- Baxış sayı: 39
- 12 Mart 2026 14:43
- Baxış sayı: 460
- Mart 12, 2026
- 0

Beynəlxalq xizəkçi jurnalistlər klubunun (The Ski Club of International Journalists SCİJ) İspaniyanın “Valle de Boi Taull” dağ kurortunda təşkil etdiyi baş assambleyasında Azərbaycan xizəkçi jurnalistlər klubu (SKAJ) birliyin 33-cü tamhüquqlu üzvü seçilib.
Allsport.az xəbər verir ki, Azərbaycan xizəkçi jurnalistlər klubu tədbirdə iştirak edən 23 ölkənin 100-ə yaxın media nümayəndəsinin yekdil dəstəyini qazanıb və dünya üzrə xizək sürməyə marağı olan jurnalistləri bir araya gətirən geniş beynəlxalq platformanın bir hissəsinə çevrilib.
2024-cü ildə qış idman növləri federasiyasının və “Şahdağ” turizm mərkəzinin dəstəyi ilə yaradılan Azərbaycan xizəkçi jurnalistlər klubunun hazırda yerli televiziya kanalları və informasiya saytlarının əməkdaşı olan 7 nəfərdən ibarət üzvü vardır.
Klubun yaradılmasının əsas məqsədi xizək sürməyi bacaran yerli media nümayəndələrini öz ətrafında bir araya toplamaq, onların peşəkar səviyyədə xizəkçi kimi formalaşmasına dəstək göstərmək, həmçinin beynəlxalq xizəkçi jurnalistlər klubunun hər il müxtəlif ölkələrdə media nümayəndələri arasında təşkil etdiyi toplantılarında iştirak etmək, klub çərçivəsində xizək yarışlarına qatılmaq, o cümlədən Azərbaycanı bu platformada təmsil etmək, xarici media nümayəndələri arasında tanıdılmasını və müsbət imicinin formalaşdırılmasını təmin etməkdir.
Klubun qarşıdakı dövrdə daha çox jurnalisti öz sıralarına cəlb etməsi və ölkədə xizək jurnalistikası istiqamətinin inkişafına töhfə verməsi nəzərdə tutulur.
1955-ci ildə yaradılan beynəlxalq jurnalistlərin xizək klubunun hazırda Azərbaycanla birlikdə 33 ölkədən turizm, iqtisadiyyat, idman, sosial məsələlər, siyasət və bir sıra digər mövzulardan yazan 1000-ə yaxın üzvü mövcuddur. Beynəlxalq klub tərəfindən bu günədək dünyanın 74 xizək kurortuna səfərlər təşkil edilib, 23 ölkədə müxtəlif toplantılar keçirilib.