- Baxış sayı: 34
- 26 Noyabr 2024 22:36
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
“Neftçi”nin gənc futbolçusu Fərid Yusifli klubun saytına müsahibə verib. Allsport.az xəbər verir ki, ötən ilin sonlarında əməliyyat olunan 20 yaşlı yarımmüdafiəçi bərpa olunandan sonra start heyətinə düşmək üçün daha çox çalışacağını bildirib.
– Mövsümün gedişində zədələnib bir müddət yaşıl meydanlardan kənarda qalmışdın. Budəfəki zədə əməliyyat olunmağına səbəb oldu. Əməliyyatdan sonra özünü necə hiss edirsən?
– Açığı, zədələnməzdən əvvəl özümü çox yaxşı, formada hiss edirdim. Amma elə oldu ki, zədələndim. Əməliyyat olunmaq seçimlərdən biri idi, lakin həkimlərin məsləhəti ilə əvvəlcə hərəkətlərlə bərpa etməyə çalışdıq. Alınmadı deyə, əməliyyat olundum. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm. Ağrılarım yoxdur. Sadəcə, fərdi məşqlərə başlamaq üçün bir az zamana ehtiyac var.
– Bu mövsüm zədədən əziyyət çəksən də, artıq 14 oyunda meydana çıxmaqla ötənmövsümkü göstəricini yaxşılaşdırmısan. Bu haqda nə deyə bilərsən?
– Bu mövsüm 14 matçda meydana çıxsam da, keçən mövsüm ilk “11-lik”də daha çox yer alırdım. Mənim üçün oyuna start heyətində başlamaq daha önəmlidir. İnşallah, bərpa olunandan sonra start heyətinə düşmək üçün daha çox çalışacağam.
– Səninlə yanaşı, “Neftçi”nin yetirmələrindən İsmayıl Zülfüqarlı da tez-tez heyətdə yer alır. Bundan əlavə, bu mövsüm 4 yetirməmiz – Əlirza Müştəbazadə, Rza Cəfərov, Ağadadaş Salyanski və Ömər Qurbanov da əsas komandada debüt etməyə imkan tapıblar…
– “Neftçi”nin yetirmələrinin əsas komandada debüt etmələri xoş haldır. Çünki “Neftçi” daim nəticə üçün çalışan klubdur. Gənclərə üstünlük verilməyi akademiyada oynayan futbolçulara da motivasiya olur.
– “Neftçi” hazırda təlim-məşq toplanışındadır. Bu müddətdə komandadan uzaqda qalmaq yəqin ki, sənin üçün çox çətin olar…
– Təbii ki, elədir. Komandam hazırda toplanışdadır, mən isə heç fərdi məşqlərə də başlamamışam. Çox çətindir. İnşallah, ən tez zamanda sağalıb komandaya qoşulmağı arzulayıram.
– Necə düşünürsən, Azərbaycan Kubokunda yarımfinala yüksələn “Neftçi” mövsümü titulla başa vura biləcəkmi?
– Kubokda “Zirə” ilə gərgin oyunumuz oldu. Şükür Allaha ki, bu çətin sınaqdan biz qalib ayrıldıq. Hazırda komandamız daha da motivasiyalıdır. Fikrimcə, bu mövsüm Azərbaycan Kuboku bizim olacaq.