Belədə ‘‘ən yaxşı siyasət idmandır’’ devizini əldə rəhbər tutanlara, elə onların dilində cavab vermək ən doğru addım idi. O, güləşə güvəndi və tezliklə hər kəs bunun bəhrəsini gördü.

Müstəqillik əldə olunduqdan sonra keçirilmiş bütün olimpiya oyunlarında da pəhləvanlar ölkə bayrağının şərəfini daim uca tutublar. London-2012 bu mənada xüsusən seçildi. Qazanılan 10 medalın 7-si onların payına düşdü. Üstəlik, ən yüksək əyarlı mükafatlar – 2 qızıl və 2 gümüş medal badahırların hesabında idi. Məşhur Azərbaycan sərkərdəsi Babəkin bir gözəl monoloqu var: «Azadlıq, istər acı olsun, istər şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Bu dünyada bircə gün azad yaşamaq, qırx il boyunduruq altında sürünməkdən daha üstündür». Bu ifadədə böyük hikmət var – insan tam sərbəst olanda, xariqə yarada bilir. Fərqi yoxdur, hansı sahə olsun. Güləşdə 1952-ci ildən bu yana qazanılan uğurun göstəricilərinə baxsaq, görərik ki, SSRİ ilə indikində, obrazlı, Yerlə Mars qədər fərq var. Çağdaş dövrdə fəth olunan zirvələrin sayı-hesabı yoxdur.

Güləş tariximiz dünya miqyaslı qələbələri ilə məşhur olan  böyük pəhləvanlar cərgəsinə malikdir. Bu sıra müstəqillik illirində Namiq Abdullayevlə başlanır. Onu dövrünün bayraqdarı adlandırıram. İstedadlı bahadır ilk olimpiya medalımızın memarı olmaqla yanaşı, hələ də ən titullu idmançımız sayılır. O, Sidney-2000-nin qızıl medalçısı, 3-qat Avropa çempionu , 3 dəfə dünyanın ən güclülərini yarışının gümüş və 1 dəfə bürünc mükafatçısıdır. Onun Antanta-1996-da tutduğu 2-ci yer daha yüksək ola bilərdi. Finala qədər rəqiblərini böyük fərqlə, xal vermədən məyus edən Namiq Abdullayevin (52 kq) önünə finalda Valentin Yordanov çıxdı. Bolqar pəhləvan dövrünün ən tanınmışlarından sayılırdı. Medal boğçasında saysız-hesabsız qitə və dünya çempionluğu olsada, «olimpiya qızılı» yox idi. Gərgin mübarizədə həmyerlimiz hakim ədalətsizliyi nəticəsində 3:4 hesabı uduzduruldu. Bu haqsızlığı hamı gördü. Qarşılanma mərasimində Heydər Əliyev güləşçimizin çıxışını yüksək qiymətləndirdi, onun «gümüş»ünü «qızıl» saydı. O, olimpiya millimizin heyətində yeganə kapitandır ki, ona bəslənən etimadı doğruldub, Vətənə zəfərlə qayıdıb. Namiq Abdullayevin digər müsbət tərəfi, idmana hədsiz sevgisinin olmasıdır. Elə bu gündə ona deyilsə, hazırlaş, Rio-2016-da mücadilə edəcəksən. Buna böyük sevinc, şövq və yeni qələbə arzusu ilə yanaşar.

Bu gün Namiqin layiqli davamçıları var: Toğrul Əsgərov (60 kq) ilə Şərif Şərifov (84 kq) da olimpiya zirvəsini fəth ediblər. Dünya və 3-qat Avropa çempionu Xetaq Qazyumov (96 kq) 2 dəfə «dördilliy»in bürünc medalını qazanıb. Hacı Əliyev (61 kq) dünya çempionatlarında 2 dəfə baş mükafata sahib çıxan yeganə sərbəst güləşçimizdir. Ayrı-ayrı vaxtlarda Arif Abdullayev (60 kq) və Şərif Şərifov da bu uğura 1 dəfə yetişiblər. Cəbrayıl Həsənovla (66 kq) Əşrəf Əliyev (74 kq) də Azərbaycan güləşinin istedadlı üzvlərindəndir.
Müstəqiliyimizin ilk dövründə Elman Əsgərov (66 kq) və Elşad Allahverdiyevin (74 kq) gözoxşayan çıxışlarını da unutmamalıyıq. Adı ilk çəkilən pəhləvan «qayçı» fəndini yerinə yetirməkdə bu texnikanın mahir ifaçısı Namiq Abdullayevdən fərqlənirdi. Elman Əsgərov bunu yuxarıdan edirdi, sanki hörümçək ovunu yeməzdən öncə, onu necə rahat vəziyyətə gətirirdi.
Bu növdə dünya kubokunda da uğurlarımız var. Millimiz 2004-cü ildə Bakıda və 2009-cu ildə Tehranda keçirilən yarışda baş mükafata sahib çıxıb.
Azərbaycan güləş məktəbinin yetirməsi Vüqar Orucov (48 kq) ayrı-ayrı dönəmdə Belarus və Rusiya millilərinin adından çıxış edərək, «sərbəstlər»də olimpiya oyunları, dünya və Avropa çempionatlarında yüksək əyarlı mükafatlar qazanıb.

Söhbət «klassikilər»dən gedəndə, gərək söhbəti Fərid Mansurovla (66 kq) açım. Bu pəhləvanı yazılarımda müasir Azərbaycan yunan-Roma güləşinin səraslanı adlandırmışam. O, yeganə idmançıdır ki, bu növdə ən yüksək zirvəni fəth edib. Fəridin Afina-2004-də göstərdiyi şücaət, «parter»də özünəməxsus əks-fəndgirliyi ictimaiyyəti heyrat etmişdi. Oyunların finalını yəqin, xatırlayırsınız: təkəbbürlü və xain Şərəf Əroğlu çox cəhd etsədə, bacarmadı; üstəlik, həmyerlimizə necə məğlub olduğunu anlamadı. Türkiyəliyə güləş döşəyində məğlubiyyət elə təsir etmişdi ki, uduzmasıyla barışmaq istəmirdi. Yersiz göz yaşlarını əhəmiyyəti yox idi. Fərid halal qələbə qazanıb, 2002-ci ildə Moskvada, cahanın ən güclülərinin yarışında final yenilgisinin əvəzini çıxmışdı. Mansurov «klassik» güləşimizdə 2-qat dünya çempionu olan yeganə idmançıdır. Ona qədər, müstəqilliyimizin ilk dövründə, Natiq Eyvazov (54 kq) yunan-Roma güləşimizi tək çiynində daşıyıb.

«Səraslan»ın yoxluğunu öncə Rövşən Bayramov (55 kq), indi də Rəsul Çunayev (71 kq) hiss etdirmir. Adını ilk çəkdiyim qəhraman yunan-Roma güləşində 2 dəfə fərqlənən yeganə bahadırımızdır. Rövşən həm Pekin-2008-də, həm də London-2012-də gümüş medal yiyələnib. Bayramov 2011-ci ildə İstanbulda keçirilmiş olimpiya lisenziya xarakterli dünya çempionatında baş mükafatı qazanmağı da bacarıb. Avropada ona 2 dəfə «baş əyib». Yeni dalğaya qədər, ölkəmizin ən titullu yerli məşqçisi Elçin Cəfərov sanki Napoleonu, Fərid Mansurov imparetorun yaxını Müratı, Rövşən Bayramov marşal Neyi xatırladırdı. Bu sıraya Vitali Rəhimovu (66 kq) da əlavə etmək olar. O da öz növbəsidə, Pekin oyunlarında fərqlənməklə yanaşı, dünya və Avropa çempionatlarında fəxri kürsüyə çıxıb.
London olimpiadasında Emin Əhmədov (74 kq) da ümidləri doğruldaraq, yekunda bürünc medal qazanıb.

Son dövrdə, öncə Həsən Əliyev (60 kq), sonra Rəsul Çunayev bizləri sevindirib. Adı son çəkilən bahadırın xarakter nümayiş etdirməsi, vacib tutaşmalarda erməni həmkarlarını göz açmağa macal verməməsi, şanlı qələbələrini güləş döşəyində avar rəqsi oynamaqla, əsgər salamı verməklə qeyd etməsi, idmansevərlərdə ona qarşı rəğbət qazandırıb.
2-qat Avropa çempionu Elçin Əliyev (55 kq), Kamran Məmmədov (59 kq), Rafiq Hüseynov (74 kq), Elvin Mürsəliyev (75 kq) də mötəbər beynəlxalq arenalarda mükafatlara sahib çıxıblar.
Bu növdə dünya kubokunda da uğurumuz var. Millimiz ötən il Arazın o tayında keçirilən yarışda 1-ci yeri tutub.
Azərbaycan güləş məktəbinin yetirmələri – Zəfər Quliyev (48 kq), Fər­had Mə­hə­rər­mov (52 kq), Heydər Məmmədəliyev (55 kq), Samvel Danielyan və Vü­qar Rə­hi­mov (hamısı – 55 kq) MDB-yə daxil olan slavyan ölkələrinin tərkibində, «klassiklər»də olimpiya oyunları, dünya və Avropa çempionatlarında uğura yetişiblər.

Qadın güləşində müjdə 2008-ci ildən başlayıb. Mariya Stanik (48 kq) Azərbaycanda ən titullu, dünyada öz çəkisində liderlərdən biridir. O, 2 dəfə olimpiya mükafatçısı, 5-qat Avropa və dünya çempionu olub. Ukrayna əsilli xanım Namiq Abdullayevdən sonra «dördillik»də qazandığı medalın əyarını növbəti oyunlarda yüksəldən 2-ci idmançımızdır.
Mariya Stadnikin qələbələrinə Yuliya Ratkeviç (59 kq) dəstək verib. O, London-2012-nin bürünc mükafatçısı olmaqla yanaşı, dünya və qitə çempionudur. Azərbaycanın yerli güləşçiləri arasında Sona Əhmədli (55 kq) parlaq iz qoyub. Keçmiş cüdoçu 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatında 1-ci yer tutub; 2 dəfə dünya çempionatında fərqlənib.
Nadejda Sementsova (67 kq) da Azərbaycan paytaxtında himnimizi səsləndirib. Patimat Baqomedova (51 kq), El­vi­ra Mür­sə­lo­va (59 kq) dünya, İrina Netreba (58 kq), Olesya Zamula, Anna Belyayeva (hər ikisi – 63 kq) və Züm­rüd Qur­ban­ha­cı­ye­va (67 kq) qitə çempionatlarında medal qazanıblar.

Ən yüksək dərəcəli beynəlxalq hakimlərimiz – Oqtay Hüseynov 2 dəfə, Hicran Şərifov artıq 3-cü dəfə olimpiya oyunlarında ədaləti qoruyacaqlar.
Azərbaycan güləşinin tanınması, nüfuzunun artması, onun dünyada öncüllərdən biri sayılmasında, müvafiq olaraq, federasiya prezidentləri Abbas Abbasov və Fazil Məmmədovun rolu böyükdür. Müstəqillik dönəmində mütəxəssislərimiz Cavanşir Qurbanov, Yaqub Məmmədov, Əliqulu Həsənoğlu, Hüseynağa Əsgərov, Vahid Məmmədov, İsmayıl Çopsiyev və digərlərinin adlarını çəkmək olar.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

toğrul-şərif Meddallarim3 106352813874847_1113560018687300_2106429824_nDMN13883792_1113553752021260_1666737645_n1060586

 

13874625_1113552642021371_80467020_n13874546_1113552882021347_241374475_nGR 55KG AZE-HUN-1FS 66KG BUL-AZE13866604_1113559075354061_969538082_n

 

 

 

 

 

464822aa3b420b75b13814560_1113552998688002_1932891888_n49688

68f1c81b65101f4c15980caf26641094570

 

 

Həmin kateqoriyadan